Mübariz Əhmədoğlu: Dağlıq Qarabağda referendum, yoxsa teatrallaşdırılmış şou
Dağlıq Qarabağ erməniləri “Konstitusiyaya dəyişikləri ilə bağlı referendumun” başa çatdığını elan etdilər. Əslində bu referendum teatrallaşdırılmış şoudan başqa bir şey deyildi.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağda keçirilmiş referendumla bağlı xəbəri şərh edərkən bildirib:
Tarixçə: Dağlıq Qarabağ ermənilərinin qondarma qurumunda referendumun mənbəyi Ermənistan idi. Ermənistanda konstitusiya dəyişiklikləri edildi və parlamentli respublikaya çevrildi. Separatçı rejim olan Dağlıq Qarabağın Ermənistanla eyni hüquqi müstəvidə olmasını əsas götürürərək separatçı Dağlıq Qarabağın da parlamentli respublikaya çevrilməsi planlaşdırıldı. Lakin sonradan ermənilərin hərbi təxriata ciddi ehtiyacını nəzərə alaraq Dağlıq Qarabağı guya “prezidentli respublikaya” çevirməyi qərarlaşdırdılar. Ermənilərin başladığı hərbi təxribat qarşı tərəfdən sərt cavab ala bilər. Nəticədə erməniər daha çox hərbi hissəni müharibəyə qoşmalı ola bilərlər. Ona görə separatçı Dağlıq Qarabağın başçısının işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilmiş Ermənistan ordusuna da əmr vermək ixtiyarı olmalıdır. Bunlar ermənilərin hərbi təxribata hazırlaşdığını göstərir.
Demokratik, yoxsa psixo-emosional akt.
Referendum adına keçirilən prosedurun demokratiyaya zərrə qədər aidiyyatı yoxdur. Təbliğat-təşviqat kampaniyası ümumiyyətlə olmadı. “Referendum” tələm-tələsik keçirildi. Azərbaycandan qorxu aşkar hiss olundu. Müşahidəçilərin çağırılması tam gizli aparıldı.
Psixo-emosional parametrlər fundamental məsələləri üstələdi. Fevralın 20-nin həftənin birinci günü olmasına baxmayaraq referendum məhz bu tarixə təyin olundu. Çünki 1988-ci ildə məhz fevralın 20-də Dağlıq Qarabağ Muxtar vilayəti Azərbaycan SSRİ-nin tərkibindən çıxıb Ermənistan SSRİ-nin tərkibinə qoşulmaqla bağlı qərar qəbul etdi. Xüsusi olaraq qeyd edək ki, Dağlıq Qarabağ ermənilərinin əsas hədəfi müstəqillik əldə etmək deyildi, Azərbaycanın ərazi bütövlüyünü pozmaq idi.
Dağlıq Qarabağın adının separatçılar tərəfindən dəyişdirilməsi isə bu torpağın ermənilər üçün vətən olmadığını sübut etdi. “Dağlıq Qarabağ” toponimi 26 il ərzində ermənilərin müstəqilliyi tanıtma cəhdlərini sıfıra endirdi. Ermənilərin diplomatik strukturları çox zəifdir. “Artsax” adı ilə də tanıda bilməyəcəklər. 1795 –ci ilə kimi bu regionun adının Qarabağ olmamasına dəlalət edən heç bir mənbə yoxdur. 1795 –ci ildən çar Rusiyasının apardığı bütün danışıqlarda, imzaladığı bütün sənədlərdə bu regionun adı “Qarabağ” kimi göstərilir.
Bunlar həm də ermənilərin Dağlıq Qarabağın perspektivinə şübhəli yanaşmanın göstəricisidir.
Digər ümumiləşdirmələrimizi təqdim edirik:
Əvvəlki “referendumlar” və “seçkilərin” aqibəti nəzərə alınmadı. Bu vaxtadək iki referendum və bir neçə parlament və prezident seçkiləri keçirilsə də beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri bunları nəzərə almayıblar. Referendumlara heç vaxt, heç bir beynəlxalq sənəddə istinad edilməyib. Beynəlxalq ictimaiyyət üçün ““DQR”-in konstitutsiyası” heç bir hüquqi qüvvəsi olmayan boş kağızdır. Referendumlar da eləcə.
Dağlıq Qarabağ ermənilərinin belə tərs inadkarlığı özlərinə yaxınlığı ilə məşhur heyvanın davranışı ilə müqayisə oluna bilər.
Bako Saakyan separatçı rejim olan Dağlıq Qarabağda durğunluğun qarantıdır. Görünür, Dağlıq Qarabağ erməniləri Ermənistan rəhbərliyi üçün də separatçı rejimə çevrilir. Ermənistanda hakimiyyəti ələ almış Qarabağ klanına işğal etdikləru Azərbaycan torpaqlarında durğunluq lazımdır. “Referendum” B.Saakyana 2030-cu ilədək de-fakto hakimiyyətdə qalmağa umkan verir.
ATƏT-in Minsk Qrupu Ermənistan tərəfindən inkar edildi. Həmsədrlərin bu referendumla bağlı bəyanatında açıq şəkildə göstərilirdi ki, Dağlıq Qarabağ erməniləri təkbaşına Dağlıq Qarabağın statusunu müəyyən edə bilməzlər. Bəyanatın mətnindən həm də anlaşılır ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün ən əsas şərt Azərbaycanın onun müstəqilliyini tanımasıdır. Bu da mümkün deyil. Buna görə Ermənistan ATƏT MQ-dən narazıdır.
Azərbaycan Respublikası da ATƏT MQ-dən narazıdır. Ermənistan rəhbərliyi məsləhət bilirsə, ATƏT MQ-nin vasitəçiliyindən imtina etmək olar.
Müşahidəçilər sayca əvvəlki seçkilərdə iştirak edənlərdən üç nəfər çox göstərilsə, də əksəriyyətinin keçmiş siyasətçilər və diplomatlar olduğu artıq bəllidir. Almaniyada yaşayan Kamal xanın Pakistandan olan müşahidəçi kimi təqdim edilməsi ermənilərin şou elementlərinə vurğunluğunun nəticəsidir. Ən geniş nümayəndə heyəti Boliviyadan gəlmişdi. Ədalət naminə deyək ki, Boliviyanın beynəlxalq həyatda rolu Ermənistanın rolundan bir az artıqdır.
Fransa nümayəndə heyətinin azsaylı və keçmiş diplomatlardan olması da diqqəti çəkir. Qısası ermənilər bu parametr üzrə heç bir yeniliyə nail ola bilmədilər.
Hər halda referendum ərəfəsində Ermənistan prezidenti S.Sərkisyanın və Xİ naziri E.Nalbandyanın danışdığı ağ yalanlar göstərir ki, Dağlıq Qarabağdakı ermənilər və onların həmfikirləri beynəlxalq aləmi ələ saldıqlarına görə xəcalət çəkməyəcəklər.
1news.az