Azərbaycan və Britaniya XİN rəhbərləri arasında məktub mübadiləsi həyata keçirilib
Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
XİN-dən 1news.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov Böyük Britaniyadan olan həmkarına ünvanladığı məktubunda ölkələrimizin ötən illər ərzində xalqlarımız üçün qarşılıqlı fayda verən möhkəm və konstruktiv dialoq qurmağa nail olduğunu qeyd edib. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında ölkələrimizin yaxın əməkdaşlığının davam etdiyini bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Böyük Britaniyanın iqtisadi sahədə əlaqələri, xüsusilə BP şirkətinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi regional enerji layihələrində iştirakının ikitərəfli əməkdaşlığın əsas sütununu təşkil etdiyini bildirib. E.Məmmədyarov, həmçinin ikitərəfli siyasi dialoq və hökumətlərarası birgə iqtisadi komissiya daxil olmaqla, yeni dialoq formatlarının Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.
Böyük Britaniya xarici işlər naziri Boris Conson azərbaycanlı həmkarı Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin ötən 25 il ərzində Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib. 2017-ci ilin ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq baxımından önəmli il olduğunu vurğulayan B.Conson Azərbaycan ilə Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığından məmnun olduğunu qeyd edib.
O, həmçinin ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə davam etdiyini vurğulayıb.
Britaniyalı nazir iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşdirilməsi və əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.
1news.az