Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ tənzimlənməsi prizmasından Ermənistanda hakim elitanın davranışında ciddi dəyişiklik var
Ermənistan prezidenti S.Sərkisyanın və digər rəsmilərinin Dağlıq Qarabağ tənzimlənməsi barədə hətərən-pətərən bəyanatları son vaxtlar indi müəyyən sistemliliyi və ardıcıllığı olan açıqlamalarla əvəzlənir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidenti S.Sərkisyanın və digər rəsmilərinin Dağlıq Qarabağ tənzimlənməsi barədə bəyanatları ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Baş nazir Karen Karapetyan seçki kampaniyası çərçivəsində keçirdiyi görüşlərdə Dağlıq Qarabağ məsələsinə münasibətini çox ustalıqla dəyişdi: “Qarabağ, Artsax erməni torpağının bir hissəsidir. İndi döyüş xəttidir və burada erməni xalqının şərəf və ləyaqətini zədələmək lazım deyil. Düşmənimizi danışıqlara gətirmək üçün biz özümüz güclü olmalıyıq... Artsax bizim şərəf və ləyaqət məsələmizdir... Onu həll etmək üçün biz nəsə verməliyik... Bir müddətdən sonra qonşularımızla oturub Dağlıq Qarabağ problemini müzakirə etməyimiz, oyun qaydaları barədə razılaşmağımız istisna deyil. Bu o demək deyil ki, biz dostlaşırıq. Bu o deməkdir ki, biz qonşuluqda bir ərazidə birlikdə necə yaşamağı razılaşdırırıq”.
Politoloq qeyd edib ki, bu Baş nazir Karen Karapetyanın martın 14-dən 21-dək olan dövrdə Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fikrinin genealogiyası və ya təkamülüdür.
“Əvvəlki fikir prezident S.Sərkisyanın Moskvaya səfərindən əvvəl, son fikirlər isə onun Moskvaya səfərindən sonraya düşür. Baş nazir K.Karapetyan iki dəfə Moskvada olarkən Dağlıq Qarabağ tənzimlənməsini, o cümlədən Ermənistanla Rusiya arasında dəmir yolunun açılmasını ciddi müzakirə edib. Karapetyanın müzakirə etdiklərini Moskvada S.Sərkisyanla razılaşdırdıqdan sonra bu fikirlər ictimaiyyətə açıqlandı.
Prezident S.Sərkisyanın göstərişi ilə onun keçmiş mətbuat xidmətinin rəhbəri, hal- hazırda ictimaiyyətlə əlaqələr üzrə erməni assosiasiyasının prezidenti Ara Saqatelyan rəhbərlik etdiyi təşkilatla Ümumdünya Kommunikasiyalar Forumu Assosiasiyası ilə birlikdə ““Böhrandan inkişafa-Kommunikasiyanın gücü ilə”” WCF Davos/Yerevan” adlı forum keçirdi. A.Saqatelyan bu foruma real yük daşımasında səmərəliliyə ehtiyacı olan şirkətləri dəvət etmişdi. Amma erməni bicliyi ilə hərəkət etdi.
Guya kommunikasiya dedikdə İKT nəzərdə tutulur. Başqa sözlə, tədbirdə iştirak edən Zəngəzur mis-molibden kombinatının baş direktoru M.Poloskov Ermənistana sulfat turşusunu sən demə feysbuk vasitəsilə daşıyıb gətirəcəkmiş və bununla da təmiz mis əldə edəcəkmiş. Başqa sözlə Ermənistana real dəmir yolu lazımdır. Rusiyanın anlamında bu Mehri dəmir yoludur. Ermənilər isə bunu müxtəlif ad altında gizlətməklə məşğuldurlar”.
Mübariz Əhmədoğlu qeyd edib ki, keçmiş müdafiə naziri, “ORO” seçki blokunun rəhbəri S.Ohanyanın da Dağlıq Qarabağ tənzimlənməsi üzrə mövqeyində kardinal dəyişiklik yarandı.
“Martın 3-də bu problemin həllini Dağlıq Qarabağ xalqına müstəqilliyin verilməsində görən S.Ohanyan, martın 20-də bu problemin həllini heç kimin qalib və ya məğlub olmadığı formulla ifadə etdi. S.Ohanyan, eləcə də onun seçki bloku üzrə yoldaşları R.Ovannisyan və V.Oskanyan sırf qərbpərəst siyasətçilərdir. S.Ohanyan da müdafiə naziri olduğu dövrdə NATO ilə əlaqələri Rusiya ilə olan əlaqələrini dəfələrlə üstələmişdi. A.Verşbou və F.Bridlavla şəxsi dost idi. 2013-cü ilin prezident seçkilərində müdafiə naziri S.Ohanyan prezidentliyə namizəd, ABŞ vətəndaşı R.Ovannisyanın hərbi hissələrdə, o cümlədən Dağlıq Qarabağdakı hərbi hissələrdə görüşlərini təşkil etmişdi. Bu ABŞ-ın diktəsi ilə baş verdi. S.Ohanyanın davranışından Dağlıq Qarabağ tənzimlənməsində ABŞ-ın da mövqeyinin dəyişdiyini başa düşmək olur. Rusiyanın dalınca ABŞ da stolun üstündə olan tənzimləmə variantını Ermənistan tərəfindən qəbul edilməsinə çalışır. Tənzimlənmə variantının mahiyyətinin isə L.Ter-Petrosyan açıqlayıb.
Bunlardan bir az öncə Ermənistanın Nəqliyyat, Rabitə və İnformasiya texnologiyaları naziri V.Martirosyan alternativ kommunikasiya marşrutu axtarışında olduqlarını və alternativ variant dedikdə Cənubi Osetiyanı nəzərdə tutulmadığını bildirmişdi. Başqa sözlə, Mehri dəmir yolu anlayışını gündəliyə gətirmişdi.
Daha öncə isə həmin bu erməni nazir Ermənistanın Axalkalaki-Qars dəmir yoluna qoşulmasının mümkünlüyünü bildirmişdi. Ermənistanda hamı bilir ki, Qars-Axalkalaki dəmir yoluna qoşulmağın icazəsini yalnız Azərbaycan verə bilər.
Ermənistanın hakim elitasının davranışında baş verənlərin bəlli konkret istiqaməti diqqəti çəkir. Prezident S.Sərkisyan Dağlıq Qarabağda bunu nümayiş etdirdi: Əvvəlcə “İskəndər”-lə hədələdi, sonra orduya geri çəkilmə əmrinin verilməsindən danışdı”.
1news.az