Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər – Newtimes.az

16:47 - 15 / 03 / 2017
Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər – Newtimes.az

Münxen şəhərində hər il beynəlxalq təhlükəsizliyin aktual problemlərinə həsr edilən konfrans təşkil edilir. Adətən tədbirə dünyanın yüksək səviyyəli siyasət adamları dəvət edilir. Bu dəfə keçirilən konfransda hazırda dünyanı təhdid edən faktorlar müzakirə edilib. Məsələlər kifayət qədər kəskin və sərt şəkildə qoyulub.

İsrailin müdafiə naziri isə İranla bağlı obrazlı tezislər irəli sürüb. Tədbir iştirakçıları konkret bir problemi həll etməsələr də mümkün dialoq ətrafında xeyli danışılıb. Bu baxımdan ekspertlərin əsas müzakirə mövzuları ilə bağlı söylədikləri fikirlər maraq doğurur. Təbii ki, hələ söhbət ilkin nəticələrdən gedir, lakin ümumi olaraq dünya üçün vacib faktorlardan bəhs edilir. Onlar üzərində daha geniş dayanmaq zəruridir.

"Bayerischer Hof" müzakirələri: problemlər və fikir ayrılıqları

Almaniyanın Münxen şəhərində təhlükəsizliyə aid ənənəvi beynəlxalq konfrans məşhur "Bayerischer Hof" otelində üç günlük işini başa vurub. Bu dəfə tədbirdə dünyanın aktual hesab etdiyi problemlər 500-dən çox iştirakçı tərəfindən müzakirə edilib. Ekspertlər aparılan müzakirələrin maraqlı aspektlərini vurğulayırlar. Gəlinən qənaətlər göstərir ki, Münxen konfransında heç bir məsələ həll edilməyib, lakin ortada kifayət qədər mühüm problemlər mövcuddur. Onları şərti olaraq bir neçə qrupa ayırmaq olar.

Birinci qrupa Qərb, Rusiya, Çin və İran münasibətləri daxil edilə bilər. İkinci qrupda Yaxın Şərq məsələsi, üçüncüdə isə beynəlxalq terrorla mübarizə yer alıb. Bir sıra ekspertlər Avropa İttifaqı ölkələri arasındakı münasibətləri və ABŞ-Avropa münasibətlərini də ayrıca vurğulayırlar. Bu zaman NATO həm Qərb-Rusiya münasibətləri kontekstində, həm də təşkilatda islahatlar aspektində müzakirə obyekti olub. Bütün bunlar haqqında fikir söyləyənlər fərqli mövqe ifadə ediblər. Onlar məsələlərin kifayət qədər mürəkkəb olduğunu, bir sıra punktlarda isə hətta ziddiyyətləri aradan qaldırmağın mümkünsüzlüyünü etiraf ediblər.

Məsələn, NATO-Rusiya münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı təşkilatın baş katibi Yens Stoltenberq və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ümumi səviyyədə müsbət fikir bildirsələr də, NATO-Rusiya Şurasının işini bərpa etməkdən danışsalar da, tərəflər bir-birini güc mövqeyindən çıxış etməkdə günahlandırıb. S.Lavrov açıq deyib ki, "NATO-nun dialoqu güc mövqeyindən apardığını yaxşı bilirik" (bax: Трансатлантика, Россия и Китай: ключевые темы первого дня Мюнхенской конференции / ТАСС, 18 fevral 2017).

Digər çətin həll edilə bilən məsələ kimi, konfransın təşkilatçısı Volfqanq İşinger "transatlantik münasibətləri" göstərib. Onun fikrinə görə, 2016-cı ildə bir sıra böhran xarakterli hadisələr baş verdi, indi isə ABŞ-ın yeni prezidenti Donald Trampın hansı siyasət yeridəcəyi məlum deyil. Bu isə transatlantik məkana qeyri-müəyyənlik gətirir, onun qarşısının alınması ilə bağlı konkret təkliflər isə yox dərəcəsindədir.

Bunun əvəzində, Avropa ölkələrinin liderləri münasibətləri inkişaf etdirməklə bağlı fərqli mövqe nümayiş etdirib, daha çox Avropa daxilində vəziyyəti yaxşılaşdırmaq üzərində düşünməyin lazım gəldiyini vurğulayıblar. Rusiyalı ekspert Fyodor Lukyanov da məsələnin bu aspektini xüsusi vurğulayır. O yazır: "Gözə dəyən nədir? Avropalı iştirakçılar arasında bu və ya digər məsələlər üzrə söz atışması" (bax: Нервозный Мюнхен / "Российская газета", 19 fevral 2017).

Həmin sırada iştirakçılar Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermansın bir fikrini ayrıca qeyd edirlər. Avropa İttifaqı rəsmisi deyib: "Avropa İttifaqında iki növ üzv dövlətlər var: kiçik üzv-dövlətlər və özlərinin kiçik olmadığını hələ dərk etməyən kiçik üzv-dövlətlər" (bax: əvvəlki mənbəyə). Bunun mənası ondan ibarətdir ki, Avropa ölkələri nəhayət anlamalıdırlar ki, onlar qlobal geosiyasətdə həlledici söz sahibi deyillər. Buna görə də əvvəlcə öz daxili problemləri üzərində düşünməli, bu zaman sıx əlaqədə fəaliyyət göstərməlidirlər.

Bu yanaşma konfransa öz damğasını vurub. Aydın olub ki, Qərb bütövlükdə əvvəlki kimi dünya siyasətində diqtə edə bilmir. Nə Amerika özbaşına problemləri həll etmək iqtidarındadır, nə də Aİ ona lazımi dəstəyi vermək gücündədir. Çünki özünün daxili çətinlikləri kifayət qədərdir.

Beynəlxalq terror: mübarizənin daha səmərəli yolu hansıdır?

Bunun fonunda Münxen konfransı Rusiya və Çinin qlobal siyasətdəki rolunun yüksəlməkdə olduğunu bir daha təsdiqləyib. Tədbirdə çıxış edən Çin nümayəndəsi ABŞ-a əməkdaşlıq əlini uzatdıqlarını bir daha vurğulayıb. Xatırladaq ki, Pekin bunu Münxendə Amerika ilə Avropa ölkələrinin öz aralarında münasibətləri müzakirə etməsi fonunda bu fikri ortaya atıb. Ekspertlər hesab edirlər ki, bununla Çin növbəti dəfə konstruktiv mövqedə olduğunu nümayiş etdirib.

Lakin İran məsələsi ilə bağlı gərgin vəziyyət qalmaqdadır. Konfransda çıxış edən ABŞ, İsrail və Səudiyyə Ərəbistanı nümayəndələri kifayət qədər sərt fikirlər səsləndiriblər. İsrailin müdafiə naziri Aviqdor Liberman lakonik deyib ki, "biz Yaxın Şərqdə 3 çağırışla üz-üzəyik: İran, İran və İran" (bax: Мюнхенская конференция – 2017: Запад, Россия и Ближний Восток / ТАСС, 20 fevral 2017). Bunlardan birincisi İranın nüvə ambisiyaları, ikincisi, ballistik raket proqramı, üçüncüsü, çox müasir silahların regionun istənilən problemli ölkəsinə qaçaqmal kimi çatdırılmasıdır. Yəmən, Livan, yaxud Suriya bunun nümunəsidir.

ABŞ Senatının üzvü Lindsi Qrem isə İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsinin tərəfdarı olduqlarını bildirib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr "İran öz davranışlarını dəyişməlidir..." – deyə, bildirib (bax: əvvəlki mənbəyə).

İrana qarşı bu həmlələrin arxasında Suriya probleminin həlli dayanır. Qərb hesab edir ki, İran və Rusiya buna ciddi maneələr törədirlər. Bu səbəbdən Moskva və Tehran Qərblə əməkdaşlıq etməlidirlər. Lakin ekspertlərin konfransdan aldıqları təəssürata görə, ABŞ və Rusiya buna hazır görünmürlər. Bu səbəbdən də İranla Rusiyanın arasını vurmaq xətti seçilib. Həmin kontekstdə Tehranı suçlama prosesi gedir.

Onu vurğulayaq ki, Münxendə çıxış edən BMT-nin baş katibi Antoniu Quterriş də beynəlxalq terrorla bağlı konkret fikirlər ifadə edib. O, əsasən, Yaxın Şərqi nəzərdə tutaraq beynəlxalq səviyyədə terrorla mübarizəni incə üsulla aparmaq lazım olduğunu xüsusi qeyd edib. A.Quterriş ayrıca nəzərə çatdırıb ki, terrora qalib gəlmək üçün narazı əhalinin maraqları mütləq diqqətə alınmalıdır. Öncə isə Suriya və İraqda siyasi çözüm olmalıdır. Yəni BMT baş katibi hesab edir ki, terrorla mübarizədə taktiki və strateji dəyişikliklər olmalıdır.

Bu aspektdə Almaniyanın kansleri Angela Merkelin də məsələyə münasibəti maraqlı olub. Onun fikrinə görə, dinc İslamla terror arasında aydın sərhəd qoyulmalıdır. Yəni müsəlmanlara bəri başdan terrorçu kimi baxmaq doğru deyil. Eyni zamanda, müsəlman ölkələrin özlərinin terrorla mübarizəyə daha aktiv qoşulmasına nail olmaq gərəkdir.

Paralel olaraq, Almaniya rəhbərliyi NATO-da xərclərin artırılmasına tərəfdar olduğun bəyan edib. Bu təşkilat güclənməlidir ki, qlobal terrorçuluğa qarşı səmərəli mübarizə aparmaq mümkün olsun. Almaniyanın prezidenti Yoaxim Qauk konfransda konkret rəqəm də deyib. Onun sözlərinə görə, hər üzv dövlət büdcəsinin 2%-ə qədərini təşkilata versə, yaxşı olar (bax: əvvəlki mənbəyə).

Beləliklə, Münxen təhlükəsizlik konfransı bir daha təsdiq etdi ki, dünya geosiyasətində kifayət qədər mürəkkəb vəziyyət davam edir və yeni risklər meydana gəlir. Böyük dövlətlər öz aralarında köhnə problemləri həll etməmiş, müxtəlif regionlarda daha çətin məsələlər ortaya çıxır. Bu vəziyyətdə beynəlxalq münasibətlər sisteminin səmərəli işləməsi mümkün deyil. Ona görə də 2017-ci ildə qlobal səviyyədə qeyri-müəyyənliklərin, təhlükələrin mövcud olacağı, müxtəlif xarakterli risklərin özünü göstərəcəyi haqqında proqnoz vermək olar. Burada bir çox məqamların Qərb-Rusiya münasibətlərindən asılı olacağını da vurğulamaq lazımdır. Çünki hazırda bu iki qüvvə daha gərgin regionlarda faktiki olaraq üz-üzədirlər. Ola bilsin ki, NATO-Rusiya Şurası hansısa problemi yüngülləşdirsin. Ancaq bütövlükdə vəziyyətin müsbətə doğru dəyişməsi ehtimalı az görünür. Münxen konfransının rəhbəri V.İşingerin yekun nitqində səsləndirilən qənaətlərdən də bunlar aydın duyulur.

Elsevər Abdullayev

Paylaş:
450

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər