Azərbaycan sabitliyini və təhlükəsizliyini tam təmin edə bilib – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan sabitliyini və təhlükəsizliyini tam təmin edə bilib – TƏHLİL

15:12 - 23 / 01 / 2017
Azərbaycan sabitliyini və təhlükəsizliyini tam təmin edə bilib – TƏHLİL

Yola saldığımız 2016-cı il tarixə ən gərgin illərdən biri kimi yazılacaq. Bir çox münaqişlərin, qarşıdurmaların, böhranların yaşandığı ildə əvvəlki illərdə olduğu kimi ən çox ziyan çəkən Yaxın Şərq ölkələri oldu. Artıq uzun müddətdir ki, regionda davam edən vətəndaş müharibəsi, terrorçu qruplaşmaların azğınlığı nəticəsində on minlərlə insan həlak oldu, sağ qalanların isə bir çoxu nicat tapmaq üçün qonşu ölkələrə, xüsusən də Avropaya üz tutdu.

Görünən odur ki, yenicə qədəm qoyduğumuz 2017-ci il də heç də asan keçməyəcək. Yaxın Şərqdəki münaqişələrin həlli ilə bağlı ciddi addımların atılmaması, əksinə, Yəməndəki münaqişə ocağının yenidən alovlanması, dünyada iqtisadi böhranın davam etməsi, eləcə də ekspertlərin bədbin proqnozlar səsləndirməsi də bunu deməyə əsas verir.

Bütün bunların fonunda Azərbaycanda sabitliyin və təhlükəsizliyin təmin olunması gələcəyə daha nikbin baxmağa əsas verir.

Prezident İlham Əliyevin bu il yanvarın 10-da keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi kimi bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir:

“Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin edilmişdir, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşamışdır və yaşayır. Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Bu gün ölkəmiz dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil”.

Prezident İlham Əliyev bildirib ki, dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir:

“Biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”- deyə, dövlət başçısı vurğulayıb.

Ölkə prezidentinin Nazirlər Kabinetinin iclasında söylədiklərinə münasibət bildirən millət vəkili Asim Mollazadə qeyd edib ki, Azərbaycanda əsrlər boyu tolerantlıq və multikulturalizm mədəniyyəti formalaşıb. Bu gün ölkədə müxtəlif dinlərin, millətlərin birgə əməkdaşlıq şəraitində yaşamaq imkanları var. Bununla yanaşı sabitliyin digər amili də Azərbaycanın hüquq-mühafizə orqanlarının peşəkar işi ilə bağlıdır. Onlar hər zaman ölkəyə hansısa təhlükəli qüvvələrin ixracının qarşısını alıblar:

“Eyni zamanda hər kəsə yaxşı məlumdur ki, terror insanlara qarşı olan təhlükədir və erməni terrorunun qurbanları dəfələrlə Azərbaycanda olublar. Bu da bizim bu məsələyə hər zaman həssas yanaşmağımızın səbəblərindən biridir. Azərbaycan çalışır ki, heç bir çirkli əllər bizim ölkəmizə uzanmasın”.

Millət vəkili ölkəmizin sabitliyi üçün ən böyük təhlükənin Dağlıq Qarabağ münaqişəsi olduğunu xatırladaraq erməni terrorunun cilovlanması üçün daha ciddi addımların atılmasının zəruriliyini vurğulayıb:

“Azərbaycanın, o cümlədən regionun inkişafı və sabitliyi üçün ən böyük təhlükə erməni terrorundan gələn təhlükələrdir. Beynəlxalq ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılmalı və beynəlxalq təşkilatların imkanlarından istifadə edilməlidir ki, Ermənistanı və onun sahiblərini cilovlamaq mümkün olsun”.

Millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, dövlətçiliyimizin əsas məqsədi vətəndaşlarımızın təhlükəsizliyi və stabil cəmiyyətin olmasıdır:

“Bu gün dünya ölkələrinin qarşılarına qoyduğu əsas vəzifə təhlükəsizliyini təmin etmək və sabitliyə nail olmaqdır. XXI əsrdə bu iki faktorun necə vacib məsələ olduğunu dünyanın müxtəlif bölgələrində baş verən hadisələr də təsdiq edir. Əgər vaxtilə terror, böyük sosial gərginlik, vətəndaş müharibəsi təhlükəsi və separatizm ancaq Asiya və Afrika ölkələrində baş verirdisə, artıq Avropanın, Amerikanın, dünyanın inkişaf etmiş ölkələrinin də real həyatının bir hissəsinə çevrilib. Azərbaycanda 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil dövlətçiliyin möhkəm bazası qoyulub. İlk növbədə dövlətçiliyimizin əsas məqsədi kimi vətəndaşlarımızın təhlükəsizliyi və stabil cəmiyyətin olması götürüldü. Bunun üçün hüquqi demokratik dövlətin qurulması, Konstitusiyada vətəndaş hüquqlarının bütün aspektlərdə təsdiq edilməsi və vətəndaşların hüquqlarının qorunması üçün real addımlar atıldı. Eyni zamanda Azərbaycanın  beynəlxalq aləmdə nüfuzunun artırılması üçün bir çox ciddi işlər aparıldı”.

Millət vəkili bildirib ki, bu gün Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdür, ölkədə qeyri-neft sektorunun inkişafına ciddi fikir verilir, əldə edilən gəlirin insanların həyat şəraitinin yaxşılaşdırılması, kommunikasiyaların yenilənməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması üçün addımların atılması əsas götürülür. Bütün bunlar demokratik hüquqi dövlət anlamından irəli gələrək stabilliyin və təhlükəsizliyin təmin edilməsi ilə baş verir. Stabilliyin olması, inkişafın və təhlükəsizliyin təmin edilməsi Azərbaycanın bir dövlət kimi müstəqilliyini qoruması, beynəlxalq aləmdə nüfuz qazanmasına gətirib çıxarır.

Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Mirzəzadə bildirib ki, beynəlxalq aləmdə müəyyən dairələrin Ermənistanın işğalçılıq siyasətini müdafiə etməsi münaqişənin həll olunmasına imka  vermir:

“Dağlıq Qarabağ münaqişəsinin həlli təəssüf ki, bir çox məqamlarda Azərbaycandan asılı olmayan məsələdir. Əgər bu Azərbaycanla Ermənistan arasında olan məsələ olsaydı və hər iki dövlətdən asılı olsaydı Azərbaycan çoxdan bunu həll edərdi. Ancaq beynəlxalq aləmdə müəyyən dairələrin Ermənistanın işğalçılıq siyasətini müdafiə etməsi və yaxud da buna hər hansı bir reaksiya verməməsi ümumi nəticədə Ermənistanın Azərbaycanın suverenliyini tanımamasına gətirib çıxarır. Ancaq Azərbaycan bir tərəfdən beynəlxalq aləmdə öz hüququ uğrunda mübarizə aparır, digər tərəfdən isə özünün daxili resurslarına söykənərək problemin həlli üçün bütün variantları nəzərdən keçirir. Bunlardan biri də Silahlı Qüvvələrimizin formalaşdırılmasıdır.

Bu gün Azərbaycanın Silahlı Qüvvələri ən müasir silahlarla təchiz edilir, Ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır və Ermənistan bunu ciddi şəkildə başa düşür. Keçən il aprelin 2-də baş verən qarşıdurmanın nəticələri demək olar ki, problemi durğun nöqtədən tərpətdi. Ermənistan heç vaxt Azərbaycanın işğal faktoru ilə razılaşmayacağı ilə üz-üzə gəldi və bundan ciddi şəkildə narahat oldu. Problemin həlli üçün Azərbaycan həm diplomatik kanallarla fəaliyyət göstərir, eyni zamanda ordusunu gücləndurməklə Ermənistanın təxribatlarına hər an cavab verməyə hazırdır”.

A.Mirzəzadə keçən il sentyabr ayında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilmiş referenduma da toxunub.

Dövlət başçısının “Azərbaycan xalqı ötən il keçirilmiş referendumda bir daha öz iradəsini ifadə etdi, bizim siyasətimizə öz böyük dəstəyini verdi, bir daha göstərdi ki, apardığımız siyasət xalq tərəfindən dəstəklənir” deməsinə münasibət bildirən millət vəkili qeyd edib ki, Azərbaycanda artıq otutuşmuş dövlətçilik, çox ciddi və diqqət çəkən müsbət seçki təcrübəsi var:

“Konstitusiyaya edilən dəyişikliklər Azərbaycan vətəndaşlarının hüquqlarını daha yüksək səviyyədə qorumaq, Azərbaycanın təhlükəsizliyini təmin etmək, ölkəmizin inkişafına yeni bir stimul vermək məqsədilə keçirildi və seçicilərin böyük əksəriyyəti tərəfindən müsbət qarşılandı. Beynəlxalq təşkilatların nümayəndələri də referendum zamanı onun Azərbaycan Konstitusiyasına və qanunlarına, beynəlxalq hüquq normalarına uyğun keçirildiyini bəyan etdilər. Hesab edirəm ki, Azərbaycan dünyaya müstəqil, demokratik dövlət quruculuğuna dair çox maraqlı bir təcrübə ortaya qoya bildi”.

Babək Cahandarov

Paylaş:
737

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər