Mübariz Əhmədoğlu: Ermənistanın müdafiə naziri İranda - hərbi əməkdaşlıq, maliyyə yardımı, yoxsa siyasət | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ermənistanın müdafiə naziri İranda - hərbi əməkdaşlıq, maliyyə yardımı, yoxsa siyasət

12:23 - 13 / 02 / 2017
Mübariz Əhmədoğlu: Ermənistanın müdafiə naziri İranda - hərbi əməkdaşlıq, maliyyə yardımı, yoxsa siyasət

Ermənistan müdafiə naziri Vigen Sərkisyan İrana səfər etdi. Səfər İranın hərbi sənayeyə dəstək naziri Hüseyn Dehqanin dəvəti ilə baş tutmuşdu və H.Dehqani V.Sərkisyanı təmtəraqla qəbul etdi. Təbii ki, bu emosional fon özlüyündə hər şeyi göstərir, nəyisə gizlətmək məqsədilə edilmirdi.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın müdafiə naziri Vigen Sərkisyanın İrana səfəri ilə əlaqədar xəbəri şərh edərkən bildirib:

İranın Ermənistana münasibəti ən səmimi münasibətlərdən biridir. İran çox nadir hallarda səmimi olur. Hətta Ermənistanı öz təsir zonasına salmaq niyyətində də İran səmimidir. V.Sərkisyanın İrana səfər proqramı çox geniş idi. Həmkarı H.Dehqanidən əlavə İranın xarici işlər naziri Cavad Zərif, İranın  Ali təhlükəsizlik şurasının katibi Əli Şəmxani, İran parlamentinin spikeri Əli Laricani və İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ilə görüşdü.

V.Sərkisyan Tehranda olarkən erməni Apostol kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyanla da görüşdü. Sepux Sərkisyanla görüş barədə elə də geniş məlumat yayılmır. Reallıqda həm V.Sərkisyan həm də Sepux Sərkisyan Dağlıq Qarabağın erməni işğalı altında qalması istiqamətində praktik fəaliyyət göstərən şəxslərdir. Sepux dəfələrlə Qarabağda olub, işğalçı rejimə Qarabağa yardımlar edib. Dağlıq Qarabağda onu ardıcıl və fasiləsiz yardım göstərən şəxs kimi tanıyırlar. Eləcə də Sepux Sərkisyanın özü gələ bilmədiyi vaxtda onun adından onun adamları Dağlıq Qarabağa müxtəlif miqdarda pul vəsaitlərini çatdıra biliblər. Arxiyepiskop Sepux Sərkisyanın məqsədi Ermənistan işğalçılığının davam etməsidir və Sepux Sərkisyan İranın mövqeyini də bu istiqamətdə başa düşdüyü üçün Azərbaycan ərazisinin işğal altında qalmağa dəstək fəaliyyətini davam etdirir, genişləndirir. Tehrandakı ermənilərin hamısı İran vətəndaşlarıdır. Onların hamısının qazandığı pul İran dövlətinə məxsusdur və İran erməniləri pulunu Dağlıq Qarabağa yönəldirlər. Əgər Sepux Sərkisyan İran hökumətindən təpki görsəydi fəaliyyətini müəyyən qədər zəiflədərdi.

V.Sərkisyan İranda olarkən bir sıra strateji araşdırmalar mərkəzlərində və hərbi təyinatlı müəssisələrdə oldu. Bu müəssisələrdən ən çox diqqəti çəkən “ETKA” zavodudur. Bəllidir ki, “ETKA” İran ordusunun ehtiyaclarını ödəyən müəssisədir. Əsasən hərbçilər üçün paltar tikməklə və ərzaq məhsulları istehsal etməklə məşğuldur.

Vigen Sərkisyanın İrana səfərində bir neçə siyasi, regional və geosiyasi tutum var.

Vigen Sərkisyanın İrana səfərinin antiAzərbaycan olduğunu deməyə əsas varmı?! İranın siyasəti çox qəlizdir. Ermənistanla münasibəti isə daha qəlizdir. Çünki həm pozitivi, həm də neqativi var. Qalan dövlətlərin əksəriyyətinə İranın münasibəti neqativ, az qisminə neytraldır.

Vigen Sərkisyanla görüşdə İran rəsmilərinin verdiyi bəyanatların şifrələnməsi üçün materiallar var. Bu görüşlərdə ən azı 3 arqument aydın şəkildə göstərir ki, İran antiAzərbaycançılığda yeni mərhələ yaradır:

İran parlamentinin spikeri Ə.Laricani V.Sərkisyana xitabən “Sizin ölkəniz Azərbaycan Respublikasına münasibətdə yaraşan davranışa malik oldu. Belə ki, regionda yeni böhranın yaradılması heç bir aydın perspektivə malik olmayacaq”-bəyanatını verdi. Əli Laricani Ermənistanın işğalçılığına açıq şəkildə haqq qazandırır.

Müdafiə naziri Dehqani  V.Sərkisyanla görüşdə “İranın 15 qonşusu olduğu” fikrini işlətdi. Bu İranda Azərbaycan bayrağının baş-ayaq qoyulması və Xəzər dənizinə “Mazandaran gölü” deyilməsi kimi şeylərdir.

Əvvəla, İranın 15 yox, 13 qonşusu var. İkincisi, İranın qonşusu söhbəti Dehqaniyə aid olan məsələ deyil. Dehqani xarici işlər və yaxud iqtisadiyyat naziri deyil ki, İranın qonşuları ilə ümumi İranın siyasətinə dair münasibət bildirsin. Üçüncüsü, 15 qonşu söhbəti məhz İranın antiAzərbaycan “sancmalarından” biridir. İranın 13 qonşusuna  əlavə iki qonşu deyəndə İran Dağlıq Qarabağı və Naxçıvanı nəzərdə tutur. Hər ikisi Azərbaycan torpağıdır. İran Azərbaycan Respublikasını qıcıqlandırmaq üçün bunları müstəqil dövlət və ya müstəqil bir tərəf kimi göstərir. İranın bəzi siyasətçiləri 15 qonşu dedikdə Xəzər dənizində İranın Rusiya və Qazaxıstanla qonşuluğunu əsas gətirir. Təbii ki, bu belə deyil. Əvvəla, Xəzərin keçmiş və indiki bölgüsündə İran heç bir halda  Rusiya və Qazaxıstanla qonşu olmur. Bütün hallarda İran Xəzərdə Azərbaycan və Türkmənistanla qonşu olur. İkincisi,əgər İran Xəzərdə özünü Rusiya və Qazaxıstana qonşu hesab edirsə, deməli İran həm Türkmənistanın həm də Azərbaycanın ərazisini özünün tərkib hissəsi kimi başa düşür. Yalnız bu halda İran Rusiya və Qazaxıstanla qonşu ola bilər.

Üçüncüsü, İranın Rusiya ilə qonşuluğu İranın Ermənistanla qonşuluğa özəl yanaşmanın əhəmiyyətini itirir. İran həmişə deyib ki, İranın bütün qonşuları müsəlmandır, yeganə xristian qonşusu Ermənistandır. Rusiya xristian və Avropa dövlətidir.

Hüseyn Dehqani İranın siyasi isteblişmentinin bir tərkib hissəsi kimi bu termini işlətdi.

“15 qonşu” termini İranla Ermənistan arasındakı siyasi danışıqlarda körpü yaradan məsələlərdəndir.

Tehran müzakirələrində iki dövlət razılaşırlar ki, İsrail regiona gəlməməlidir. Cənubi Qafqaz regionunda üç dövlət var. Ermənistan İsraillə əlaqələr qurmağa can atır. Ermənistan xarici işlər naziri, rəsmiləri bir neçə dəfə Təl-Əvivdə olublar. Ermənistanın İsraillə əlaqələr qurmağa aktiv siyasi iradəsini göstərən çoxlu misallar var. Həm İsrailin Ermənistanda, həm də Ermənistanın İsraildə fəxri konsulu postunu tutanlar milliyyətcə ermənilərdir. Bu, yalnız bir misaldır. İsrail Ermənistanla əlaqələr qurmaqdan imtina edib və bu gün Ermənistanla İsrail arasındakı əlaqələr minimaldır. İsrailin Gürcüstanla əlaqələri siyasi baxımdan normaldır. Amma iqtisadi baxımdan hələ ki strukturlaşmayıb. İsrailin regionda yeganə ən güclü siyasi, iqtisadi  və hərbi-texniki əlaqəsi olduğu dövlət Azərbaycandır. Amma təəssüf ki, Azərbaycanla İsrailin arasındakı siyasi əlaqələr biristiqamətlidir; İsrailin Azərbaycanda səfirliyi var. Amma Azərbaycanın İsraildə səfirliyi yoxdur. İran və Ermənistan ikisi birlikdə İsrailin regiona buraxılmaması deməsi İsrail-Azərbaycan münasibətlərinin korlanması istiqamətində iki dövlətin birgə siyasət aparacağı anlamındadır. Ona görə bu arqumentləri biz İran və Ermənistanın antiAzərbaycan mövqedə olmasının dəlilləri kimi görürük.

Allahın və ya aviaqəzanın dayandırdığı işin İran tərəfindən davamı

İranla Ermənistan Hava Hücumundan Müdafiə Sistemlərinin təkmilləşdirilməsi barədə razılaşma əldə ediblər. Tarixən iş belə gətirib ki, Azərbaycan SSRİ dövründən hava qoşunları səviyyəsində həmişə regionun ən güclü dövləti olub.  Ermənistanın həmişə ən çox çəkindiyi də Azərbaycanın Hərbi aviasiya qüvvələri olub. Ona görə müxtəlif dövlətlərdən yardım alaraq özünün Hava Hücumundan Müdafiə Sistemini möhkəmlətmək istiqamətində işlər görür. Rusiyaya etdiyi müraciətlər Rusiyanın planının dəyişməsinə səbəb olmadı. İran isə Ermənistanın müraciəti ilə bu prosesə müdaxilə etdi. İran ermənilər üçün Ermənistan və Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində Hava Hücumundan Müdafiə Sistemləri qurmaqla məşğul oldu. İranın bu sahədə bütün mütəxəssisləri 2009-cu ilin iyununda Tehran-Yerevan aviareysi zamanı qəzaya uğrayan təyyarədə öldükləri üçün bu iş başa çatdırıla bilmədi.

Görünür, İran yenidən Ermənistan Hava Hücumundan Müdafiə Sistemini təkmilləşdirmək istəyir. 2009-cu ildən üzü bəri yenilik ondan ibarətdir ki, hər iki tərəfdə də belə düşünürlər ki, həm Ermənistan, həm İran pilotsuz uçuş aparatları istehsalı sahəsində müəyyən uğurlar əldə ediblər. Bu sahədə səylərini birləşdirərək yeni pilotsuz uçuş aparatları yaradacaqlar.

Hərbi-texniki əməkdaşlıq, yoxsa Ermənistan ordusuna maliyyə yardımı, bəlkə də siyasət.

İki ölkə arasında hərbi-texniki əməkdaşlığın digər tərəfi isə daha çox maliyyə yardımı ilə əlaqəli məsələdir. İran müdafiə nazirliyinin “ETKA” müəssisəsi Ermənistan ordusunu ərzaq konservləri və hərbi geyimlərlə təmin etməklə bağlı müqaviləyə malikdir. İran hökumətinin göstərişi ilə “ETKA” həmin məhsulları Ermənistan ordusuna ya havayı, ya da çox ucuz qiymətə verir. Ermənistan Müdafiə Nazirliyinin büdcəsində sərbəst pul yaranır və sonradan bu sərbəst pulu Ermənistan Müdafiə Nazirliyi silahların alınmasına xərcləyir.

Faktiki olaraq İran Ermənistanın öz ordusunu öz qanadı altına almaq istəyir. Xüsusən nəzərə almaq lazımdır ki, Rusiya Ermənistan ordusunu öz nəzarəti altına almaq sahəsində bir sıra uğurlu addımlar atıb. Rusiyanın atdığı addımlar Ermənistanda narazılıq yaradır. İndi Ermənistan İranı bu işə qoşmaqla tədricən ordusunun bir hissəsini İranın nəzarətinə vermək istəyir. Əsl niyyət isə Ermənistan ordusunun bir qismini Rusiyanın nəzarətindən çıxarmaqdır. Burada da hər şey köhnə bəlli sxemlər üzrə gedir.

Yəni Ermənistanda Rusiyanın hərbi siyasətindən çoxdan narazı idilər. Hətta Hava Hücumundan Müdafiə Sistemlərinin qurulması ilə bağlı İrana müraciət edərkən o zaman Ermənistan mətbuatı belə bir məlumat yaydı ki, guya Rusiya hərbçiləri Ermənistanın Hava Hücumundan Müdafiə Sistemlərinin kodlarını Azərbaycana verib və Ermənistan da məhz buna görə İrana müraciət edərək alternativ sistem qurmaq istəyir. Ermənistan eynilə bu sxemlə ehtimal ki, alternativ ordu yaratmaq istəyir. Viqen Sərkisyanın rəhbərlik etdiyi indiki ordu tədricən iqtisadi subyektə çevrilir. Ordu ölkənin iqtisadi proseslərinə təkan və məqsədyönlü istiqamət verməklə məşğuldur. Vigen Sərkisyan bunu gizlətmir. O, hətta Ermənistan Müdafiə Nazirliyinə tabe olan fabrik və zavodlarda tikilən məhsulları, xüsusilə ayaqqabıları brend adlandırır və əhali tərəfindən istifadə olunmasını təklif edir. Mühəndis qurğuları ilə də bağlı belə bir təkliflər var. Görünür, Ermənistan bu qaydada hərbisini Rusiyanın təsirindən çıxarmaq istəyir və bu məsələdə də İranla əməkdaşlıq edir. antiRusiyaçılıqda strateji baxımdan Ermənistanla İranın mövqeləri üst-üstə düşür.

İran-Ermənistan müttəfiqliyi, yoxsa işğalçılıq düşüncə tərzinin yaratdığı qardaşlıq

Tehrandakı görüşlərdə Ermənistanla İranın müttəfiqliyi məsələsi dərin müzakirə edildi. Ermənistanla İran müttəfiq ola bilərmi? Ermənistanla İranın müttəfiqliyi işğalçılıq düşüncəsi daşıyıcılarının müttəfiqliyidir. Buna başqa ad vermək ola bilməz. İran tarixi baxımından bütün qonşularına qarşı ərazi iddialarına malikdir. Pakistan, Ərəb dövlətləri ilə münasibətləri, Türkmənistana, Azərbaycana  və hətta Ermənistanın özünə münasibəti bunu deməyə əsas verir. Ermənistanın isə işğalçılıq iştahı heç də İrandan geri qalmır. Ermənistanın dörd qonşusu var. Dörd qonşusuna, o cümlədən İranın özünə qarşı Ermənistan işğalçı düşüncənin daşıyıcısıdır.

İranın ərazisində Sovet dövründən arxeoloji qazıntılar işini Ermənistan müstəqillik əldə etdikdən sonra Vatikana təqdim etdi və sonra Vatikanla birlikdə İranın ərazisində xeyli arxeoloji qazıntı işləri apardı. Əsas tezis belə idi: İranın şimal ərazilərinin böyük bir hissəsi qədim xristian əraziləridir və bu erməni xristianlığına mənsub olub. Vatikan sonradan bu təşəbbüslərə dəstəyi dayandırdı, irəliləməsinə imkan vermədi.

Səbəbləri barədə əlavə heç bir açıqlama verilmədi. Gürcüstanın əksər ərazilərini Ermənistan özününkü hesab edir. Türkiyə barədə əlavə danışığa heç bir ehtiyac yoxdur. Bütün Anadolunu ermənilər öz əraziləri hesab edirlər və bundan ötrü onlar digər dövlətlərin fətvasi ilə silahlı mübarizəyə qalxmışdılar və nəticəsi də 1915-ci il hadisələridir. Azərbaycanın torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır.

Ermənistanın və İran: Erməni işğalında status-kvo əbədi olmalıdır

Ermənistanın və İranın Dağlıq Qarabağ məsələsinə mövqeyi tamamilə üst-üstə düşür. Onlar status-kvonun tərəfdarıdır. Ə.Laricaninin yuxarıdakı fikri aprel döyüşləri zamanı Ermənistanın mövqeyinin İran tərəfdən dəstəklənməsinin sübutudur. Bu həm də Dağlıq Qarabağ münaqişəsinin tarixində İranın rolunu bir daha təsdiqləyir. İran-Azərbaycan sərhədinin təxminən 122 kilometrinin də Ermənistanın işğalı altında qalmasını Ə.Laricani yaraşan və ya əlverişlı yanaşma adlandırır.

Bunlar çoxdan bəlli olan həqiqətlərdir. Sadəcə bu şeylərin təkrarlanması baş verir. Bəlli olur ki, dünyada baş verən proseslərin indiki fonu, Azərbaycanla İran arasında iqtisadi münasibətlərin çox yüksək inkişaf mərhələsi də İran rəhbərliyində Azərbaycana qarşı münasibəti dəyişməyib. Xəstə düşüncəli dövlətlərin sayı az, sağlam düşüncəli dövlətlərin sayı isə çoxdur. İranın Ermənistanla xəstə əməkdaşlığı əgər reallığa çevrilərsə, Azərbaycanın sağlam əməkdaşlıq etməyə tərəfdaşları hədsiz çoxdur. 25 ildə İran Azərbaycana qarşı yalnız Ermənistanı əməkdaşlığa cəlb edə bilib.

Azərbaycanın isə İrana qarşı kampaniya aparmağa, struktur yaratmağa ehtiyacı yoxdur, marağında deyil. Amma ehtiyac yaranarsa Azərbaycan onun özünə olan müraciətləri götür-qoy edə bilər. İran heç bir şey yarada bilməsə də, özünə qarşı çoxlu düşmənlər yarada bilib.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmməsi tematikası İranın Azərbaycan Respublikasına qarşı ən rahat kürsüsüdür

İran və Ermənistan İsraili regiona buraxmamaq barədə səy göstərəcəklərini razılaşdırdılar. İsraillə Azərbaycan arasında əməkdaşlıq məsələsinin ön plana çıxarılması, ümumiyyətlə İsrailin regiona buraxılmaması məsələsində Ermənistanla İranın əməkdaşlığı sofistikadan başqa bir şey deyil. Hər iki dövlətə antiAzərbaycançılığı körükləməyə arqumentlər lazımdır. İki tərəf də xüsusən İran bunu İsrailin üzərində qurur. İsrail isə, xüsusilə destruktiv İsrail Cənubi Qafqaz regionunda yoxdur. Regionda Azərbaycanın dostu olan, Azərbaycanla ciddi hərbi-iqtisadi əməkdaşlıq əlaqələrinə malik olan İsrail var və İsrailin də Azərbaycanla bu əməkdaşlığı yalnız-yalnız Azərbaycanın işğal altında olan ərazilərinin işğaldan azad olunmasına xidmət edir. Azərbaycan İrandan və Ermənistandan fərqli olaraq müstəqil siyasət aparmağı bacaran dövlətdir və heç vaxt qarşısına məqsəd qoymayıb ki, İrana və ya digər qonşusuna qarşı 3-cü və ya digər hansısa bir dövlətlə əməkdaşlıq etsin.

Əgər 1992-ci ildə  və elə bu gün İranın yardımı ilə Dağlıq Qarabağ problemi həllini tapsaydı, İsrailin regionda zərrə qədər iştirakı ola bilməzdi. İsrail bu regiondan 5-6 milyard dollar pul apara bilməzdi. İran məhz geosiyasi gərginlik yaratmaq xatirinə Dağlıq Qarabağ məsələsini həll etmir. Dağlıq Qarabağ məsələsinə görə vaxtaşırı olaraq İsrailin mövqeyi gündəliyə gəlir. İran bundan istifadə edərək Azərbaycanın ünvanına hədələr səsləndirir. Dağlıq Qarabağ məsələsinə Ermənistanla diplomatik əlaqələr qurmayan Pakistanın mövqeyi daimi aktivdir. İran bundan narazıdır.

Dağlıq Qarabağ məsələsinə görə Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik əlaqələr qurmayıb. Ermənistan Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrini qurmaq məsələsini daimi aktivləşdirir. Səudiyyə Ərəbistanının Azərbaycanpərəst mövqeyi İranı əsəbiləşdirir, narahat edir. Bunlar İrana Azərbaycana qarşı çıxış etməyə bir kürsü yaradır. Əgər Dağlıq Qarabağ məsələsi həll olunarsa İran antiAzərbaycan kürsülərdən məhrum olacaq. Ona görə İran Dağlıq Qarabağ məsələsini həll etmək istəmir. İran bir neçə saat ərzində Dağlıq Qarabağ məsələsini həll edə bilər. İran Dağlıq Qarabağ məsələsini həll etsin və bir neçə gündən sonra Azərbaycanla İsrail arasında hərbi-texniki əməkdaşlıq sıradan çıxacaq. Yalnız iqtisadi əməkdaşlıq qalacaq. O iqtisadi əməkdaşlıq təbii ki, getdikcə lazımı sonluğuna çatacaqdır.

İrana inanmaq olarmı?

İranın Ermənistanla indiki dövrdə apardığı siyasət dini dövlət olan İran İslam Respublikasına inam mövzusunu ortalığa çıxardıb. ABŞ prezidenti D.Tramp İrana qarşı kəskin fərqli siyasət aparır. İran isə  köhnə arqumentləri işə saldı: İran müsəlman dövlətidir və İran heç vaxt atom silahından, ballistik raketdən istifadə edə bilməz. İslam dini buna icazə vermir. İranın dövlət və dini adamlarının bu istiqamətdə dediyi fikirlər yalandır. Çünki Quranda “nüvə”, “atom” anlayışı yoxdur. Amma Quranda “vətən”, “torpaq” “qəsb”, “qəsbkara qarşı mübarizə” anlayışları var. Əgər İran şiə dövlətidirsə və düz sərhədinin dibində şiə torpağı işğal olunursa və İran şiə torpağını işğal edənlə əməkdaşlıq edirsə, deməli İran Quranın hansı  prinsiplərinə  söykəndiyi bəlli deyil. Bunu  həm də Qərbdəkilər görür. Qərbdəkilər İranın dini prinsiplərə sədaqətini müəyyən etmək üçün meyar axtarırdılar və son illərdə o meyarı tapıblar.

İran əgər həqiqətən İslam prinsiplərinə riayət edirsə hökmən Dağlıq Qarabağ məsələsinə mövqeyi dəyişilməlidir.

İranda elə başa düşürlər ki, təkcə onlar özləri-özlərini görür. Amma kifayət qədər ciddi təhlil bucağı altındadırlar və İranın siyasətinin təhlilindən irəli gələn nəticələrə görə, ABŞ-ın indiki hökuməti onunla münasibətini qurur və çox güman ki, yaxın gələcəkdə elə hadisələr bu istiqamətdə inkişaf edəcəkdir.

İslam dinini yalanın güdazına vermək İranın xarici siyasət prioritetlərindən biridir. Azərbaycanda  təəssüflənirlər ki, Ermənistana ən böyük yardım edənlərdən biri İrandır. İran SSRİ dağıldıqdan sonra ən az inkişaf etmiş dövlətdir. Məhz Ermənistanın müttəfiqi olduğuna görə İran SSRİ-nin dağılmasından heç bir bəhrə götürə bilmədi. Əgər normal ədalətli siyasət aparsaydı, apardığı siyasət beynəlxalq hüquq normalarına, dinc qonşuluq prinsiplərinə söykənsəydi, bəlkə də tamamilə fərqli bir mənzərə alınardı. Hər halda bu İranın seçimidir. Ermənistanın seçiminə çox amillər təsir edə bilər. Çünki müstəqil siyasət apara bilmir. Erməni ekspertlərinin fikrincə, ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistanın İrana münasibətinə daha güclü təsir edəcək.

Biz ölkəmizə qarşı olan seçimlərlə manevr etmək, onlara qarşı öz münasibətimizi göstərmək gücündəyik.

1news.az

Paylaş:
889

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər