“Brexit”in Qərb siyasətinə təsiri: üç mövqenin əsas cəhətləri – Newtimes.az
Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi barədə qərarını Qərb analitikləri intensiv surətdə analiz edirlər. Son aylarda ABŞ və Avropanın "beyin mərkəzləri"nin əməkdaşları bu məsələyə ciddi önəm veriblər. Onlar müxtəlif aspektlərdə problemi təhlil edir və müvafiq proqnozlar verirlər.
Biz onların sırasından maraqlı hesab etdiyimiz üç mövqeni seçib, təhlil etməyə çalışmışıq. Hətta qısa analizlər belə göstərir ki, "Brexit" sözün həqiqi mənasında Qərb siyasi mühitini qarışdırıb. Analitiklər Avropa siyasi şüurunun bir çox özəlliklərini önə çıxarırlar. Məlum olur ki, "Brexit" dərin siyasi-ideoloji və geosiyasi proseslərin birbaşa nəticəsi imiş. Bu prosesdə bütövlükdə Avropa siyasətinin qüsurları öz ifadəsini tapıb. "Brexit"ə bu prizmadan nəzər salmış olsaq, onda kifayət qədər maraqlı və düşündürücü məqamları görə bilərik.
"Anti-siyasətin yüksəlişi və populizm": "Brexit"ə daxildən baxış
Qərb ekspert-analitik mərkəzləri "Brexit"in Avropa İttifaqının (Aİ) siyasi gələcəyinə mümkün təsirlərini təhlil etməkdədirlər. Bu istiqamətdə tədqiqatlar nəinki səngimir, hətta yeni dinamika alır. Mütəxəssislər bu olayın ümumilikdə Avropa üçün nə kimi yeni geosiyasi, hərbi və iqtisadi faktorları önə çəkəcəyi barədə proqnozlarını verirlər. Bu mövzuda "beyin mərkəzləri"nin son dövrlərdə apardıqları analizlərə təhlili yanaşdıqda, "Brexit"lə bağlı maraq doğuran geosiyasi özəllikləri görmək olar.
Onların sırasından üç maraqlı mövqeni vurğulamaq olar. Birincisinə görə, "Brexit" özlüyündə siyasi fakt olaraq "populizmin və anti-siyasətin yüksəlişinin klassik nümunəsidir" (bax: məs., Ben Wellings, Annmarie Elijah, Emma Vines. Why De Gaulle would applaud Brexit / Australian Institute of International Affairs, 30 iyun 2016). Burada Böyük Britaniya ictimaiyyətinin Aİ-nin sıralarını tərk etmək qərarının sıx bağlı olduğu uzun illər həyata keçirilən siyasətin səmərəsizliyinin dərin köklərinin mövcudluğu ifadə edilib. Bir sözlə, həmin qərar bu günün hadisəsi deyil. Avropa siyasəti məzmunca getdikcə daha populist olur, əhalinin başlıca tələblərini yerinə yetirə bilmir. Siyasi təsisatlar insanların əhval-ruhiyyəsini tuta bilmir.
Müəlliflərin fikrincə, məsələnin mühüm aspekti ikipartiyalı sistemin zamanın şərtlərinə uyğun siyasi mübarizə aparmaq potensialının azalmasından ibarətdir. Faktiki surətdə ikipartiyalı sistem peşəkar səviyyədə bu mənfi tendensiyanın qarşısını ala bilən mövqe nümayiş etdirmir. Əgər İngiltərə siyasi isteblişmenti və parlamenti reallığa uyğun kurs həyata keçirsəydi, "Brexit"ə ehtiyac qalmazdı. Bu mənada "Brexit"in səbəbi yaranmış situasiyadan dərin narazılığı ifadə edir. Söhbət britaniyalıların siyasi ehtiyaclarının peşəkar səviyyədə ödənilməməsindən gedir.
Məsələnin başqa tərəfi Brüsselin siyasi fəaliyyətinin yetərincə səmərəli olmamasına və müasir tələblərə uyğun gəlməməsinə bağlıdır. Aİ daxilində sosial-psixoloji əhval-ruhiyyənin nəbzini uzun müddət düzgün hiss edə bilməyiblər. Belə çıxır ki, "Brexit", əslində, Qərb siyasətinin zəif aspektlərini üzə çıxarıb. Bu cür vəziyyət müəyyən mənada təşkilat daxilində siyasi-ideoloji qeyri-müəyyənliyin varlığını təsdiqləməkdədir.
Onda reallıqda proseslərin "Brexit"lə bitmədiyi, əksinə, daha vacib hadisələrin başladığını demək olar. Avstraliyalı müəlliflərin mövqelərinin ən maraqlı aspekti bundan ibarətdir. Çünki əgər başqa dövlətlər həm Böyük Britaniya, həm də Aİ ilə münasibətləri bu məqamı diqqətə alaraq quracaqlarsa, həqiqi mənada geosiyasi mühitdə əhəmiyyətli dəyişikliklər baş verə bilər.
Geriyə dönüş: Qordonun tərs sualı
Maraq doğuran ikinci mövqe "Council on Foreign Relations" (Beynəlxalq Münasibətlər Şurası) adlı tədqiqat təşkilatının eksperti Filip Qordon tərəfindən ifadə olunub. O, "Brexit"i fərqli müstəvidən təhlil edir. F.Qordon "Britaniya Aİ-də necə qalacaq?" sualını qoyur (bax: Philip Gordon. How Britain Stays in the EU / "Politico Magazine", 30 iyun 2016).
Müəllif hesab edir ki, səsvermənin nəticəsi hələlik "Brexit"in dönməz proses olması demək deyil. Britaniya cəmiyyəti müəyyən məqamda mövqeyini dəyişə bilər. Bu, ölkənin Aİ-dən çıxması ilə bağlı iki il müddətində aparılacaq danışıqlar zamanı aydın ola bilər. Mümkündür ki, britaniyalılar təşkilatdan çıxmaqla hansı problemlərlə üzləşəcəklərini anladıqdan sonra Devid Kemeronun 2016-cı ilin fevralında qoyduğu şərtlər daxilində Avropa İttifaqında qalmağa üstünlük versinlər. Məhz onda ingilislər "həqiqi mənada "Brexit" nə deməkdir?" sualına cavab verə bilərlər (bax: əvvəlki mənbəyə).
F.Qordona görə, bu səbəbdən "Brexit" "qeyri-müəyyənliklər içində batır" (bax: əvvəlki mənbəyə). O, süründürməçi xarakter alıb, uzun müddət davam etsə, yuxarıda qaldırılmış "Britaniya Aİ-də necə qalacaq?" sualı mütləq meydana çıxarılacaq. Buna Brüsselin hansı reaksiya verəcəyini demək çətindir. Lakin "Brexit"in bu cür qiymətləndirilməsi Avropa siyasi şüurunda onunla bağlı fikirlərin dəyişməkdə olduğunu göstərir.
Maraqlıdır ki, F.Qordon hər bir halda Britaniyanın təşkilatdan çıxmasının süründürməçi və uzunmüddətli proses olacağını düşünür. Burada Fransa, Almaniya və Amerikada hakimiyyətə kimlərin gələcəyinin də təsiri olacaq (bax: əvvəlki mənbəyə).
Güclü faktorlardan biri Britaniyanın yeni şərtlər daxilində Avropa bazarına müdaxiləsi ilə əlaqəlidir. Brüssel London üçün güzəştli şərait yaratmağa elə də maraq göstərmir. Lakin İngiltərə Avropa bazarlarına lazımi səviyyədə daxil ola bilməsə, onun iqtisadi və geosiyasi statusu haqqında birmənalı fikir bildirmək çətin olacaq. Konkret deyilsə, britaniyalıların ümid etdikləri daha yüksək geosiyasi mövqeyə nail olma istəyi qarşısında ciddi əngəllər çıxacaq. Həmin kontekstdə F.Qordon Şotlandiyanın da tutacağı mövqeyə əhəmiyyət verir.
Bunlardan belə nəticə çıxarmaq olar ki, bir sıra Qərb mütəxəssisləri "Brexit"in bütövlükdə Avropa siyasətini qeyri-müəyyənliklərin və risklərin kəsişdiyi bir nöqtəyə apara biləcəyi qənaətindədirlər. Bu, təşkilatın taleyində həlledici seçim anı ola bilər. O cümlədən London yenidən Aİ üzvlüyünə can atar. Heç şübhəsiz, bu variantda Avropa İttifaqının siyasi cəlbediciliyinin artmasına inam ifadə olunmaqdadır.
Bunun reallığa çevrilməsi isə ekspertin vurğuladığı kimi, Britaniya və Aİ-nin xarici siyasətinin kəsişə biləcəyi nöqtədən və strateji seçimdən asılı olacaq. Bu da kifayət qədər mürəkkəb şəraitdə qərar qəbul etmək anlamına gəlir. Bizim diqqət yetirmək istədiyimiz üçüncü mövqe də bu kontekstdə əhəmiyyətli məqamları üzə çıxarır.
Silah ixracatı: "Brexit" Aİ-nin mövqeyini zəiflədirmi?
Üçüncü mövqe Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun silahlara nəzarət proqramının həmdirektoru Mark Bromley tərəfindən irəli sürülüb. O, "Brexit"in Avropa siyasi-hərbi strukturuna silahlara nəzarət və onların ticarəti qaydaları müstəvisində nəzər salır (bax: Mark Bromley. Brexit and export controls: Entering uncharted waters / Stockholm International Peace Research Institute (SIPRI), 1 iyul 2016). Ekspertin fikrincə, Britaniyanın Aİ-ni tərk etməsi beynəlxalq miqyasda silah ixracatına nəzarəti zəiflədəcək. Bu baxımdan Aİ-nin BMT Təhlükəsizlik Şurasında yalnız bir təmsilçisinin (Fransanın) qalması problemin həllinə mənfi təsir göstərəcək. Çünki bütün məsələlərdə olduğu kimi, silah ixracatı kimi vacib məsələdə də BMT TŞ-də Aİ-nin mövqeyini müdafiə etmək çətinləşəcək.
Burada müəllifin üstündən sükutla keçdiyi bir məqam gözə çarpır. Məsələ ondan ibarətdir ki, BMT TŞ-də daimi üzvlər fəaliyyətlərində ədalət və balanslılıq prinsipinə deyil, öz korporativ maraqlarını müdafiə etməyə üstünlük verirlər. Bu halda da qərbli ekspertləri, ümumiyyətlə, silahsızlaşma deyil, Aİ-nin beynəlxalq aləmdə mövqeyinin zəifləməsi ehtimalı narahat edir.
Aİ ölkələrinin silahların ixracatına nəzarəti məsələsi də bu aspektdə nəzərdən keçirilir. O cümlədən Britaniyanın Səudiyyə Ərəbistanına silah satmasına Avropa İttifaqının nəzarət edə bilməməsi daha mürəkkəb vəziyyət yarada bilər. M.Bromley hesab edir ki, Ər-Riyadın yeni təkmil silahlar əldə etməsi Yaxın Şərqdə qüvvələr balansını poza bilər ki, bu da ümumən Qərbin geosiyasi maraqlarına uyğun deyil.
Bunların yekunu olaraq, Aİ-nin silah ixracatına vahid nəzarət sistemi yarada bilməsinə böyük şübhələrlə yanaşılır. Britaniya da öz maraqlarına uyğun hərəkət edərək Brüsselə hansısa hesabat vermək fikrinə düşməyəcək. Londonun bu nümunəsi təşkilatın digər üzvlərini də cəsarətləndirə bilər. Həmin prosesi çox təhlükəli hesab edən ekspert onun bütövlükdə Qərb geosiyasi mühitinə mənfi təsir göstərəcəyini proqnozlaşdırır. Vəziyyət elə həddə çata bilər ki, Aİ-nin özündə təhlükəsizliyin təminində xaotik durum yaranar. Xüsusilə Yaxın Şərq ölkələrinin sürətli silahlandırılması bumeranq effekti verər.
Beləliklə, "Brexit"in bütövlükdə Qərbin geosiyasi vəziyyətinə mümkün təsirləri hələ də analitiklərin maraq dairəsindədir. Son dövrlərdə ekspertlərin apardıqları təhlillər göstərir ki, həmin məsələ ilə bağlı mövqelər fərqlidir. Lakin bədbin tonda fikirlər üstünlük təşkil edir. Əksər mütəxəssislər "Brexit"in Aİ-yə böyük zərər yetirəcəyini, ümumən geosiyasi və hərbi proseslərə Qərb tərəfindən nəzarətin zəifləyəcəyini proqnozlaşdırırlar. Lakin o da maraqlıdır ki, bütün bunların səbəbini ekspertlər daha çox Aİ-nin daxilində gedən siyasi-ideoloji proseslərdə görürlər.
Newtimes.az