Nigar Axundova xaricdə Azərbaycan mədəniyyətinin təşviqi haqqında – FOTO
Azərbaycan qədim zamanlardan zəngin mədəni irsi ilə məşhurdur.
Ötən yüzilliklər ərzində ölkəmizin bir çox rəssamları, şairləri, yazıçıları, musiqiçiləri və digər yaradıcı peşələrin nümayəndələri dünyada məşhurluq qazanıblar, onların yaratdıqları əsərlərə bu günə qədər tələbat var. Bununla yanaşı, fəal şəkildə inkişaf edən mədəniyyət və incəsənət sahəsi dünya ictimaiyyətini istedadlı Azərbaycan gəncləri ilə tanış etməyə davam edir.
Bu prosesdə məhz yaradıcı və tamaşaçı arasında bağ quran vasitəçilərin böyük rol oynadığını nəzərə alaraq, onların əhəmiyyətinə qiymət verməmək olmaz, çünki qeyri-maddi məhsul belə düzgün təşkil olunmuş təbliğat sayəsində "istehlakçısını" tapır.
Həm də rəsmi səviyyədə mümkün olan bütün tədbirlərin təşkilindən “ümumdünya hörümçək toru”ndan istifadəyə qədər çox müxtəlif təşviq metodları var, çünki günümüzdə veb-saytlar və sosial şəbəkələr informasiyanın insanlara çatdırılmasında, demək olar ki, qeyri-məhdud imkanlara malikdir.
Bu və bir çox digər məsələlər haqqında Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə keçmiş müşaviri, sənətşünaslıq sahəsində fəlsəfə elmləri doktoru Nigar Axundova ilə söhbət etdik.
- Sizcə, dünya ictimaiyyətinin bizim mədəniyyətimizlə tanışlığı prosesi nə dərəcədə intensiv gedir və ölkəmizin imicinin formalaşmasında onun rolu nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycanın mədəniyyət vasitəsilə ciddi şəkildə təqdim edilməsinin müəyyən başlanğıc nöqtəsi var. Məhz 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkəmiz əvvəllər olduğu kimi təkcə SSRİ çərçivəsində deyil, beynəlxalq təşkilatlarda, başqa ölkələrlə ikitərəfli münasibətlərdə öz milli mədəniyyətini təqdim etmək üçün səs hüququ əldə etdi. Bəli, ayrı-ayrı dahi ifaçılar əvvəllər də dünya səhnəsinə çıxırdı - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov musiqisi əvvəllər də Sovet İttifaqının hüdudlarından kənarda ifa olunurdu, amma onlar daha çox milli kimliyin xüsusi bir rol oynamadığı böyük ölkənin nümayəndələri kimi qəbul edilirdilər. SSRİ-nin dağılmasından sonra Azərbaycan mədəniyyəti artıq qardaş respublikaların birgə xorunda deyil, müstəqil səs kimi səslənirdi, bu da bizim imkanlarımızı xeyli genişləndirirdi və şübhəsiz, strategiyamızı qurmağımızı tələb edirdi.
Mən deyərdim ki, strategiya birdən-birə qurulmadı. 90-cı illər sadəcə mürəkkəb deyildi, ən yeni tariximiz üçün həqiqətən faciəvi illər idi. Qarabağ münaqişəsi başladıqdan, doğma ərazilərimiz işğal edildikdən, habelə kədərli yanvar hadisələrindən sonra xalqımız emosional şok vəziyyətində idi və təbii ki, mədəni həyat qeyri-müəyyən müddət üçün donmuşdu. Amma tədricən dərk etməyə başladıq ki, həqiqətlərimizi, ağrı-acımızı, faciəmizi dünya ictimaiyyətinə çatdırmaq istəyiriksə, digər Qafqaz və Şərq xalqları arasında özünəməxsusluq ilə fərqlənmək istəyiriksə, bizi tanımalı, anlamalıdırlar, bu isə o deməkdir ki, bizə inanmağa başlayacaqlar.
Və bütün çətinliklərə baxmayaraq, unudulmaz bir siyasətçinin dediyi kimi, proses gedib... 1991-ci ildə Azərbaycan İSESKO-ya, 1992-ci ildə YUNESKO-ya qoşulub, 1993-cü ildən TÜRKSOY-un fəal iştirakçılarından və yeri gəlmişkən, onun yaradılmasının təşəbbüskarlarından biri olub, 2001-ci ildə isə Avropa Şurasına daxil olub. Bu, bəhs etdiyimiz proses üçün çox mühüm məqamlardır, çünki belə böyük beynəlxalq təşkilatlara üzvlük, necə deyərlər, həm özünü göstərmək, həm başqalarına baxmaq, öz mədəniyyətin haqqında danışmaq, başqa ölkələrin iş təcrübəsini mənimsəmək, əməkdaşlıq qurmaq imkanı verir.
Mən bu prosesi daxildən izləmək xoşbəxtliyinə nail olmuşam. 2000-ci ildə mədəniyyət naziri Polad Bülbüloğlu tərəfindən nazirlikdə yeni yaradılmış Mədəniyyət Siyasəti İdarəsinin rəhbəri vəzifəsinə dəvət olundum. Bu idarə beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində əməkdaşlığa görə cavabdeh idi. Mənə həmçinin Avropa Şurası üçün Mədəniyyət Siyasəti üzrə Milli Məruzənin hazırlanmasında bilavasitə iştirak etmək nəsib olub və məruzəmizin sonradan ən yaxşı məruzələrdən biri hesab olunduğunu qeyd etmək mənim üçün çox xoşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın YUNESKO və İSESKO-nun xoşməramlı səfiri seçilməsi bu istiqamətdə əlamətdar hadisə oldu. Bu, dövlətin milli mədəniyyətin inkişafı, qorunub saxlanması və təşviqi ilə bağlı niyyətinin və buna göstərdiyi diqqətin ciddiyyətinin gözəl sübutu idi. Əminliklə demək olar ki, birinci xanımının fəallığı, beynəlxalq səviyyədə, xüsusən YUNESKO-nun qərargah-mənzilində həyata keçirilmiş bir sıra orijinal, kreativ, ambisiyal layihələr, onların həyata keçirilməsi ilə məşğul olan bütün komandanın düzgün qurulmuş işi Azərbaycanı bu təşkilatda hedlaynerə çevirdi. Və bu gün Azərbaycanın təkcə neft qülləsi və Xəzər dənizi ilə deyil, muğam, Azərbaycan xalçası, Qobustan, Novruz bayramı, yeni nəsil Azərbaycan cazı, müasir təsviri incəsənətlə də assosiasiya olunması əsasən bu illərin nailiyyətidir.
- Nigar xanım, Sizin fəaliyyət sahəniz son illər ərzində bilavasitə Rusiyada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı olub. Son vaxtlar bu istiqamətdə hansı müsbət irəliləyişlər baş verib və nümunə kimi hansı tədbirləri xüsusi olaraq qeyd etmək istərdiniz?
- Mən Rusiyada 10 ilə yaxın işləmişəm və Azərbaycan səfirliyinin humanitar məsələlər üzrə müşaviri kimi öhdəliklərimə bir çox məsələlər aid olsa da, ən çox məşğul olduğumuz sahə mədəniyyət idi. İstənilən səfirliyin işinin "mütləq proqramını" təşkil edən dövlət tədbirləri - yubileyləri, unudulmaz hadisələrin ildönümləri, milli bayramlarla yanaşı, rəssamlarımızın çoxsaylı sərgilərinin, film və kitabların təqdimatlarının keçirilməsinə, konsert və maraqlı gecələrin, teatr kollektivlərimizin qastrol səfərlərinin təşkilinə yardım edir, mədəniyyət xadimləri arasında əməkdaşlıq qurulmasına şərait yaradırdıq. Amma rəsmi layihələr çərçivəsində də biz baxılan mövzuya qeyri-formal yanaşma tapmağa, onu ayrıca bir bədii təzahür kimi təqdim etməyə çalışırdıq. Məsələn, ümummilli lider Heydər Əliyevə həsr olunmuş foto-sərgi yada düşür. Burada onun BAM-a səfəri zamanı çəkilmiş yüzə yaxın fotoşəkli ilk dəfə sərgiyə çıxarılmışdı.
Rusiyanın ən böyük səhnələrində - “Bolşoy Teatr”da (tarixi və yeni səhnələrdə), Kreml Qurultaylar Sarayında, İttifaqlar Evinin Kolonniy Zalında, Moskva Beynəlxalq Musiqi Evində, “Novaya Opera”da, Moskva Konservatoriyasının Böyük və Rahmaninov zallarında, P.İ.Çaykovski adına zalda, "Rossiya" kinokonsert zalında, Qnesinlar adına İnstitutun zalında və s. bizim tədbirlərimiz uğurla keçirilib. Azərbaycan təsviri incəsənəti Tretyakovka və Ermitajda, Mərkəzi Rəssamlar Evində və Şərq Muzeyində Multimedia Art-Muzeydə və Petrovka, 25 küçəsindəki Müasir İncəsənət Muzeyində və müxtəlif fərdi qalereyalarda nümayiş olunub.
Təşəbbüsü səfirliyin özünə aid olan layihələr mənim üçün xüsusilə əzizdir. Bu, Moskva Beynəlxalq Musiqi Evində "Azərbaycan cazının üç nəsli" konserti, “Triumf” qalereyasında Rusiya və Azərbaycan rəssamlarının "Avtoqraflar" sərgisi, M.Qlinka adına Musiqi Mədəniyyəti Muzeyində "YUNESKO şedevrləri: Moskvada Azərbaycan muğamı", İqor Butman adına caz-klubda "Vaqif Mustafazadənin ad günü", M.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda M.F.Axundovun abidəsinin qoyulması, Azərbaycan səfirliyinin bağında Nizaminin yubileyinə həsr olunmuş open air konsertidir. Bu layihələrin bir hissəsi Heydər Əliyev Fondunun bilavasitə dəstəyi ilə həyata keçirilib və fürsətdən istifadə edərək, mən Fondun vitse-prezidenti Leyla xanım Əliyevaya və onun fədakar komandasına təşəkkür etmək istəyirəm.
Fondun özünün mədəniyyət sahəsindəki layihələrinə gəlincə, onlar həmişə genişmiqyaslı olub və Rusiya isteblişmentinin, dövlət qurumlarının, yaradıcı ziyalılarının mütləq iştirakı ilə ən geniş auditoriyaya ünvanlanıb. Məsələn, Multimedia Art-Muzeydə Azərbaycanın konseptualist rəssamlarının "FLY TO BAKU" sərgisi, Mərkəzi Manejdə Georgi Pinxasovun "Bakı haqqında sevgilərlə", Andrey Bronnikovun "Azərbaycan. Ənənələr və Müasirlik", Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Reza Deqatinin "Azərbaycan. Tolerantlıq məkanı" adlı fərdi fotosərgiləri, Ermitajda Rasim Babayevin fərdi sərgisi, Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərgisi əsl rezonans doğurub.
"BAKU" jurnalı çox əhəmiyyətli informasiya layihəsidir, jurnalın mövcud olduğu illər ərzində onun səhifələrində Bakı və Azərbaycan haqqında çox sayda dəyərli məlumatlar yerləşdirilib, paytaxtımızla bu və ya digər əlaqəsi olan müxtəlif nəsil insanların obrazlarından ibarət nadir qalereya yaradıb. Sevindirici haldır ki, jurnal təkcə diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara, dövlət müəssisələrinə və kitabxanalara paylanmır, həm də mağazalarda satılır, ən geniş auditoriya arasında oxucusuna qovuşur.
Müsahibə formatında bu illər ərzində Moskvada və Rusiyanın regionlarında baş verənlərin bir qismini belə sadalamaq qeyri-mümkündür. Amma Rusiya çox böyük və hüdudsuzdur, Moskva və Sankt-Peterburq nazlı və toxdur, Rusiya tamaşaçılarının əksəriyyəti təcrübəli və tələbkardır. Buna görə Rusiyaya göstərmək istədiyimiz materiala çox ciddi yanaşmalıyıq. Rusiya tamaşaçısını təəccübləndirmək, maraqlandırmaq və valeh etmək üçün çox ciddi şəkildə çalışmaq lazımdır.
Həmçinin qeyd etmək lazımdır ki, son illər ərzində milli mədəniyyətimizin təşviqində iştirak edən tərəflərin sayı artıb və Mədəniyyət və Turizm Nazirliyi, AR-in RF-dəki səfirliyi, Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi, diaspora təşkilatları ilə yanaşı, konsertlərin və müxtəlif təqdimatların təşkili ilə məşğul olan ayrı-ayrı fərdi şəxslər də ortaya çıxıb. Təəssüflə qeyd etməliyəm ki, fərdi təşəbbüs müəllifləri heç də həmişə mədəniyyətimizin layiqli nümunələrini təbliğ etmirlər. Çox vaxt tam əksi olur. Amma, görünür, müasir şaxələnmənin mənfi cəhətləri elə bunlardır.
- Müasir dünyada geniş auditoriyanı əhatə etməyin ən optimal variantının internet olduğunu nəzərə alaraq, sosial şəbəkələr vasitəsilə də mədəni irsimizin məşhurlaşdırılması həyata keçirilir?
- Mən özüm fəal internet istifadəçisiyəm və Azərbaycan mədəniyyəti haqqında arayış məlumatları üçün müraciət edirəm. Bu mənada AZERBAİJAN.AZ saytı yaxşı bələdçidir, onun bir bölməsində müxtəlif incəsənət və mədəniyyət növləri haqqında sistemləşdirilmiş məlumatlar yer alır.
Musigi-dunya.az yaxşı informasiya resursudur. Orada musiqi, teatr, ədəbiyyat haqqında 40-dan çox sayt, bəstəkarlar, yazıçılar haqqında məlumatlar, video və audiomühazirələr, çox sayda musiqi əsərləri bir arada cəmləşir. Şübhəsiz, şəbəkədə Azərbaycan xalçaları haqqında çox məlumat var, təsviri və digər incəsənət növləri üzrə ayrı-ayrı nəşrlərə rast gəlinir. Amma internetdə belədir ki, heç də həmişə bilmirsən bu məlumat nə dərəcədə doğrudur, ona etibar etmək olarmı?..
Mən ideal olaraq Azərbaycan mədəniyyəti haqqında bütün məlumatı bir neçə dildə və materialın çox müasir şəkildə çatdırıldığı, məsələn, CULTURE.AZ kimi domeni olan vahid portalda görürəm. Burada müxtəlif saytlardan götürülmüş materiallar deyil, başa düşülən, elmi-populyar janrda, amma PEŞƏKARLAR TƏRƏFİNDƏN yazılmış dolğun orijinal məqalələr olmalıdır. Düşünürəm ki, belə bir resursun materiallarını AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları jurnalistlərlə birlikdə hazırlaya bilərdi, təsviri və texniki həll üçün isə bütün Azərbaycan üzrə tender elan etmək olardı.
Bu, böyük və mürəkkəb işdir və burada məlumatların yenilənməsinə, əlavələr, düzəlişlər edilməsinə və s. nəzarət edən daim fəaliyyət göstərən xidmət olmalıdır. Həmçinin, texniki parametrlər müntəzəm olaraq yenilənməli, istifadə rahatlığına nəzarət edilməli, istifadəçilərlə ünsiyyətdə olunmalıdır. Mən deyərdim ki, bu, böyük milli layihə, dövlət əhəmiyyətli iş və müasir dünyada ölkənin imic siyasətinin ayrılmaz elementidir.
Sosial şəbəkələr vasitəsilə yayılan məlumatlara gəlincə, onlar çox müxtəlifdir. Kifayət qədər maraqlı idarə olunan qruplar da var, lazımsız məlumatların və təkrarların çox olduğu qruplar da.
- Moskvada yaradıcılıq fəaliyyəti ilə məşğul olan həmvətənlərimiz üçün hansı şərait yaradılıb, onlara zəruri dəstək göstərilir? Mədəniyyətimizin təşviqi məsələsində Azərbaycan diasporasının rolu nədən ibarətdir?
- Bütün dünyada olduğu kimi, Moskvadakı həmvətənlərimiz də öz mədəniyyətlərinə çox bağlıdırlar. Deyərdim ki, bu, unudulması mümkün olmayan mütləq, şərtsiz, zamansız amildir. Onlar cəmiyyətin müxtəlif sosial təbəqələrinə mənsub ola bilərlər, müxtəlif siyasi və hətta dini baxışları ola bilər, maddi imkanları müxtəlif səviyyələrdə ola bilər, hətta başqa ölkə şəraitində öz dillərini belə bilməyə bilərlər, amma onların hər birinin toxumunda genetik kod var ki, milli mədəniyyət, musiqi və s. ilə qarşılaşdıqda o, özünü biruzə verir.
Yeri gəlmişkən, Londondan hələ uşaqlıqda valideynləri ilə birlikdə Azərbaycandan gedən tanışım bir dəfə mənə etiraf etdi ki: "Bakı, demək olar ki, yadımda deyil, dili bilmirəm, evdə valideynlərimlə ingilis dilində danışıram, Böyük Britaniya vətəndaşıyam, amma Azərbaycan musiqisi səslənən kimi əslində kim olduğumu başa düşürəm, yerimdə dayana bilmirəm və bu musiqini hər bir hüceyrəmdə hiss edirəm".
Məncə, çox önəmli bir etirafdır. Moskvada "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyəti var, o, uzun illərdir Azərbaycan ədəbiyyatını, müxtəlif birlikləri və cəmiyyətləri, poeziya məclisini təşviq edir, uşaqlara milli rəqslərin öyrədildiyi studiya var, Xarici Ədəbiyyat Kitabxanası nəzdində Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycan dili kursları təşkil olunub, ötən ilə qədər Kərim Kərimov adına məktəbin nəzdində Mədəniyyət Mərkəzi fəaliyyət göstərirdi (təəssüf ki, onun hazırkı vəziyyətindən xəbərim yoxdur).
Həmvətənlərimiz öz övladlarına milli rəqsləri də, dili də, milli alətləri çalmağı da öyrətmək istəyirlər, amma, təəssüf ki, heç də həmişə bunun üçün müvafiq şərait olmur. Ayrı-ayrı daha istedadlı nümayəndələrə imkan daxilində Azərbaycan səfirliyi, Heydər Əliyev Fondu, Ümumrusiya Azərbaycan Konqresi və digər diaspora təşkilatları kömək edir. Amma Moskvada mədəniyyət sahəsində dövlət siyasətinin bələdçisi, Rusiya ictimaiyyətinin nümayəndələrini cəzb edəcək bir yer və öz həmvətənlərimiz üçün əsl ev olacaq Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması zərurəti çoxdan yaranıb.
- Azərbaycanda mədəniyyət diplomatiyasının rolu haqqında nə deyə bilərsiniz? Ona yüksək diqqət yetirilirmi və o, ölkəmizin xarici siyasətinin müəyyən problemləri həll etmək, habelə dostluq münasibətləri qurmaq iqtidarında olan təsirli alətidirmi? Hansı nümunələri göstərə bilərsiniz?
- Mədəniyyət diplomatiyası Azərbaycanın xarici siyasət konsepsiyasının ayrılmaz elementidir. Xoşbəxtlikdən, mədəniyyət resursları və ölkəmizin bu istiqamətdə məqsədyönlü fəaliyyəti son illər beynəlxalq aləmdə nəzərəçarpan uğurlar əldə etməyə imkan verib.
Amma ölkənin xarici siyasəti onun öz kandarında başlayır. Buna görə də ölkə rəhbərliyi ildən-ilə məşhur siyasətçilərin, dünya elm və mədəniyyət xadimlərinin ölkəyə cəlb edilməsi yolu ilə Azərbaycanın beynəlxalq statusunun formalaşdırılması və möhkəmləndirilməsi strategiyasını həyata keçirir. Azərbaycan nadir geosiyasəti və tarixi missiyası ilə əlaqədar Qərb və Şərq ölkələri üçün inteqrasiya proseslərinin təşəbbüskarı kimi çıxış edir. Burada ilk növbədə Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunu və nəhayət, Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd etmək lazımdır.
Strateji tərəfdaşımız, yaxın qonşumuz və Minsk Qrupunun həmsədri olan Rusiyaya gəlincə, burada "ağıllar və qəlblər uğrunda mübarizə" bir dəqiqə də olsun dayanmamalıdır. Mən deyərdim ki, burada 24/7 rejimində iş aparılmalıdır.
"Yumşaq qüvvə" nəzəriyyəsinin müəllifi, Amerikalı politoloq Cozef Nay bir dəfə deyib ki, "televiziya və kinonun gücü 1989-cu ildə Berlin divarının yıxılmasına gətirib çıxarıb". Səmimi qəlbdən ümid etmək istəyirəm ki, bir çox mühüm beynəlxalq problemlərin həllində Azərbaycan öz "yumşaq qüvvəsinin" gücündən istifadə edə biləcək.
Leyla Məmmədova
Foto: Nigar Axundovanın şəxsi arxivi
Məqalə Aİ Şərq Tərəfdaşlığı-nın "Mədəniyyət və Kreativlik" Proqramı ilə əməkdaşlıq çərçivəsində hazırlanmışdır.
www.facebook.com/culturepartnership