Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi tərəfdarları üçün həqiqət anı çatıb
Ermənistan Respublikasının üç vətəndaşı Azərbaycana üz tutdu və Azərbaycanda onların iştirakı ilə Dağlıq Qarabağ tənzimlənməsi, o cümlədən Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu. Aparılan müzakirələrin məntiqi nəticəsi kimi Bakıda “Azərbaycanla Ermənistan arasında Sülh platforması” yaradıldı.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyəti şərh edərkən bildirib:
“Ermənilərin Azərbaycana gəlməsi birinci dəfə deyil, Azərbaycanda sığınacaq tapan ermənilərlə beynəlxalq hüquq normalarına və humanizm prinsiplərinə uyğun qaydada davranılıb. Bəzilərini Ermənistana qaytarıb, bəzilərini xarici ölkələrə göndərə bilib. O cümlədən jurnalist Syuzan Caqinyan Azərbaycanın aparıcı saytlarının birində işlə təmin olunub. Ermənilər Azərbaycanda sərbəst gəzə və işləyə bilir. Ermənilərin Azərbaycana səfəri və Bakıda təşkilat yaratmaları Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prizmasından vacib hadisə olsa da ATƏT-in Minsk Qrupu ölkələrinin diqqətini cəlb etmədi.
Onlar bu məsələyə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə təkan verici addım kimi baxa bilərdilər. Rusiya Xarici İşlər rəsmisinə bu mövzuda verilən suala cavab verməkdən imtina etdi. ABŞ bu ərəfədə BMT və ATƏT-dəki səfirləri vasitəsilə iki Azərbaycan vətəndaşının həbsdən azad olunması məsələsini yada saldı. Buna ABŞ-ın sülh platformasına cavabı kimi baxmaq olar. Fransadan heç bir reaksiya yoxdur. Azərbaycan hakimiyyətinin davranış alqoritmindən müəyyən qədər məlumatı olan adam kimi deyə bilərəm ki, bu məsələlərdən Azərbaycan hökumətinin xəbəri var. Hətta çox böyük ehtimalla Azərbaycan hökuməti beynəlxalq təşkilatları, xarici dövlətləri xüsusilə Avropa qurumlarını bu istiqamətdə məlumatlandırıb.
Nəzərə almaq lazımdır ki, “Sülh platforması” ATƏT-in Hamburq ministerialı ərəfəsində yarandı. Beynəlxalq hüquq normaları tələb edir ki, Ermənistan vətəndaşı Azərbaycana daxil olarkən Azərbaycan müvafiq addımları atsın, müvafiq xəbərdarlıqlar etsin. Avropa qurumlarının, o cümlədən Rusiyanın susması, ATƏT-in Minsk Qrupunun susmasının səbəbini əgər başa düşmək istəyiriksə bu çox eybəcər səbəbdir: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində razılığa gəliblər. Dağlıq Qarabağ tənzimlənməsində dinc yol variantını ortalığa qoymaq elə bu tənzimləməmək deməkdir. Çünki ATƏT konsensusla işləyən qurumdur, Ermənistan isə razılıq verməyəcək və beləliklə də münaqişə tənzimlənməyəcək. Amma indi ermənilər ATƏT-in Minsk Qrupunun, Avropa ictimaiyyətinin, beynəlxalq ictimaiyyətin qabağına fakt qoyublar; Ermənilər Bakıya gəlib və əlavə də ermənilərin gəlişi gözlənilir. Hətta Dağlıq Qarabağ ermənilərinin də Azərbaycana axının yaranacağını gözləmək olar. Ona görə ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Avropa qurumlarının bu məsələyə reaksiya verməməsi onların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində marağının göstəricisidir”.
Politoloq qeyd edib ki, Bakıya gələn ermənilərə münasibətin müxtəlif versiyaları nəzərdən keçirmək olar:
“Ola bilər, Bakıya gələn ermənilər Ermənistan cəmiyyətində lazımı reputasiyaya malik olmayıblar. Avropalılar və digər qurumlar bəhanə kimi bu variantdan istifadə edə bilərlər. O da nəzərə alınmalıdır ki, Ermənistan dövləti bəzən vətəndaşlarını həqiqi mənada insani sifətini itirmək məcburiyyəti qarşısında qoyur. Ona görə, Bakıya gələn erməninin hansınınsa reputasiyası avropalıları qane etmirsə bu o demək deyil ki, həmin şəxslərdə, həmin insanın şəxsiyyətində problem var. Burada daha çox Ermənistan hakimiyyətinin rolunu axtarmaq lazımdır. O da nəzərə alınmalıdır ki, erməniləri biz Bakıya dəvət etməmişik, biz erməni sifariş etməmişik. Ermənilər özləri Azərbaycanı seçiblər. Əgər ATƏT MQ həmsədr ölkələri üçün Ermənistan vətəndaşları bir neçə kastaya, bir neçə sorta bölünürsə bizi bu barədə məlumatlandıra bilərlər və yaxud ATƏT MQ həmsədr ölkələri hansı sort Ermənistan vətəndaşını göndərmək istəyirsə, buyursun. Bu müzakirə mövzusu ola bilər. Bizim üçün o şəxslər yüksək intellektual səviyyəyə malik Ermənistan vətəndaşlarıdır.
Sülh platformasının Azərbaycan tərəfdən tərkibi konstant deyil. Əlavə üzvlər qəbul olunub.Uzun müddət ermənilərlə təmasda olmuş azərbaycanlı ekspertlərin bu struktura cəlb olunması və ya üzv qəbul edilməsi istiqamətində konkret addımlar atılıb.
Azərbaycanın dövlət quruculuğu istiqamətində apardığı siyasət artıq ermənilərin də diqqətini cəlb edir. Bu həm də Azərbaycanın regiona lider rolunun qəbul edilməsi anlamındadır. Eləcə də həm də ermənilər Bakıya gəlməklə Qarabağ klanın faşist nəzəriyyəsinin yaşamaq hüququnun olmadığını sübut etdilər. Bəllidir ki, eks-prezident R.Koçaryan ermənilər və azərbaycanlıların birgə yaşayışının mümkün olmamasının faşist nəzəriyyəsinin müəllifidir və S.Sərkisyan da bunu davam etdirir. Ona görə Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıların dialoquna qadağa qoyub. Ermənilər və azərbaycanlılar isə sübut etdilər ki, bu iki xalq birgə yaşaya bilərlər”.
Mübariz Əhmədoğlunun fikrincə, Ermənistan da bu kontekstdən addımlar ata bilər. Ermənistan vaxtılə oradan qovulmuş azərbaycanlıları dəvət etməklə görəcək ki, azərbaycanlılar Ermənistanın daxilində ermənilərlə birlikdə yaşamaq qabiliyyətinə sahibdirlər:
“Eləcə də Dağlıq Qarabağda dialoq başlana bilər. Bu proseslər Ermənistan hakimiyyətini, Qarabağ klanını qorxudur. Bu həm də Qarabağ klanını, Ermənistan hakimiyyətini dəstəkləyən bəzi dövlətlər üçün gözlənilməz faktor kimi meydana çıxıb.
Azərbaycanın öz siyasəti var, verdiyi vədlərin çoxunu yerinə yetirib. Ən azı proseslər o istiqamətdə gedir. 3-4 il bundan qabaq bir kimsə Ermənistandan erməninin gəlib Bakıda işləməsini təsəvvir edə bilməzdi. Yaxın gələcəkdə ermənilərin kütləvi şəkildə Azərbaycana müraciət etməsi mümkündür. Ermənilər və azərbaycanlılar arasında, o cümlədən Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıları arasında dialoqun qurulması üçün bütün addımlar atılacaq. Təki bu istiqamətdə ermənilərdən təşəbbüs olsun. İlk növbədə Dağlıq Qarabağ ermənilərinin təşəbbüsü arzu olunandır.
Ermənilər başa düşməlidirlər ki, Qarabağ klanının fiziki, siyasi mövcudluğu Dağlıq Qarabağ münaqişəsindən asılıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Qarabağ klanının sonu deməkdir. Ona görə klan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinin əleyhinədir.
Ermənilər başa düşməlidirlər ki, reqionda marağı olan dövlətlər nə dinc yolla, nə müharibə yolu ilə Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinin tərəfdarı deyil. Onlar münaqişənin davam etməsində, region xalqlarının əziyyət çəkməsində maraqlıdırlar.
Ermənilər başa düşməlidirlər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövcudluğu şəraitində özünün inkişaf modelini qura bilib, Ermənistan dövləti isə tənəzzülə uğrayır. Ona görə Ermənistan vətəndaşlarının və Dağlıq Qarabağ ermənilərinin atacaqları addımlar daha çox erməni xalqının, Ermənistan dövlətçiliyinin taleyinə təsir edəcəkdir”.
1news.az