ABŞ proteksionizmlə Çinə qalib gələ bilərmi?
Dünyada baş verən qeyri-stabil iqtisadi və siyasi proseslər fonunda ən çox cavaba ehtiyacı olan suallardan biri də dünyanın iki böyük iqtisadiyyatının gələcək iqtisadi münasibətləridir. Bu suala cavab verilməsi yalnız həmin dövlətlərin öz iqtisadiyyatlarının deyil, eyni zamanda dünya iqtisadiyyatının gələcək perspektivlərinin müəyyənləşdilirilməsi baxımından əhəmiyyətlidir.
ABŞ-ın yeni prezidenti Donald Trampın seçki kompaniyasında ən çox tənqid etdiyi məsələlərdən biri məhz Çinin ucuz istehsal qiymətləri vasitəsilə bu ölkənin istehsal sənayesini özünə cəlb etməsi və bunun nəticəsində istehsal sahəsində çalışan işçilərin işsiz qalmaları idi. Çinin ABŞ-a qarşı həyata keçirdiyi bu ədalətsiz rəqabətin qarşısını almaq üçün Tramp Çindən idxal olunan məhsullar üzərində gömrük haqqlarının 45%-ə qədər qaldırılması və Amerikanın Trans Pasifik Tərəfdaşlığını tərk etməsi kimi addımlar atacağını bəyan etmişdi.
Hələ 2001-ci ildə Çin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul edilərkən Amerikanın sabiq prezidenti Bill Klinton bununla bağlı çıxışında qeyd etmişdi ki, Çin bazarı Amerika ixracı çün böyük bazardır. Eyni zamanda Vaşinqton düşünürdü ki, Çinin ÜTT-yə qəbul edilməsi onun demokratik bir dövlətə çevirəcəkdir. Lakin, 25 ildən sonra bü gün tam əksinə Çin istehsalı üçün ABŞ daha çox məhsullarının idxal edildiyi bazara çevrilib hansı ki, ölkənin ticarət kəsrinin kəskin artmasına səbəb olmuşdur. Çində istehsal prosesi əmək qüvvəsinə zor tətbiq edilməsi, ekologiyanın korlanması və digər ədalətsiz rəqabət üsullarının tətbiq edilməsi şəraitində baş verir. Yəni ABŞ-ın Çinlə əməkdaşlığı ilk mərhələdə müəyyən olunduğu kimi inkişaf etməmişdir və Çin Amerikanın iqtisadi arenada ən güclü rəqibinə çevrilərək onun iqtisadiyyatına mənfi təsir etməyə başlamışdır.
Amerikanın Çinə öz iqtisadiyyatına zərər vermək imkanı yaratması isə onun iqtisadiyyatının əsasını təşkil edən böyük korporasiyaların maraqlarına xidmət etməsi olmuşdur. Çin bazarının bu korparasiyalar üçün açılması onların istehsal xərclərini azaltmasına və bununla da daha rəqabətə davamlı məhsullar istehsal edərək öz gəlirlərini kəskin şəkildə artırmağa imkan yaratmışdır. Böyük korparasiyaların inkişaf etməsi nəticəsində Amerika iqtisadiyyatı sürətlə inkişaf etsə də əldə olunan gəlirlər əsasən bu korparasiyaların səhmdarlarının və rəhbərlərinin cibinə axmışdır. Nəticə etibarilə kasıb əhali nə istehsal prosesində, nə də gəlirlərin bölgüsündə demək olar ki, iştirak etməmişdir. Bu isə öz növbəsində sosial qeyri-bərabərliyin kəskin şəkildə artmasına yol açaraq iqtisadi geriləmələr şəraitində ölkənin siyasi sistemini sosial narazılıqlara açıq etmişdir. Yəni, ABŞ-da süni yüksək həyat səviyyəsi yaradılmışdır.
Çinlə iqtisadi əlaqələrin ABŞ iqtisadiyyatına mənfi təsir etməsinə dövlət borclanmalarının da rolu böyükdür. Kaliforniya Univerisitetinin mütəxəssisi Qordon Hanson qeyd edir ki, Çin ÜTT-yə qoşulduqdan sonra iki ölkə arasında ticarət defisitinin artması daha çox Çinin Amerka dövlət qiymətli kağızlarını əldə etməsi nəticəsində olmuşdur. Yəni, bu ticarət əlaqələrində Çin daha çox pul vəsaitlərini yığan tərəf kimi, Amerika isə daha çox istehlak edən rolunda çıxış etmişdir. Çin Amerikanın xarici dövlət borcunun 29%-ə sahibdir (1.115 trilyon ABŞ dolları) hansı ki, hətta ABŞ hökumətinin ev təsərrüfatlarına olan borcundan daha çoxdur. Buna görə də Tramp tərəfindən irəli sürülən vergilərin azaldılması və infrastruktur xərclərinin artırılması kimi fikirlər dövlət borcunu artırmaqla bu problemin daha da kəskinləşməsinə səbəb ola bilər.
Lakin onu da qeyd etmək lazımdır ki, Çindən ucuz məhsulların ölkəyə daxil olmasından ən çox qazanan məhz kasıb kütlədir. Buna görə də Çindən idxal olunan məhsulları üzərində tarifləri qaldırmaqla qiymət artımı baş verəcək ki, bu qiymət artımının əsas yükü yenə də kasıb təbəqənin üzərinə düşəcək (Qrafik 1). İdxal məhsulları üzərində tariflərin qaldırılması bütün məhsullar üzərində eyni paylanmır və tariflərin qaldırılması ilə artan yük spesifik məhsullar və bu məhsullardan istifadə edən əhali üzərinə düşür. Milli Amerika Siyasəti Fondunun (National Foundation of American Policy) tarif artımı ilə bağlı apardığı araşdırmalardan məlum olmuşdur ki, Trampın Çin və Yaponiya məhsullarının idxalına 45% və Meksika məhsullarının idxalına 35% tarif tətbiq etməsi əhalinin ən aşağı gəlirli 10%-nin gəlirlərinin 5 il ərizndə 18% azalması deməkdir.
Tramp adminiastrasiyasının Çinə qarşı həyata keçirmək istədiyi proteksionist siyasətinin arxasında əsasən istehsal sahəsindəki iş yerlərinin Amerikaya qaytarılması fikri dayansa da bu yalnız qısa müddətli dövrdə müsbət nəticələrə gətirib çıxara bilər. Adətən istehsal müəsisələri başqa ölkələrə köçdükdən sonra daha az sayda geri qayıdır. Lovrens Edvard və Robert Lovrens tərəfində aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 1998-ci illə müqayisədə 2010-cu ildə Amerikada istehsal məhsulları ticarəti üzrə defisit 2.5 dəfə artsa da, bu müddət ərzində istehsal sahələrində itirilmiş iş yerlərinin sayı 2.5 milyondan 2.7 milyona qədər artmışdır. Bu onu göstərir ki, tariflərin artırılması iş yerlərinin Amerikaya deyil digər aşağı istehsal xərclərinə malik olan inkişaf etməkdə olan dövlətlərə köçməsinə səbəb olacaqdır. Nümunə üçün deyə bilərik ki, artıq bir çox şirkətlər Hindistan bazarına daxil olmaq və istehsal həcmini artırmaq niyyətindədirlər. Belə ki, dünyanın ən böyük smartfon istehsalçısı olan və eyni zamanda Apple smartfonlarının Çində quraşdırılmasını həyata keçirən Fokskon (Foxconn) şirkəti 2020-ci ilə qədər Hindistanda 10-12 yeni zavodun açılmasını planlaşdırır. Zamanla Çində istehsal xərclərinin artması şəraitində şirkətlərin digər ucuz istehsal xərclərinə malik olan ölkələrə köçməsi prosesi ABŞ hökumətinin Çindən idxal üçün tarifləri artırması şəraitində daha da sürətlənəcəkdir.
Çindən idxalın bahalaşdırılmasının bir sıra digər mənfi tərəfləri də vardır. Belə ki, Çində quraşdırılan ABŞ məhsullarının əsas hissələri elə ABŞ-ın özündə isthesal olunur. Tariflərin qaldırılması həmin məhsulların satışının azalmasına səbəb olmaqla məhsulların hissələrinin istehsalı ilə məşğul olan yerli şirkətlərin gəlirliyini də aşağı salacaqdır. San-Fransisko Federal Rezerv Bankı tərəfindən aparılan araşdırmada göstərilir ki, hər bir Amerikalının Çində istehsal edilən məhsul alışı üçün xərclədiyi hər dolların 55 senti həmin məhsulu nəql edən, satan və reklam edən amerikalı işçinin payına düşür. Buna görə də Çinə qarşı yüksək tariflərin tətbiqi Amerika iqtisadiyyatına birbaşa və əsaslı mənfi təsir etmək gücünə malikdir.
Bu məsələdə digər maraqlı məqam isə tariflərin artırılmasına qarşı Çinin verəcəyi cavabdır. 2009-cu ildə Amerika hökuməti Çindən avtomobil təkərlərinin idxalı üçün tarifləri qaldırmaqla Peterson İnsitutunun hesablamalarına görə 1,200 iş yerini qorumağa nail olsa da, bu istehlakçıların qorunmuş hər iş yeri üçün 2011-ci ildə təxminən 900,000 dollar itirməsinə və 2,500 işçinin işsiz qalmasına səbəb olmuşdur.Bununla yanaşı Çin hökuməti bu addıma cavab olaraq Amerikadan toyuq idxalını dayandırmışdır, hansı ki toyuq satışı ilə məşğul olan şirkətlərin 1 milyard dollar itirməsinə səbəb olmuşdur. İndiki halda da Çinin eyni formada cavab verəcəyini proqnozlaşdırmaq olar. Bu dəfə isə Çin Boinq korporasiyasını və Amerikanın orta-qərb (Midwest) ştatlarından kənd təsərrüfatı məhsullarının idxalını hədəf ala bilər. Bu isə həmin sahələrdəki səhmdarlara mənfi təsir edərək ticarət defisitinin artmasına səbəb olacaqdır. Çin hökuməti artıq 292 Boinq təyyarəsinin üçün sifariş vermişdir və 2016-2017-ci il mövsümündə Amerikadan 30 milyon ton soya idxal etmək fikrindədir. Eyni zamanda Çin hökuməti General Motors kimi satışlarını əsasən Çin bazarında həyata keçirən şirkətlərə qarşı daha sərt qaydalar tətbiq etməklə onları sıxışdırmağa cəhd edəcəkdir. Bunlarla yanaşı bir çox mütəxəssislər Çinin geni dəyişdirilmiş və texniki ərzaq məhsullarının tibbi baxımdan təhlükəsiziyi kimi qeyri-formal ticarət baryerlərindən istifadə edə biləcəyini də istisna etmirlər.
XXI əsrin əvvəlindən etibarən ABŞ-Çin iqtisadi münasibətlərinin sürətli inkişafı iki ölkə arasında dərin iqtisadi inteqrasiyasının formalaşmasına səbəb olmuşdur. Belə dərin inteqrasiyanın mövcudluğu Trampın Çinə qarşı daxili bazarın qorunması məqsədilə həyata keçirmək istədiyi sərt tədbirlərin səmərəliliyini azaldır. İstər Çinin eyni formada cavab vermək imkanlarının geniş olması, istər Çindən idxal edilən məhsulların istehlakçılarının əsasən kasıb əhali olması, istərsə də Amerikanın Çinə olan dövlət borcunun böyük olması Çinə qarşı daha təmkinli və dolayı təsir vasitələrindən istifadə edilməsini tələb edir. Buna görə də Tramp administrasiyası Çinə qarşı bu tələblər çərçivəsində mübarizə aparmadıqca onların uğur qazanacağını demək çətindir.
Orxan Bağırov
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Məsləhətçi ekspert