Mübariz Əhmədoğlu: Rusiyanın gücü dağıdıcı deyil, qurucu olmalıdır
Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Bunu iki ölkə prezidentləri, yüksək çinli rəsmilər dəfələrlə təsdiqləyiblər. Son belə açıqlama RF XİN rəsmisi M.Zaxarovanın dilindən səsləndi. O, iki ölkə arasındakı münasibətləri mükəmməl adlandırdı. Amma Rusiya-Azərbaycan münasibətlərinin həmişə mükəmməl olması qulluq tələb edir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiya-Azərbaycan münasibətləri, eləcə də Lapşinin ekstradisiyası ilə əlaqədar xəbəri şərh edərkən bildirib:
Bəzi baş verənlər bu kontekstdən müəyyən izahat və ya anlayış tələb edir. Belə izahları A.Lapşinin ekstradisiyası zamanı baş verənlər daha da aktuallaşdırdı. Rusiya Lapşinin ekstradisiyasına lazım olduğundan çox diqqət ayırdı, məsələni siyasiləşdirdi. Lapşinin yazdıqları onun beynəlxalq dələduz olduğunu göstərir. Bu adam beynəlxalq qanunları pozmaqla imic və pul qazanmaqla məşğul imiş. Azərbaycanın ərazi bütövlüyünü pozmaqda da məqsədi özünün destruktiv təbiətini nümayiş etdirmək və eyni zamanda pul qazanmaq imiş. İsrail siyasətçilərinin açıqlamaları göstərir ki, Lapşin artıq bu dövlət üçün bəlli kartdır. Amma Rusiyada hələ Lapşinin mahiyyətini qəbul etmək istəmirlər.
Azərbaycan XİN onun adını dəfələrlə qara sıyahıya salıb. Rusiya isə vətəndaşının dələduzluq hərəkətlərinə lazımınca diqqət verməyib. Ehtimal ki, buna görə də Lapşin ermənilərin diqqətini cəlb edib. Həm Rusiya, həm də İsrailin Azərbaycanla münasibətləri çox yaxşıdır. Azərbaycan-Rusiya və Azərbaycan-İsrail münasibətləri Ermənistanı həmişə narahat edib. Ona görə Lapşın kiminin birisi Ermənistan üçün göydən düşmə oldu; Lapşinin təxribatları Azərbaycan-Rusiya və Azərbaycan-İsrail münasibətlərinə soyuqluq gətirəcək. Rusiyada isə nəinki bunu görmədilər, əksinə bəzi qruplar Lapşin məsələsindən istifadə edərək Azərbaycan-Belarus münasibətlərini korlamaq istiqamətində addımlar atdılar.
Lapşin və Ermənistan rəhbərliyi beynəlxalq dələduzluqda eyni xarakterli adamlardır. Bu tandemin qurduğu oyunlar Azərbaycan-Rusiya, Azərbaycan-İsrail münasibətlərini korlaya bilmədiyi kimi Azərbaycan-Belarus münasibətlərini də korlaya bilməzdi. Azərbaycan dövlətinin siyasəti təsadüfi və ya emosional parametrlər üzərində qurulmur.
Lapşinlə əlaqəli Rusiyanın mövqeyində izahını tapmaq istədiyimiz əlavə bir neçə məsələ də var:
Ermənistanda ABŞ Rusiya vətəndaşı Sergey Mironovu həbs etdirdi. S. Mironov Ermənistana istirahətə gəlmişdi. Lapşindən fərqli olaraq Mironov ölkəsinin ən faydalı vətəndaşlarından biridir. Ermənistandakı bu hadisə Rusiyanın imicinə daha böyük zərbədir.
İşğal altında olan Kəlbəcərdə girov götürülək Dağlıq Qarabağda həbs edilmiş azərbaycanlı Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Onu Ermənistan həbs edib. Lapşinin özünün və nəslinin Dağlıq Qarabağa heç bir aidiyyətı yoxdur. Amma D.Əsgərov əslən işğal altında olan Kəlbəcər rayonundandır. Lapşinin Dağlıq Qarabağa səfər etməkdə məqsədi Rusiyanın müttəfiq hesab etdiyi Azərbaycanın qanunlarını pozmaq idisə, D.Əsgərov və Ş.Quliyevin məqsədi valideynlərinin qəbrini ziyarət etmək idi.
İnformasiya azadlığı və sərbəst yerdəyişmə azadlığının Lapşinə aid edilməsi də cəfəngiyyatdır. Lapşinin gedə bildiyi Qarabağa o torpaqda anadan olanlar gedə bilmir. Lapşin əgər orada olarkən Dağlıq Qarabağ Azərbaycanın torpağıdır desəydi, bəlkə də çoxdan öldürülmüşdü.
Rusiya rəsmiləri Lapşini ailəsinə qovuşdurmaq istəyir. İndi Dağlıq Qarabağda erməni girovluğunda olan Şahbaz Quliyevin həyat yoldaşı da Rusiya vətəndaşıdır və hətta milliyyətcə rusdur. Yəqin o xanım da ailəsi ilə qovuşmağı arzulayır.
Rusiyanın 23 vətəndaşı ABŞ-ın göstərişi ilə dünyanın bir çox dövlətlərində həbs olunaraq ABŞ-a ekstradisiya olunub və ya olunma mərhələsindədir. Hətta İsraildə ABŞ-a ekstradisiyasını gözləyən Rusiya vətəndaşı həbsdədir. Maraqlıdır, Rusiya ABŞ-ın qarşısında nizam-intizamlı vətəndaşlarını müdafiə edə bilmir. Amma Belarusla Azərbaycanın qarşısında dələduz vətəndaşını müdafiə edir. ABŞ-a ekstradisiya olunan Rusiya vətəndaşlarının böyük əksəriyyəti Rusiya dövlət orqanlarının xüsusi tapşırıqlarını yerinə yetirməklə məşğul imişlər. Təkrar edirik-A.Lapşinin qazanc və siyasi yaşam vasitəsi beynəlxalq dələduzluq imiş.
Rusiya MDB məkanında vahid standartların bərqərar olunmasına çalışmalıdır. MDB məkanındakı münaqişələrin həllində qətiyyətli və vahid standarta söykənən yanaşma Rusiyanın özü üçün ən vacib məsələdir. Tənzimlənməmiş münaqişələrdən Rusiyanın əleyhinə istifadə olunacaq. Amma münaqişələrin yerləşdiyi dövlətlər də əziyyət çəkəcək.
Rusiyanın təşəbbüsü ilə MDB məkanında xeyli subqurumlar yaradılsa da, heç birisi uzun ömürlü olmayıb. İndi AİB və KTMT-nin fəaliyyətindən daha çox, onların parçalanma ehtimalından danışılır. AİB üzvləri də haçansa özlərinin ərazi bütövlüyünün pozulmasından ehtiyatlanırlar.
Rusiya MDB məkanında Ermənistanın roluna xüsusi münasibət bildirməlidir. SSRİ-nin dağılması ermənilərin milli münaqişə yaratması ilə başladı. Hazırda da ermənilərin bütün fəaliyyəti Rusiyanın əleyhinə izah oluna bilər. Haçansa onlar antiRusiya fəaliyyətləri ilə Qərbdən yenidən maliyyə və siyasi resurs cəlb edə biləcəklər. Rusiyada başa düşmək istəmirlər ki, ABŞ üçün nefti və qazı olan Azərbaycana nisbətən, heç bir təbii resursu olmayan Ermənistan daha qiymətlidir. Çünki ABŞ üçün Moskvadakı ermənilər Azərbaycanın neft və qazından daha faydalıdır.
MDB üzv dövlətləri arasında ticarət dövriyyəsi getdikcə azalır. 2016-cı ildə bu azalma daha aydın müşahidə olundu. 2017-ci ilin yanvarın 1-dən MDB-yə sədrlik Rusiyadadır və Rusiya MDB məkanında mal dövriyyəsinin artırılmasını özü üçün prioritet elan edib. Amma MDB dövlətləri arasında mal dövriyyəsinin azalmasını təkcə qlobal maliyyə böhranı ilə əsaslandırmaq düzgün deyil. 2016-cı ildə Rusiya Ukraynadan MDB dövlətləri istiqamətində olan bütün yolları bağladı. Belə ştatdankənar vəziyyət istər-istəməz MDB dövlətləri arasında inamsızlıq yaradır. Ona görə MDB dövlətləri hər hansı xarici ölkəyə məhsulunu 5 dollar ucuz sata bilirsə, bunu MDB dövlətinə deyil, xarici ölkəyə satır. Belə vəziyyətdə mal dövriyyəsinin artırılması istiqamətində atılan addımlar effekt verməyəcək.
Rusiya güclü dövlətdir. Ən azı Avrasiya materiki üçün bu şəksizdir. Amma Rusiyadan da güclü dövlətlər və ya faktorlar toplusu ortalığa çıxa bilər. Yaxın 5-10 ildə Rusiyanın MDB məkanındakı gücünə kimsə müdaxilə edə bilməz. Əgər Rusiya özünü bu regionda cəmi 5-10 illik dövlət hesab edirsə, apardığı siyasətlə qane ola bilər.
Ermənistan ordusunun təyinatı hərbi obyektdən iqtisadi subyektə doğru dəyişir.
Ordusu Ermənistan dövləti üçün həmişə problem və gərginlik mənbəyi olub. Yalnız Robert Koçaryan hakimiyyətdə olduğu dövrdə ölkədə nisbi iqtisadi inkişaf əldə olundu və bu inkişaf öz nəticəsini S.Sərkisyanın prezidentliyinin birinci dövrünədək yaşada bildi. S.Sərkisyanın dövründə problemlərin birinci orduda yoxsa iqtisadiyyatda başladığını müəyyən etmək polemika xarakterli məsələdir. İndi hər ikisinin problemli olmağı göz qabağındadır. Ermənistan ordusunun qeyri-döyüş itkiləri döyüş itkilərini dəfələrlə üstələyir.
Eləcə də iqtisadiyyat sürətlə geriləyir. İqtisadiyyatda işlər belə gedirsə, ölkədə sosial gərginlik qaçılmazdır. Orduda proseslər belə gedirsə, hərbi çevriliş labüddür. Yaranmış vəziyyət S.Sərkisyandan ordunun dövlət həyatında yerini müəyyənləşdirməyi tələb edir. Ona görə də iki problemi birləşdirməklə bir çıxış yolu yaratmaq istəyir; Ordunu iqtisadiyyatın lokomotivinə çevirir. Özünü hiyləgər hesab edən S.Sərkisyanın bu məsələdə hiyləsi də var. S.Sərkisyan K.Karapetyanı Kremli aldatmaq üçün baş nazir təyin etdi. S.Sərkisyan əvvəlcədən bilirdi ki, K.Karapetyan iqtisadiyyatı qura bilməyəcək. Amma K.Karapetyan S.Sərkisyanın formalaşdırdığı kriminal- oliqarxik iqtisadiyyatı onun əlindən ala bilərdi. Bu olmasın deyə, K.Karapetyanı baş nazir təyin edən kimi Vigen Sərkisyanı da Prezident Administrasiyası rəhbəri postundan azad edib, Müdafiə Naziri təyin etdi. S.Sərkisyanın ətrafında olan oliqarxlar başa düşdülər ki, K.Karapetyan onların monopoliyasını dağıda bilməyəcək. Orduya un satan ununu satacaq, neft məhsullarını verən yenə neft məhsullarını verəcək və s.
Vigen Sərkisyan bir az da qabağa getmək istəyir. Orduya aid müəssisələrdə ayaqqabı tikib Ermənistanın əhalisini bu ayaqqabılarla təmin etmək istəyir. Bunu görən Mühəndislik Tədqiqatları Mərkəzinin rəhbəri Artak Ambaryan mühəndislik ordusunun yaradılmasını təklif edir ki, bu yolla Ermənistanda sənaye inkişaf etsin. Ermənistan ordusu çörək bişirib erməni əhalisinə sata bilər. İT texnologiyalarda dövriyyə yarada bilər. Bəzi mühəndis qurğuları da yarada bilər. Amma müasir müharibə bunlardan ibarət deyil. “İskəndər” OTRK alarkən Ermənistan hədsiz sevindi və onunla da Azərbaycanın silahlanma hazırlığının səviyyəsini nümayiş etdirdi.
Orduda baş verənlər onun mövqeyini hərbi obyekt kimi deyil, iqtisadi subyekt kimi möhkəmləndirir. Ən əsası odur ki, bu Ermənistanda dövlət siyasətidir. Bu orduda çəkməçi əsgərdən daha üstün tutulacaq. Çünki pulu çəkməçi qazanacaq. Ermənistan ordusunda ayaqqabı tikənin və ya çəkməçininin döyüşçüdən prioritet olması Azərbaycan prizmasından sevindiricidir. Bu Ermənistanın işğalçılıqdan əl çəkmək arzusunun nişanəsidir. Bunu yubatmasın. Tez reallaşdırsa özü üçün xeyirdir.
Riçard Millz: Mənbəyi Dağlıq Qarabağ münaqişəsi olan korrupsiya Ermənistan dövlətçiliyinə təhlükədir.
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz Ermənistanda korrupsiyanın milli təhlükəsizliyə təhlükə yaradan səviyyədə olduğunu bildirdi. Korrupsiyanın mənbəyi kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasını göstərdi. R.Millzin izahına görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmədiyinə görə Ermənistanın qonşuları ilə münasibətləri yoxdur, blokadadadır. Buna görə iqtisadiyyatı inkişaf etmir. İqtisadiyyatın inkişaf etməməsi korrupsiyanı stimullaşdırır. Bu səbəbdən iri kompaniyalar bazara olan öz təsirlərindən sui-istifadə edir və rəqabəti öldürür.
R.Millzin digər fikrinə görə “Sasna srer” hadisələri də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməmiş qalmasının nəticəsidir.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi ilə bağlı R.Millzin bu fikirləri həm yeni yanaşmadır, həm də onun siyasi iradəsidir. R.Millz B.Obama tərəfindən Ermənistana səfir təyin edildi. Amma artıq bəllidir ki, o Trampın da dövründə ən azı bir ildən çox səfir kimi fəaliyyətini davam etdirəcəkdir. B.Obamanın da dövründə R.Millz Ermənistanda korrupsiyaya qarşı ciddi mübarizəyə başladı. Lakin bir müddət sonra S.Sərkisyan hakimiyyəti onu susdura bildi. R.Millz antikorrupsiya fəaliyyətini xeyli zəiflətdi. İndi yenidən R.Millz antikorrupsiya fəaliyyətini yeni məzmunda və qətiyyətli şəkildə ortalığa qoyursa, demək o Tramp administrasiyasının Cənubi Qafqaz siyasətinin necə olacağına müəyyən qədər bələdçiliyi var. Obamanın dövründə ABŞ-ın Cənubi Qafqaz siyasəti iflasa uğradı. Bunun isə səbəbi Obama administrasiyasının və o dövrdə Dövlət Departamentinin Cənubi Qafqazda ermənimərkəz siyasət aparması idi və bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin təmzimlənməsinə lazımı qədər diqqət vermirdi. ABŞ Dövlət Katibi C.Kerrinin və ondan əvvəlki dövlət katibi H.Klintonun Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlərin təhlili bu nəticəyə gəlməyə əsas verir.
R.Millz indi sanki xəbər verir ki, D.Trampın Cənubi Qafqaz siyasəti fərqli olacaq və Cənubi Qafqaz regionunda ABŞ-ın mövqeyi güclənəcək.
R.Millz də indidən təşəbbüsü öz üzərinə götürür və Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın ciddi addımlar atmasına nail olmaq istəyir. Bununla da Ermənistan ciddi iqtisadi inkişaf yoluna qədəm qoysun. Dağlıq Qarabağ münaqişəsini tənzimləmiş və iqtisadi marağı oyanmış Ermənistan regional iqtisadi layihələrdə iştirak edə bilər.
Ümid edək ki, R.Millz sonadək qətiyyətli olacaq və onun bu siyasəti D.Trampın administrasiyası tərəfindən də dəstəklənəcək.
1news.az