“Reina” terrorundan sonra: geosiyasət və yeni təhlükəsizlik riskləri – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

“Reina” terrorundan sonra: geosiyasət və yeni təhlükəsizlik riskləri – Newtimes.az

15:40 - 16 / 01 / 2017
“Reina” terrorundan sonra: geosiyasət və yeni təhlükəsizlik riskləri – Newtimes.az

İstanbulda yeni il gecəsi baş verən terror hadisəsi müxtəlif səviyyələrdə reaksiya doğurub. Siyasətçilər və ekspertlər bunun ciddi geosiyasi təsirinin olduğunu vurğulayır, o cümlədən Yaxın Şərqdə böyük dövlətlərin nüfuz uğrunda savaşının prinsipcə fərqli səviyyəyə yüksələ biləcəyini təxmin edirlər.

Burada yeni geosiyasi konfiqurasiyaların meydana gəlməsi də istisna edilmir. Rusiya və Türkiyənin Suriya məsələsində ortaq hərəkət etməsi onun ilk əlamətlərindən sayıla bilər. Lakin məsələ bununla məhdudlaşmır. ABŞ, İsrail, Aİ ölkələri və Yaxın Şərqin bir sıra böyük dövlətlərinin fəallığı artırması gözləniləndir. Bunların fonunda Yaxın Şərqin coğrafi sərhədlərinə yaxın olan regionlarda da terror dalğasının meydana gəlməsi ehtimalından bəhs edilir. Onun regional və qlobal təhlükəsizliyə təsiri məsələsi kifayət qədər maraqlı görünür.

İstanbulda partlayış: davamı harada ola bilər?

Türkiyənin İstanbul şəhərindəki "Reina" gecə klubunda baş verən terror hadisəsi faktiki olaraq Yaxın Şərqin geosiyasi mənzərəsinə ciddi təsir edən faktorlardan biri oldu. Siyasətçilər və ekspertlər bunu adi qətliam kimi deyil, müəyyən qüvvələrin düşündükləri geosiyasi planların tərkib hissəsi olaraq qiymətləndirdilər. Həmin prizmadan regionun bütövlükdə geosiyasi dinamikasının hansı fərqli çalarlar kəsb edə biləcəyi maraq doğurur.

Rəsmi Ankara həmin hadisədən sonra da qətiyyətlə bəyan etdi ki, terrora qarşı mübarizəsindən vaz keçməyəcək. Bu, Türkiyəyə qarşı müəyyən planlar quran dairələrə konkret mesaj kimi qəbul olunub. Belə ki, artıq Türkiyənin Yaxın Şərqin əsas söz sahibi olması fakt olaraq tanınmağa başlayıb. Çünki terror aktının miqyasından asılı olmayaraq Ankaranın böyük dövlətlərə xas davranışlar etdiyi qətiləşib. Türkiyənin həmin aspektdə siyasi strategiyasında daxildə, sərhəddə və Yaxın Şərqdə terrora qarşı istənilən yerdə mübarizə aparmaq ana xətti təşkil edir. Bunu reallaşdırmağa da Ankaranın kifayət qədər gücü vardır. Onun konkret təsdiqi Suriya məsələsində özünü göstərdi.

Uzun illərdir ki, dünyanın ən güclü ölkələrinin həll edə bilmədiyi bir məsələni Rusiya və Türkiyə həyata keçirmək üzrədirlər. Onlar Suriya ərazisində atəşkəs mexanizmini işə salıblar. Hazırda müəyyən lokal toqquşmalar nəzərə alınmasa, bu rejimə əməl olunur. Yayılan informasiyalara görə, bəzi qruplaşmaların təxribatlarının qarşısının alınması tam həyata keçirilsə, Suriyada atəşkəs uzunmüddətli ola bilər. BMT-nin də Rusiya və Türkiyənin təşəbbüsünə müsbət reaksiyası öz bəhrəsini verməkdədir. Rəsmi fikirlərə görə, ABŞ bu vəziyyətə ciddi etiraz etmir. Ancaq prosesin tam olaraq gedəcəyi ilə bağlı şübhələri də vardır. Vaşinqton bu məqamla əlaqədar öz mövqeyini Moskva və Ankaraya bəyan edib.

Ekspertlər həmin məsələdə Tehranın necə iştirak edəcəyi ilə bağlı konkret fikir bildirmirlər. Onlar hesab edirlər ki, İran müəyyən dərəcədə Ankaranı qısqana bilər. Lakin böyük miqyasda bunun belə olacağı az gözləniləndir. Çünki Rusiya İranın əldə edilən razılığa əməl etməsində son dərəcə maraqlıdır. Məsələnin geosiyasi konteksti məhz bu məqamla sıx bağlı görünür.

Real vəziyyət belədir ki, Moskva Yaxın Şərqdə geosiyasi təşəbbüsü ələ almağa çalışır. Bu işdə ona ən çox Türkiyə kömək edə bilər. Praktika göstərdi ki, Ankaranın Suriyadakı qruplara təsiri ciddi səviyyədədir. Buna görədir ki, rəsmi Moskva bir neçə dəfə Türkiyəyə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Digər tərəfdən, bunlar Ankara ilə Moskvanın regionun geosiyasi mənzərəsi ilə bağlı bütün aspektlərdə ortaq fikirdə olduğu anlamına gəlmir. Suriya ilə yanaşı, İraq, Qafqazda Gürcüstan və Şərqi Avropada Ukrayna məsələlərində iki ölkə arasında mövqe fərqləri qalmaqdadır.

Xarici işlər naziri Mövlud Çavuşoğlu xarici ölkələrin səfirləri ilə ənənəvi görüşündə bəyan edib ki, Ankara Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Konkret olaraq, Krımı Ukrayna ərazisi hesab edir. Suriyada əsas razılıq ölkənin siyasi gələcəyi ilə bağlıdır. Lakin sonrakı proseslərdə hansı qüvvənin necə iştirakı haqqında ortaq mövqe yoxdur. İraqda kürdlərin siyasi statusu məsələsində də Moskvanın öz mövqeyi vardır. Bunlar onu göstərir ki, Rusiya ilə Türkiyə Yaxın Şərqdə konkret çərçivələrdə əməkdaşlıq edir və onun necə dəyişəcəyi hələlik məlum deyil. Buna baxmayaraq, Türkiyənin də dəstəyi sayəsində Rusiya Yaxın Şərqdə əsas söz sahibi olmaq statusunu təsdiqləmiş olur. Eyni zamanda, iki ölkə arasında müxtəlif sahələrdəki əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bu da Ankara və Moskvanı qane edir.

Yeni əməkdaşlıq formulları və təhlükəsizlik: risklər azalmır

Bütün bunlara görə, Tehranın Türkiyə-Rusiya əlaqələrinin inkişafına mane olacağı ehtimalı azdır. Lakin İran öz marağına uyğun siyasət yeridəcək. Bu da təbiidir. Çünki İran regionun böyük dövlətlərindəndir və daim öz geosiyasi nüfuzunu qorumağı bacarır. Deməli, Yaxın Şərqdə Rusiya, Türkiyə və İranın daxil olduğu potensial geosiyasi əməkdaşlıq konfiqurasiyası yarana bilər. Terror hadisələrinə bu bucaq altında baxsaq, daha maraqlı geosiyasi məqamları görə bilərik.

Bu kontekstdə Qərbin Yaxın Şərq siyasətinin məzmunu daha çox diqqəti cəlb edir. ABŞ-ın yeni rəhbərliyinin xarici siyasətdə dəyişiklik etmək istəyi barədə kifayət qədər informasiyalar yayılıb. Lakin onun konkret məzmunu məlum deyil. O cümlədən Yaxın Şərqdə Amerikanın tutacağı mövqe haqqında fərqli fikirlər səslənir. D.Trampın B.Obamadan daha çox İsraili dəstəkləyəcəyi barədə fikirlər səsləndirilir. O halda Fələstin məsələsinin necə həll ediləcəyi sual kimi qarşıda durur. Məsələnin digər tərəfi İran faktoruna bağlıdır. Təl-Əviv Tehranla Qərbin əməkdaşlığından razı olmadığını açıq bildirir. Bu istiqamətdə İsrail-Qərb münasibətlərindəki qeyri-müəyyənlik qalmaqdadır.

Müsəlman ölkələrinin İsraillə münasibətləri bundan sonra hansı aspektdə inkişaf etdirəcəyi hələ tam aydın deyil. Qüdsdə törədilən terror aktı, ekspertlərin rəyincə, qarşıdurmanın güclənə biləcəyinin siqnalıdır. Sıxışdırılan İŞİD imkan olan yerdə terror olayları törədir. Bunun bütövlükdə regionu xaosa sürükləyə biləcəyi heç də inkar edilmir.

Maraqlıdır ki, Türkiyə bir qədər dolaşıq olan belə situasiyada Avropa İttifaqına daxil olmaq strategiyasını dəyişmədiyini bəyan edib. Rəsmi Ankara Yaxın Şərqdə Aİ ölkələrinin terrora qarşı mübarizədə Türkiyəyə dostcasına yanaşmadıqlarına baxmayaraq, üzvlük strategiyasını dəyişmədiyini bəyan edir. Bunu ekspertlər ciddi mesaj hesab edirlər. Əslində, mütəxəssislər Türkiyənin Avropaya münasibətdə ənənəvi mövqeyində qaldığı, lakin özünün maraqlarını sona qədər müdafiə etmək əzmində olduğunu vurğulayırlar. Bunun fonunda Ankaranın Rusiya, İran və Çinlə əlaqələrini yeni səviyyəyə yüksəldə biləcəyini düşünmək olar.

Yuxarıda vurğuladığımız məqamlar Türkiyənin terrorla mübarizəsində geosiyasi faktorun ciddi yer tutduğunu göstərir. Deməli, məsələ heç də hansısa terror təşkilatının qisas almaq istəyindən ibarət deyil. Bu hadisələrin arxasında böyük geosiyasi və informasiya savaşı dayanır. Siyasi liderlər etiraf edirlər ki, Yaxın Şərqin geosiyasi mənzərəsi yenidən yaradılır. Orada böyük dövlətlər daha çox yer tutmaq uğrunda gərgin mübarizə aparmaqdadırlar.

Bu qənaətin işığında həmin savaşın yaxın regionlara sıçraya biləcəyi ehtimalı necə görünür? Etiraf etmək lazımdır ki, ekspertlər uzun zamandır ki, bu məsələ barədə təhlil aparırlar. Onlar terror dalğasının Qafqaz və Mərkəzi Asiyaya da keçə biləcəyindən ehtiyatlanırlar. Maraqlıdır ki, burada əsas rolu İŞİD-in oynaya biləcəyindən bəhs edirlər. Bu iddia İŞİD-i məhv etməklə bağlı dünyanın böyük dövlətlərinin verdikləri vədlər fonunda xeyli dərəcədə düşündürücü görünür.

Çünki əgər İŞİD-in hətta Yaxın Şərqə yaxın regionlara yayılması ehtimalı varsa, bu o deməkdir ki, həmin təşkilatla mübarizə daha çox sözdədir. Eyni zamanda, İŞİD-in hansı dairələr tərəfindən yaradıldığı və hələ də nəzarətdə saxlandığı ilə bağlı şübhələr daha da şiddətlənir.

Bunlar son zamanlar Türkiyədə baş verən terror hadisələrinin başqa ölkələrə də yayılması ehtimalını təsdiqləyir. Yəni mümkündür ki, Yaxın Şərqdə böyük dövlətlərin geosiyasi mübarizəsi daha da şiddətlənsin və yeni məkanda onun təzahürləri özünü göstərsin. O halda regional münaqişələrin həlli məsələsinin də təxirə salına biləcəyi ehtimalı meydana çıxır. Bu ssenari qlobal təhlükəsizliyi təhdid edən amillərin meydana gəlməsinə aparıb çıxarar.

Newtimes.az

 

Paylaş:
560

Son xəbərlər

Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40
Bütün xəbərlər