Əkrəm Həsənov: Vətəndaşa dedi ki, get böyrəyini sat, kredit borcunu ödə
Son vaxtlar banklardan götürülən kredit borclarına görə yaranan problemlərin sayı xeyli artıb. Manatın iki dəfə devalvasiyaya uğramasından, yəni, qəfil və kəskin ucuzlaşmasından sonra isə bu özünü daha qabarıq şəkildə büruzə verdi.
Hazırda ölkədə problemli kreditlərlə bağlı vəziyyət nə yerdədir? Kredit borcu olan şəxs ölkəni tərk edə bilərmi? Kredit müqavilələri bağlanan zaman daha çox hansı qanun pozuntularına yol verilir? Bu və digər suallara cavab tapmaq üçün tanınmış vəkil, ”Əkrəm Həsənov və partnyorları” hüquq firmasının direktoru Əkrəm Həsənovla həmsöhbət olduq.
- Ölkədə problemli kreditlərin həcmi ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Bu sahədə mövcud vəziyyət necədir?
- Problemli kreditlərin həcmi ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi məlumatlar var. Rəsmi məlumatlarda problemli kreditlərin həcmi təxminən 1,5 milyard manat göstərilir. Beynəlxalq reytinq agentlikləri isə bunun bir neçə dəfə çox olduğunu iddia edirlər. Mən də bu fikirdəyəm. Sadəcə olaraq banklara problemli kreditlərin həqiqi həcmini açıqlamaq sərf eləmir.
Başlıca problem dollarla götürülən kreditlərlə bağlıdır. Çünki, bildiyimiz kimi, manat iki dəfə devalvasiya olunub və bunun nəticəsində həm sahibkarlar, həm də sadə vətəndaşlar bu gün götürdükləri krediti ödəyə bilmirlər. Krediti ödəyə bilməyənləri də iki qrupa ayırmaq olar. Belə ki, elə insanlar var ki, həqiqətən də ödəmək imkanları yoxdur. Elə insanlar da var ki, ödəmək imkanları var, sadəcə devalvasiya səbəbindən daha çox ödəniş etmələrini ədalətsiz sayır və buna görə də ödəniş etmirlər.
Əslində milli valyutada pul götürənlərlə bağlı da problemlər mövcuddur. Bəzi insanlar iş yerlərini itiriblər, bəzilərinin isə gəliri azalıb və s. Düzdür, son vaxtlar bəzi banklar kredit götürən şəxslərə ciddi güzəştlərə getməyə başlayıblar. Lakin bu kütləvi olmadığı üçün problem qalmaqdadır.
- Banklar tərəfindən kredit borcunu ödəyə bilməyən şəxslərə qarşı hansı addımlar atıla bilər?
- Əslində banklar tərəfindən kredit borcunu ödəyə bilməyən şəxslərə qarşı heç bir sanksiya tətbiq edilə bilməz. Mülki Məcəllədə birbaşa göstərilib ki, hansısa öhdəlik borcludan asılı olmayan səbəblərə görə icra edilə bilmirsə həmin borc icra edilməmiş qalır. Eynilə belə bir müddəa “İcra haqqında” qanunda da var. Yəni, hər bir şəxs öhdəliklərinə görə yalnız əmlak məsuliyyəti daşıyır. Azərbaycanın qoşulduğu Avropa konvensiyasında da birbaşa göstərilib ki, heç kəs borcunu ödəmək iqtidarında olmadığına görə həbs edilə bilməz.
Amma təəssüf ki, ötən il Azərbaycanda bir neçə dəfə belə həbs halları qeydə alınıb. Bu zaman vətəndaşlar bir qayda olaraq on günlük inzibati qaydada həbs edilmişdilər. Həbs qərarı çıxaran hakimlər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə istinad ediblər. Yəni məhkəmə qərarını üzürsüz səbəbdən icra etməyən şəxs həbs edilə bilər. Lakin təəssüf ki, məhkəmələrimiz qərar çıxaranda məsələnin üzürsüz tərəfini müəyyənləşdirmirlər.
Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, məhkəmə qərarının üzürsüz və qərəzli icra edilməməsinin bir neçə meyarı var. Onlardan da biri imkanın olub-olmamasıdır. Yəni əgər vətəndaşın kredit borcunu ödəmək imkanı yoxdursa, bu artıq o deməkdir ki, o üzürlü səbəbdən ödəniş edə bilmir. Bunu müəyyən etmək elə də çətin deyil. İlk növbədə vətəndaşın adına əmlak, torpaq sahəsi, ev və yaxud avtomobilin olub-olmaması müəyyən olunmalıdır. Sonra vətəndaşın işləyib işləməməsi və digər məsələlər araşdırılmalıdır. Bunlar yoxdursa bu artıq onun göstəricisidir ki, vətəndaşın kredit borcunu ödəmək qabiliyyəti yoxdur.
Hətta vətəndaş işləyirsə belə, onun əmək haqqısı ailəsinin yaşayış minimumunu təmin etmirsə, deməli yenə də onun ödəmək qabiliyyəti yoxdur. Yəni, əgər vətəndaş gedib borcunu ödəyəcəksə və belə olan halda övladları ac qalacaqsa, buna qanun icazə vermir. “İcra haqqında” qanuna görə, əgər vətəndaşın borcu ilə yanaşı aliment ödənişi varsa, ilk növbədə aliment ödənişi nəzərə alınmalıdır.
Lakin bəzi hallarda bəzi banklar bəzi icra məmurları ilə əlbir olaraq qanunsuz yollara əl atırlar ki, kredit götürən şəxsləri qorxutsunlar. Amma əksər hallarda məhkəmələrimiz, eləcə də icra məmurlarımız belə qanunsuzluğa getmirlər.
Bu gün Avropanın heç bir ölkəsində borca görə həbs yoxdur. Təəssüf ki, Azərbaycanda bir neçə dəfə belə hallar olub. Bu da ölkədaxili problemə çevrilməklə yanaşı, ölkəmizin beynəlxalq imicinə mənfi təsir göstərir.
- Kredit borcu olan şəxs ölkəni tərk edə bilərmi?
- Qanun yalnız bir halda şəxsin ölkədən çıxışına qadağa qoyur: əgər kredit götürən şəxs üzürsüz səbəbdən borcunu ödəmirsə və bu sübuta yetirilərsə. Yəni, sənin pulun var, ancaq borcunu ödəmirsən.
Bir çox hallarda vətəndaşlar maddi imkanları və yaxud ödəmək imkanları olmadığı halda banklardan kredit götürürlər. Sonra isə götürdüyü krediti geri qaytara bilmirlər. Burada əsas məsuliyyət bankların üzərinə düşür. Banklarda kreditlərin verilməsi ilə bağlı qayda var. Öyrənilməlidir ki, kredit götürmək istəyən şəxs sabah həmin krediti qaytara biləcək, ya yox. Yəni, əgər vətəndaş borcunu pulu olmadığı üçün ödəyə bilmirsə bu təqsir deyil. İnzibati Xətalar, Cinayət məcəllələrində, o cümlədən Konstitusiyamızda qeyd olunub ki, heç kəs təqsirsizliyini sübut etməyə borclu deyil. Əksinə, dövlət orqanı onun təqsirkar olduğunu sübut etməlidir.
- Banklardan kredit götürülməsi ilə bağlı qanunvericilikdə nə kimi boşluqlar var?
- Əsas boşluq “Müflisləşmə və iflas haqqında” qanunla bağlıdır. Köhnəldiyindən orada nəinki vətəndaşların, hətta şirkətlərin də müflisləşməsi məsələləri tam əks olunmayıb. Vətəndaşlara dair orada cəmi bir cümlə var.
Bu gün bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində vətəndaşların özlərini müflis elan etmək imkanları var. Yəni əgər şəxs borcunu ödəyə bilmirsə, ömrümün sonuna kimi bu borcla yüklü olmaq istəmir. Borclu olmaq vətəndaşlara psixoloji cəhətdən çox pis təsir göstərməklə yanaşı onların iqtisadi aktivliyinə imkan vermir. Fikirləşəndə ki, üstündə borc var, işləyib pul qazanmağa meylli olmur, qorxur ki, əldə etdiyi pulu əlindən alacaqlar. Buna görə qanun imkan verir ki, əgər doğrudan da ödəmək qabiliyyəti yoxdursa vətəndaş məhkəmə qaydasında özünü müflis elan eləsin.
Bunun digər tərəfi də var. Müflislik birtərəfli vətəndaşa üstünlük vermir. Qanuna görə əgər vətəndaş özünü müflis elan edirsə bu barədə adı İnternetdə də yerləşdirilən reyestrə daxil edilir və hamı onun borclarını ödəyə bilmədiyindən xəbərdar olur. Bu da həmin şəxsin gələcəkdə digər kreditorlardan borc götürməsinin qarşısını alır. Yəni, banklar borc verərkən daha diqqətli olurlar ki, bu da öz növbəsində problemli kreditlərin sayının azalmasına təsir edir.
İkinci boşluq ölkədə kreditorlarla borclular arasında vasitəçilik edəcək maliyyə ombudsmanının olmamasdır. Yəni, maliyyə ombudsmanı çalışır ki, kredit borcları hər iki tərəfin razılığı ilə həll olunsun. Yaxşı olardı ki, dövlət bununla bağlı qanun qəbul etsin.
- Hazırda vətəndaşlara xarici valyutada kredit götürməyə icazə verilirmi?
- Ötən ilin aprel ayında Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi qərara görə, vətəndaşın gəliri xarici valyutada deyilsə və yaxud vətəndaşın bankda xarici valyutada əmanəti yoxdursa həmin vətəndaşa xarici valyutada kredit verilə bilməz. Həmin qərara uyğun olaraq hazırda vətəndaşlara varici valyutada kredit verilmir.
- Bank kredit götürən şəxsin maaşının neçə faizini borc kimi tuta bilər?
- Təəssüf ki, qanunvericilikdə bu barədə konkret heç nə yoxdur. Əsas problen də buradan meydana çıxır. Ötən il Maliyyə Bazarlarına Nəzarət Palatasının belə bir qərarı oldu ki, şəxsin gəliri yaşayış minimumunun üç mislindən çoxdursa ona kredit verilə bilər. Belə məhdudiyyətin olmasını düzgün hesab edirəm. Lakin yaxşı olardı ki, bu birbaşa qanunda olsun.
- Kredit müqavilələri bağlanan zaman daha çox hansı qanun pozuntularına yol verilir?
- Əsasən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun müddəaları pozulur. Həmin qanuna görə, sahibkar vətəndaşa satdığı mal və yaxud göstərdiyi xidmət haqqında tam məlumat verməlidir. Banklarda kreditlərin verilməsi ilə bağlı qaydalarda deyilir ki, kredit müqaviləsində mütləq bir bənd olmalıdır ki, krediti alana kreditin bütün şərtləri izah edilib. Lakin əksər hallarda vətəndaşlara götürdükləri kreditin bütün şərtləri tam izah olunmur.
Boşluqlardan biri istehlak kreditləri haqqında qanunun olmamasıdır. Halbuki əksər ölkələrdə belə bir qanun var. 2014-cü ildə alman professorla birgə belə bir qanun layihəsi hazırlayıb hökumətə təqdim etmişik. Həmin layihə ətraflı müzakirə edilib və yaxın zamanlarda onun qəbulu gözlənilir. Həmin qanun layihəsində kredit müqavilələri ilə bağlı bir sıra məhdudiyyətlər qoymuşuq. Bu da banklar tərəfindən vətəndaşların aldadılmasının qarşısını alacaq.
- Kredit borcları ilə bağlı yaranan problemləri azaltmaq üçün hansı təklifləriniz var?
- Aydın məsələdir ki, banklarda bu qədər problemli kreditlərin olması ilk növbədə bank sahiblərinin və bankı idarə edən şəxslərin öz günahıdır. Çünki problemli kreditlərin böyük hissəsi heç də adi vətəndaşlar və adi sahibkarların kreditləri deyil. Bankların sahiblərinə, bankları idarə edən şəxslərə yaxın olan insanların götürdükləri kreditlərdir. O kreditlər də çox sərfəli şərtlərlə verilib. Hesab edirəm ki, ilk növbədə dövlət tərəfindən bütün banklarda yoxlama aparılmalı, belə kreditlər müəyyən edilməlidir.
Müqaviləni açır baxırsan ki, kiməsə çox aşağı faizlə bir milyon manat məbləğində kredit verilib, lakin heç yüz min manat dəyəri olmayan bir obyekt girov götürülüb. Buradan belə qənaətə gəlmək olar ki, krediti ya özləri götürüblər, ya da yaxın bir adama veriblər. Dövlət araşdırma aparmalı və həmin kreditlərin təcili qaytarılmasını tələb etməlidir. Bunu etmədikləri halda isə həmin şəxslər vəzifələrindən sui-istifadə etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki onlar faktiki olaraq o pulları banklardan oğurlayıblar. Bu pullar banklara geri qaytarıldıqdan sonra isə banka ödəniş qabiliyyəti olmayan şəxslərin borcları bağışlanmalıdır. Bank həmin insanların borclarının ödənilməsinə vaxt itirməli deyil. Çünki həmin insanlar onsuz da kredit borclarını ödəmək iqtidarında deyillər, digər tərəfdən bankların onlardan pul almağa, məhkəmələrə kifayət qədər çox vaxtı gedir.
Digər kreditlər üzrə isə müştərilərə güzəştlər edilməlidir. Sual oluna bilər ki, belə olan halda bəzi banklar çətin duruma düşə bilərlər. Bu zaman dövlət onlara kömək edə bilər. Bu gün isə banklar dövlətdən yardım istəyirlər. Axı bu qədər pulu bankdan özləri çıxarıblar.
- Hansı halda borclunun əmlakına, ev əşyalarına həbs qoyula bilər?
- Əgər banka borclu olan şəxsin bir evi varsa ona həbs qoyula bilməz. Bundan başqa evdə tək sayda olan olan zəruri əşyalara – yatağa, televizora, soyuducuya və digər əşyalara da həbs qoyula bilməz. Əgər borclu şəxsin ikinci evi, torpaq sahəsi, avtomobili, qızıl-zinət əşyaları varsa onlara həbs qoyula bilər. Lakin bu zaman həmin əşyaların məhz borcluya aid olması sübut olunmalıdır.
- Bank işçisi borclu ilə kobud rəftar edə, hədə-qorxu gələrək ondan borcunu qaytarmasını tələb edə bilərmi?
- Ümumiyyətlə, kiminsə kimisə hədələməyə haqqı yoxdur. Lakin elə hallar olur ki, banklar vətəndaşlara qarşı qanunsuz əməllərə yol verirlər. Bununla bağlı bir misal çəkmək istəyirəm.
Sahibkar bankdan bir neçə milyonluq kredit götürüb və qaytarıb. Amma bank qaytarılmanı uçota almayıb, pulu mənimsəyiblər. Beləliklə də bankı müflislik həddinə çatdırıblar. Arada həmin sahibkarı da dələduzluqda ittiham edib tutdurublar. Məhkəmədə sahibkar ödəniş sənədlərini göstərir ki, a balam, ödəmişəm axı. Amma məhkəmə sənədlərin mühasibatlıq ekspertizasını etmir. Sahibkar bank sahibinin məhkəməyə dəvət olunmasını tələb edir. Amma məhkəmə bu vəsatəti də təmin etmir. Göründüyü kimi, müflis bankın sahibi yaman tədbirlidir və oğurladığı pulları yıxıb krediti alıb qaytarmış sahibkarın üstünə.
Bank borcun qaytarılması üçün məhkəmədə iddia qaldıra bilər. Vətəndaşlar isə bank işçisinin hədə-qorxusu ilə qarşılaşdıqda hüquq-mühafizə orqanlarına şikayət edə, hətta qarşı tərəfi məhkəməyə verə bilərlər. Bu cür hallar olub, vətəndaşlar bank işçisini məhkəməyə verərək udublar. Sadəcə vətəndaşlar bank işçisi tərəfindən kobud rəftarla, hədə-qorxu ilə qarşılaşdıqda bundan qorxmamalıdır. Vətəndaşlar nə qədər öz hüquqlarını yaxşı bilsələr, belə halların sayı da bir o qədər az olar.
- Azərbaycanda kollektor şirkətləri varmı? Ümumiyyətlə, bu şirkətlərin fəaliyyəti qanunauyğundurmu?
- Bəli, Azərbaycanda kollektor şirkətləri var. İlk belə şirkət 2005-ci ildən fəaliyyət göstərir. Prinsipcə kollektorların fəaliyyəti özü özlüyündə qanuna zidd deyil. Amma burada bank sirri pozularsa ziddir. Misal üçün, mənim banka borcum var və bank bu işi kollektora tapşırmaqla yanaşı mənə aid məlumatları ona verirsə, o da mənə zəng edirsə, bu artıq bank sirrinin pozulmasıdır. Bankın mənim kreditim haqqında kiməsə məlumat verməyə ixtiyarı yoxdur.
Yox, əgər bank kollektora tapşırıb ki, məni məhkəməyə versin, bu, qanunauyğundur. Digər hallarda kollektor şirkətlərinin fəaliyyəti qanuna ziddir. Hətta elə olur ki, kollektor şirkətləri vətəndaşlara zəng edərək onları tez-tez narahat edir, hədələyir, hətta döyürlər. Ötən il bir kollektor şirkəti vətəndaşa demişdi ki, get böyrəyini sat, borcunu ödə.
Daha bir misal. Bir kollektor şirkəti vətəndaşı ofisinə dəvət edib onu saxlamışdı. Cibində nə var götürdükdən sonra tələb etmişdilər ki, qohumlarına zəng vur, pulu gətirsinlər. Vətəndaş qardaşına zəng vurmuşdu, kollektor isə dəstəyi alıb özü tələb irəli sürmüşdü: pulu gətirməsəniz qardaşını buraxmayacağıq. Bu isə açıq-aşkar quldurluqdur.
Bu sahədə Rusiyanın təcrübəsini qeyd etmək olar. Ötən il Rusiyada kollektorların fəaliyyəti haqqında xüsusi qanun qəbul olundu və bununla da bu fəaliyyət tənzimləndi. Bizdə də bu cür qanunun qüvvəyə minməsi yaxşı olardı.
Babək Cahandarov