Mart ayında 10 ədəd tank əleyhinə mina və 3437 PHS zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cari ilin mart ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçən ay ərzində 1 686 047 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Aparılmış əməliyyatlar nəticəsində 3,437 ədəd PHS, 10 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu ilin mart ayı ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.
Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 131 nəfər inzibati heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
Məlumata görə, indiyədək cəmi 398 670 503 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı isə 760 344-dür.
Mart ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Qazax, Yevlax və Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
1news.az