Mübariz Əhmədoğlu: “Qazprom”un Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirməsinin günahı Gürcüstandadır
“Qazprom”la Gürcüstan hökuməti arasında Ermənistana nəql olunan qaz müqaviləsinin şərtləri Gürcüstanda ciddi narazılıq yaradıb.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib:
“Qazprom” Gürcüstan hökuməti arasında Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirə bildi. Müqaviləni Gürcüstan tərəfindən imzalayan baş nazirin müavini K.Kaladze tranzit müqaviləsinin şərtlərini açıqlamır. Bunu müqavilədə həmin məsələnin iki ölkəyə aid sirr olması ilə əlaqələndirir. Qaz müqaviləsinin şərtlərini Gürcüstan hökuməti müzakirə edərək təsdiqlədi. Müqavilənin şərtləri Gürcüstanda ciddi narazılıq yaradıb. Müxalifətin bütün qrupları imzalanmış müqaviləni Gürcüstan hökumətinin kaputilyasiyası adlandırır”.
Prezident Q.Marqvelaşvilinin də bu müqavilənin tənqidçiləri sırasında olduğunu deyən politoloqun sözlərinə görə, hökumətin bəzi üzvləri də narazılıqlarını açıq şəkildə bildiriblər:
“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Q.Qaxariya “Qazprom”la müqavilədə Gürcüstanın uduzduğunu bildirdi. Həm Qaxariya, həm də müxalifət Azərbaycana daha çox istinad edilməsinin zəruriliyini vurğuladılar. Rəsmi Tbilisi Azərbaycanın Gürcüstanı lazımi miqdarda qazla təmin edə bilməməsindən ehtiyatlanır. SOCAR-ın (ARDNŞ) həm Azərbaycan, həm də Gürcüstandakı fəaliyyətində nöqsanların olması sirr deyil. Amma Gürcüstanın indiki halda “Qazprom”la imzaladığı müqavilə SOCAR-la (ARDNŞ) əlaqəsi olmayan məsələdir.
“Qazprom”un Gürcüstana qarşı istifadə etdiyi şantaj sxemi belədir: Ya mən dediyim şərtlərlə mənim qazımı Ermənistana nəql edirsən, ya da sənin ərazindən 1m3 də olsun qaz nəql etməyəcəyəm, qazsız və pulsuz qalacaqsan. Ermənistanın ehtiyaclarını ödəmək üçün lazım olan qazı İrandan alıb verəcəyəm. Bu sxemdə İranın adının şantaj elementi kimi istifadə olunması aparıcı elementdir”.
“Qazprom”un Ermənistana nəql olunan qaz müqaviləsinin şərtlərini dəyişdirə bilməsinin əsas səbəbini Gürcüstan hökumətinin davranışında axtarmaq lazım olduğunu deyən M.Əhmədoğlu bildirib ki, bu davranışın bir neçə motivasiyanı ehtimal etmək olar:
“ı. Gürcüstan hökuməti Azərbaycana sonadək inanmır. İnamı olsaydı, Gürcüstan Azərbaycanla birlikdə ciddi arqumentlər qoya bilərdilər. Gürcüstanın ehtimalı çətinliyə cüzi müddət dözməsi ilə məsələ həllini tapardı. “Qazprom” şərtlərin dəyişilməməsi ilə razılaşardı.
ıı. Gürcüstan hökuməti həqiqətən Rusiyadan çəkinir. Eks-baş nazir B.İvanişvilinin “Qazprom”un səhmdarlarından biri olması ilə bağlı deyilənlər özünü neqativ planda göstərə bilər. İvanişvilinin Rusiya ilə münasibətlərində əlavə digər amillər də də ortalığa çıxa bilər.
ııı. Gürcüstan Ermənistanla birlikdə İranla əlaqəli layihələrdə iştirak etmək kursu götürüb, qapalı danışıqlarda iştirak edir. Gürcüstan hökuməti hesab edir ki, qaz tranzitindən uduzduğundan daha çox İran qazının və yüklərinin Ermənistan ərazisi vasitəsilə nəqlindən qazanacaqdır.
ıv. Gürcü rəsmilərinin regiondakı vəziyyəti bilməməsi də diqqəti çəkir. İran Ermənistanın iki şəhərini öz ərazisindən qazla təmin etməyə başladı. Başqa sözlə, İran hissə-hissə “Qazprom”u Ermənistanın ərazisindən qovur. Belə olan təqdirdə, “Qazprom”un Ermənistan üçün İrandan qaz alması RF-in region siyasətinə ciddi fəsad yarada bilər. Ona görə heç bir şərt daxilində Rusiya Ermənistan üçün İrandan qaz ala bilməz.
Müqavilənin şərtlərinin sirr olması isə K.Kaladzenin əsaslandırılmamış arqumentidir. Ermənistanın baş naziri K.Karapetyan “Qazprom”la Gürcüstan arasında imzalanmış qaz tarifi müqaviləsinin əsas şərtlərini açıqladı: Ermənistana nəql olunan qazın birinci milyard kub metrindən Gürcüstan 10 faizi natura ilə götürəcəkdir. Nəql olunan sonrakı həcmin əvəzində Tbilisi qaz deyil, valyuta alacaq və bu valyutanın miqdarı bir neçə dəfə az olacaq. Beləliklə, Gürcüstanın itkiyə məruz qaldığı bəllidir. Gürcüstanın itkisi şəraitdən asılı olaraq 30-40 faiz arası dəyişəcəkdir. Gürcüstanın itkisinin hesabına Ermənistan qazın qiymətini əhali üçün ucuzlaşdıracaq.
Hər halda Gürcüstanın problemlərinin əsas mənbəyi onun regional siyasəti düzgün anlamamasındadır”.
1news.az