Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivinin mümkün problemləri
Ermənistanın indiki nəsli Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquqa cavab verən həllinə hazır deyil. Böyük əksəriyyət Ermənistanın problemlərinin mənşəyini Dağlıq Qarabağ münaqişəsində görür. Dünya erməniliyinin də sürətli reqressiyasını da Dağlıq Qarabağ problemi ilə əlaqələndirirlər. Erməni ziyalılarının içərisində cüzi qisim Azərbaycanın mövqeyini düzgün hesab edir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı xəbəri şərh edərkən bildirib:
“Levon Ter-Petrosyanın dedikləri həqiqət olsa da, siyasətə xidmət edir. Onun dedikləri Ermənistanın rəsmi siyasətinin ifşasına yönəlib. Bu şəxs bir dəfə də olsun azərbaycanlıların ətraf rayonlara, Dağlıq Qarabağın ərazisinə və Ermənistan respublikasına qayıtmasından danışmayıb. Madrid prinsiplərində bu məsələlər həmişə aktual olub. Yalnız Edvard Cerecyan Dağlıq Qarabağ məsələsi ilə bağlı real həqiqəti publik şəkildə bildirib. Ermənistanın indiki siyasi elitası reallığı əhalidən gizlətməklə məşğuldur. Hamı çalışır ki, onun həyatda olduğu müddətdə Dağlıq Qarabağ problemi həll olunmasın. Dağlıq Qarabağın həlli dedikdə ətraf rayonların dərhal, Dağlıq Qarabağın özünün isə tədricən Azərbaycana qaytarılması başa düşülür. Madrid prinsipləri erasında ortalığa qoyulan variantların heç birisində Dağlıq Qarabağın müstəqil olacağına, Dağlıq Qarabağ münaqişəsi regionunda yeni dövlətin yaranacağına və ya Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyinə dair heç bir eyham da yoxdur.
Dağlıq Qarabağ tənzimlənməsində beynəlxalq aləmin bir neçə konsensusu var. O konsensuslardan biri də Dağlıq Qarabağın statusunun mümkün qədər uzaq müddətdə müəyyənləşdirilməsidir. Erməni ictimai-siyasi mühiti “balans” anlayışını öz şüurlarına möhkəm yerləşdirib. Dağlıq Qarabağda Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin sayı arasında balans yaranacağı təqdirdə statusun müəyyənləşdirilməsinə başlanılacaqdır.
Ümumiləşdirək: Yaxın müddətdə Ermənistanın razılaşacağı tənzimlənmə variantı hökmən problemli olacaqdır. Hal-hazırda tənzimlənmə perspektivinin qarşısında iki məsələ dayanır:
Tənzimlənmə variantı Ermənistanla Azərbaycan arasında həm ikitərəfli, həm də regional əməkdaşlığa imkan verməlidir.
Beynəlxalq aktorların tənzimlənmədən sonrakı iştirakı minimal olmalıdır.
Birinci halda Ermənistan rəhbərliyi Azərbaycan xalqından üzr istəməli, bir daha heç zaman erməni separatçılığına imkan verilməyəcəyi barədə öhdəlik götürməlidir. Ermənistan Prezident Administrasiyanın əməkdaşları bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsi bu regiona Osmanlıdan gətirilib. Osmanlıdan bizim regiona ermənilər gəlib. Beləliklə də Osmanlıdakı münaqişəni də özləri ilə ermənilər gətiriblər.
Mehri dəmir yolunun açılması yalnız Rusiya ilə Ermənistan arasındakı əlaqələri intensivləşdirə bilər. Rusiyanın planı bəllidir; Son yaratdığı investisiya fondu həm də inteqrasiya fondudur. Başqa sözlə, Ermənistan region qonşuları ilə tam və hərtərəfli əməkdaşlığa getməyəcəksə, Mehri dəmir yolu onun Rusiyanın tərkibinə girməsini sürətləndirəcəkdir.
İkinci variantda isə Ermənistan beynəlxalq aləmin üstünə çox məsuliyyət götürməsinə çalışır. Başqa sözlə, Ermənistan çalışacaq ki, Dağlıq Qarabağda ermənilər və azərbaycanlılar arasındakı çəpər savaşı BMT TŞ-yə qədər uzansın. Amma beynəlxalq aktorların bu regionda uzun müddət qalması Qafqazda digər separatizm elementləri üçün ruhlandırıcı təsir göstərə bilər. Bu isə Rusiyanın ziyanınadır.
Daha bir ümumiləşdirmə: Ermənistanın seçmək imkanı məhduddur. Ermənistanda və dünya erməniliyində heç kim normal tənzimlənmə variantına hazır deyil. Hadisələrin gedişi Azərbaycanın maraqlarına uyğundur. 2011-ci il Kazanda Azərbaycan Prezidentinin təklif etdiyi 10 dəyişikliyi qəbul etsəydi, indi ən azı Ermənistanın bu qədər xarici borcu olmazdı. Bəlkə də büdcəsində müəyyən qədər artıq pul da toplanardı. Təbii ki, hər şey pulla bağlı deyil. S.Sərkisyanın siyasəti və Ermənistan elitasının davranışı erməniləri ölkəni tərk etməyə vadar edir. S.Sərkisyanın hərbi hədələri əhalinin miqrasiyasını daha sürətləndirəcək.
Üçüncü ümumiləşdirmə: Prezident S.Sərkisyanın variantı bəlkə də daha yaxşı variantdır: Erməni xalqı ölkəni tərk edirsə, Ermənistan dövləti də olmayacaq. Erməni dövləti olmayacaqsa, Dağlıq Qarabağ problemi də avtomatik aktuallığını itirir. Region paklıq dövrünə qədəm qoyur.
1news.az