İlham Əliyev ABŞ-ın nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin Bakıda təşkil olunmasının artıq yaxşı ənənə halı aldığını dedi. Bu görüşlərin praktiki müzakirələrin aparılması baxımından vacibliyini qeyd edən Prezident İlham Əliyev bunu həm də layihənin uğurlu icrasının göstəricisi kimi dəyərləndirdi.
Ötən dövr ərzində bir çox işlərin görüldüyünü bildirən dövlətimizin başçısı layihənin artıq yekun mərhələyə çox yaxın olduğunu qeyd etdi. Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqanın sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasında iştirakının əhəmiyyətini vurğulayaraq bunun ABŞ hökumətinin layihəyə davamlı dəstəyinin yaxşı göstəricisi olduğunu dedi.
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü iclasına ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Bu görüşün layihənin icrası ilə bağlı məsələlərin nəzərdən keçirilməsi baxımından önəmli olduğunu qeyd edən qonaq ABŞ nümayəndəsinin bu iclasda iştirakının vacibliyinə toxundu. Robin Danniqan bildirdi ki, bu, ABŞ-ın yeni hökumətinin “Cənub Qaz Dəhlizi” layihəsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi məsələsinə dəstəyini bir daha açıq şəkildə nümayiş etdirir.
Görüşdə “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edildi, sabah Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının əhəmiyyəti bir daha vurğulandı, ABŞ dövlətinin enerji siyasətinin bu layihəyə öz dəstəyini bundan sonra da davam etdirəcəyi əminliklə qeyd olundu.
1news.az