Hikmət Hacıyev: Polad Bülbüloğlu YUNESKO-nun məqsəd və məramlarının təşviqinə öz töhfəsini verəcək
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə namizədliyinə dair şərh verib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, şərhdə deyilir:
“2017-ci ildə Azərbaycan Respublikasının YUNESKO-ya üzvlüyünün 25 illiyi qeyd olunur. Bu illər ərzində Azərbaycan və YUNESKO arasında sıx əməkdaşlıq qurulub, YUNESKO ölkəmizdə mədəni irsin təşviqi və qorunması, təhsil və elm sahəsində islahatların aparılması işinə öz əsaslı dəstəyini verib.
Mültikulturalizm dövlət siyasətinin prioriteti olan Azərbaycan zəngin tolerantlıq və mədəniyyətlərarası dialoq ənənələri ilə YUNESKO-nun dəyərlərinə və ideallarına sadiq olaraq onların təşviq edilməsinə ardıcıl surətdə öz töhfəsini verməkdədir.
Qeyd olunanları və hal-hazırda YUNESKO-nun Baş direktoru olan İrina Bokovanın fəaliyyət müddətinin başa çatmasını nəzərə alaraq, Azərbaycan hökuməti YUNESKO-nun prosedur qaydalarına uyğun olaraq Polad Bülbüloğlunun təşkilatın Baş direktoru vəzifəsinə namizədliyini irəli sürüb.
Təbiətən mədəniyyətə, incəsənətə və elmə bağlı olan, bəstəkar, müğənni, aktyor və elmi fəaliyyəti ilə seçilən, uzun müddət nazir vəzifəsində çalışan, TÜRKSOY-un qurucularından biri olan və 14 il bu beynəlxalq təşkilata rəhbərlik edən, Azərbaycanın YUNESKO ilə əməkdaşlığının qurulmasında və inkişafında bilavasitə iştirak edən, zəngin diplomatik təcrübəyə malik olan bir şəxs kimi Polad Bülbüloğlunun YUNESKO-nun Baş direktoru vəzifəsinə seçildiyi təqdirdə, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və YUNESKO-nun məqsəd və məramlarının təşviqinə öz töhfəsini verəcəyinə inanırıq.
YUNESKO-nun Baş direktorunun üzv dövlətlər tərəfindən irəli sürülmüş namizədlər sırasından İcraiyyə Şurasının tövsiyəsi əsasında YUNESKO-nun Baş Assambleyası 2017-ci ilin oktyabr-noyabr aylarında seçilməsini həyata keçirəcəkdir”.
1news.az