Mübariz Əhmədoğlu: Tramp administrasiyası Rusiyaya təzyiqi kəskin artırıb
ABŞ-la Rusiyanın münasibətlərində Rusiyanın passivliyi göz qabağındadır. RF prezidenti V.Putin ABŞ-ı çox böyük dövlət hesab edir və onunla əlaqə qurmağa hazır olduğunu bildirdi. Onun fikrincə, dialoqun qurulmasında çox şey ABŞ-dan asılıdır. RF prezidenti ABŞ-ın Alyaska ştatındakı hərbi fəaliyyətini Rusiya üçün təhlükə hesab edir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ABŞ-Rusiya münasibətləri, eləcə də Ermənistan prezidentinin Fransaya səfəri ilə bağlı xəbəri şərh edərkən bildirib:
RF ABŞ-ın RƏMS-indən qorxur, bu sistemin bütün aşağı orbitli kosmik aparatlara təhlükəli olduğunu bildirdi. ABŞ-ın Rusiyaya qarşı siyasətində isə iki element diqqəti çəkir. ABŞ-ın siyasi elitasının Rusiya mövzusunda psixozluğudur. Rusiya ilə ən kiçik əlaqə ABŞ-da hədsiz ajiotaj yaradır. Trampın təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri A.Flinnin hansısa tədbirdə Rusiya məktəblisinin sualına cavab verməsi mühüm geosiyasi təsirli hadisə kimi qəbul edilir. Həmin Flinnin Türkiyənin xeyrinə Gülən barədə məlumat toplaması haqqında ciddi məlumatların aşkarlanmasına baxmayaraq bu məsələ diqqəti cəlb etmədi.
Trampın və komandasının antirusiyaçılığı qorxu instinktinə söykənir. D.Tramp konqres tərəfindən impiçment olacağından qorxur. Rusiya ilə siyasətinin mahiyyətini üzvü olduğu “Respublika” partiyasının siyasətçilərinə izah edə bilmir. Çünki siyasətçilərin qəbul etdiyi ampluada olan prezident deyil. Ona görə Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirir, yeni sanksiyalar tətbiq edir. Bəzən bunu Obamanın dövründə hazırlanmış sanksiyalar adlandırır. Tramp administrasiyası Çinlə əməkdaşlığı Rusiya ilə əməkdaşlıqdan daha üstün tutdu. Hətta Makkeynə bəllidir ki, Çin strateji baxımdan ABŞ üçün Rusiyaya nisbətən daha təhlükəli dövlətdir. Sadəcə Rusiyanın cari dövrdə məşğul olduğu məsələlər ABŞ-a strategiyanı unutdurur. ABŞ Suriya məsələsində də Rusiyanın bu vaxtadək qurduqlarını dağıtmaqla məşğuldur. Tramp administrasiyası Suriya danışıqları üzrə Astana müstəvisinə mövqeyini dəyişmədi, sanballı nümayəndə heyəti ilə təmsil olunmadı.
ABŞ-ın mövqeyindən ruhlanaraq Suriyanın silahlı müxalifəti Astana danışıqlarında iştirakdan imtina etdi. ABŞ Dövlət Departamenti rəsmən bunu təqdir etdi. Suriya tənzimlənməsi üzrə əsas ağırlıq Cenevrə danışıqlarının üzərinə keçirilir. Xüsusi qeyd olunmalıdır ki, Türkiyə Suriya müxalifətinin Astanada nışıqlarında iştirak etməməsi istiqamətində fəaliyyət göstərdi. Rusiya Suriya və İran müxalifətinin Astana danışıqlarında iştirakdan imtinasına görə Türkiyəni qınadılar. Rusiya ilə əlaqəli kürdlər isə Cenevrə danışıqlarından imtina etdi. Ukrayna məsələsində də Tramp administrasiyasının Rusiyaya münasibəti Obama dövrünə nisbətən daha kəskinləşib.
Üç ay hakimiyyətdə olmasına baxmayaraq Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinin Krım məsələsindən asılılığını rəsmi şəkildə dörd dəfə hallandırıb. Bəlkə də bütün Ukrayna hadisələri dövründə Obama administrasiyası cəmi dörd dəfə belə şərti publik açıqlamışdı. Rusiyanın daxili həyatına Tramp administrasiyasının müdaxiləsi çox erkən baş verdi. Müxalifətin Moskvanın mərkəzində keçirdiyi mitinqin aktivliyi və təşkilatçılığı diqqət çəkir. Görünür, bu mitinq Trampın Rusiyanın daxili ilə məşğul olacağının mesajını vermək üçün təşkil edilib. RF Prezidentinin Mətbuat Xidmətinin rəhbərinin fikrincə, indi Rusiya-ABŞ münasibətləri “soyuq müharibə” dövrünə nisbətən daha pisdir.
Ermənistan prezidentinin Fransaya səfəri iflas kimi xarakterizə etmək olar
Dağlıq Qarabağ məsələsində Olandın toxunduğu üç məsələnin hər üçü Ermənistanın siyasətinə zidd idi. F.Oland status-kvonu ən pis şey adlandırdı və dözülməz olduğunu bildirdi. Ermənistan status-kvoda maraqlıdır. F.Oland itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi prosesinin yaxşı başlandığını və sonradan isə dayandığını bildirdi. Bu F.Olandın S.Sərkisyanın tənzimlənmə elementini şəxsən pozmasına dair açıq mətnlə etirazı idi. İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsindən nəzəri metodoloji məsələlər işlənib hazırlandı.
Bu məsələ 2014-cü ilin oktyabrında prezidentlərin Paris görüşündə müzakirə olundu və görüşün yekun bəyanatına salındı. Sonradan məzarlıqlardan tapılan meyitlərin şəxsiyyətinin müəyyənləşməsi üçün DNT analizinin istifadə olunacağını bilən S.Sərkisyan bundan imtina etdi. Oland prezidentliyinin son dövründə Dağlıq Qarabağ tənzimlənməsində uğur əldə etməklə tərcümeyi-halını yaxşılaşdırmaq istəyirdi. S.Sərkisyan Parisdə yeni görüşə razılıq vermədi. Bunu sonradan Fransa diplomatlarının açıqlamaları və Azərbaycan Prezidentinin F.Olandla görüş zamanı danışıqların bərpasının ilk addım kimi zəruriliyinə dair verdiyi bəyanat da sübut edir.
Çoxsaylı görüşlər keçirildi
Prezident S.Sərkisyan Fransadakı ermənilərlə görüşdə erməni diasporunu Ermənistanın dənizə çıxışı adlandırdı. Fransanın iş adamlarını Ermənistana dəvət etdi. Onlara güzəştli şərait yaradacağına vəd verdi. Burada da üç məsələ S.Sərkisyanın yalançılığının şahididir: S.Sərkisyanın prezidentlik müddəti başa çatır. Gələcək statusu bəlli deyil. Prezident olarkən diaspor və fransalı iş adamlarına şərait yaratmayan S.Sərkisyan qeyri-müəyyən statusda ümumiyyətlə heç bir iş görə bilməz.
Bütün Fransa elitası “Karfur” ticarət şəbəkəsinin Yerevanda başına açılanlardan xəbərdardır. S.Sərkisyan “Karfur”u təmtəraqla dəvət etmişdi. Sonradan Rusiya ilə əlaqəli biznesmenlərin təzyiqi ilə “Karfur” ticarət şəbəkəsinin işə düşməsinə imkan verilmədi. Fransanın Ermənistandakı səfiri F.Şarpantye səfərdən sonra sensassion açıqlama verdi: Ermənistanda hal-hazırda Fransız dilini bilənlərin və öyrənənlərin sayı hətta SSRİ dövründə olduğundan da aşağı düşüb. Səfirin bu məlumatı səfərdən sonra açıqlaması bu məlumatın əvvəlcədən bəlli olması anlamına gəlmir.
S.Sərkisyan Fransa iş adamlarını sanki İrana dəvət etdi. Bu, əslində prezidentinin Ermənistan dövlətçiliyinin iflasının etirafı deməkdir. Bu kontekstdə Ermənistan prezidentinin beynəlxalq məsələlərdə Fransa ilə Ermənistanın eyni mövqedə olması ilə bağlı dedikləri yalnız nadanları aldada bilər.
Özbəkistan prezidenti Ş.Mirziyayev ilk səfərini Türkmənistana etdi
İkinci səfəri Qazaxıstana oldu. Amma əvvəlcədən onun ilk səfərinin Rusiyaya olacağı bildirilmişdi. Ş.Mirziyayevin səfər marşrutunun belə dəyişməsi geosiyasi tutumludur və təsadüfi deyil. Regionun əhali sayına görə ən böyük və coğrafi baxımdan mərkəzdə yerləşən Özbəkistanın yeni prezidentinin ilk səfəri hökmən region dövlətlərindən birinə olmalı idi. Özbəkistan və Qazaxıstan təkcə prezidentlərin arzularına görə rəqib deyildilər. Baza parametrləri bunları rəqib edib. Ona görə Ş.Mirziyayev ilk səfərini Türkmənistana etdi. Nəzərə alınmalıdır ki, Özbəkistanda 500 min türkmən, Türkmənistandada təxminən o sayda özbək yaşayır. Əhali baxımından Türkmənistan Özbəkistandan 4 dəfə kiçikdir. Ərazi baxımından bərabərdirlər. Görünür Ş.Mirziyayevin ilk səfər marşrutu müəyyənləşdirilərkən bu amillər də nəzərə alınıb.Türkmənistana dövlət səfər edən Ş.Mirziyayev prezident Q.Berdıməhəmmədovla ikitərəfli iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdi, sənədlər və birgə bəyannamə imzalandı. Nəqliyyat-kommunikasiya məsələlərinin müzakirəsi öndə oldu.
Bir az irəli gedərək bildirək ki, nəqliyyat məsələsi Ş.Mirziyayev üçün ən aktual məsələlərdən biridir. Qazaxıstana səfəri zamanı da nəqliyyat koridorları mövzusu aktiv müzakirə edildi. Bundan az keçmiş Özbəkistanın nümayəndə heyəti Azərbaycana səfər edərək dəniz və dəmir yolu nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdi. Bildirək ki, Özbəkistanın Xəzər dənizinə birbaşa çıxışı yoxdur.
Bu ya Türkmənistan və ya Qazaxıstan vasitəsilə reallaşmalıdır. Prezident Q.Berdıməhəmmədovun da Özbəkistanla əlaqələrə marağı var. Türkmənistanın Lebap vilayətinin mərkəzi şəhəri olan Türkmənabadda İslam Kərimovun büstünün təntənəli açılış mərasimi keçirildi. Hər iki prezident bu mərasimdə iştirak etdi. Lebap vilayəti Özbəkistanın Buxara vilayəti ilə həmsərhəddir və əhalisinin əksəriyyəti özbəklərdir.
Qazaxıstana dövlət səfəri edən Ş.Mirziyayev prezident N.Nazarbayevlə iki ölkə arasındakı münasibətlərin bütün sahələrini müzakirə etdilər. İki ölkə arasındakı dövlət sərhədinin uzunluğu 2350 km-dir. N.Nazarbayev Özbəkistanla Qazaxıstanı dost ölkə adlandırdı və bu dostluğun bünövrəsinin özü ilə dostu İ.Kərimov tərəfindən qoyulduğunu bildirdi. Ş.Mirziyayev Qazaxıstanın BMT TŞ qeyri-daimi üzv seçilməsinə xüsusi diqqətayırdı; Bu postda Qazaxıstan regional təhlükəsizlik məsələlərinə, xüsusilə Əfqanıstana xüsusi diqqət ayıracağını bildirdi. Ş.Mirziyayevin səfəri zamanı imzalanan və imzalanması razılaşdırılan sənədlərin sayı 75-ə çatdı.
Qazaxıstanda əhalinin sosial vəziyyəti nisbətən aşağı düşdüyü üçün az litrajlı maşınlara tələbat çoxdur. Bu məqsədlə Özbəkistanda istehsal olan “Ravon” markalı maşınlara tələbat artıb. Hətta bu özbək maşınlarının Qazaxıstanın Kustanay şəhərində yığılması nəzərdə tutulmuşdu. Ş.Mirziyayevin Qazaxıstana səfəri ərəfəsində Almaatı-Daşkənd sürət qatarı işə düşdü. Bu qatar 670 km-lik məsafəni 16,5 saata qət edir. Prezidentlərin razılaşması nəticəsində iki ölkə arasındakı keçid məntəqələri 24 saat işləyəcək. İki ölkənin paytaxtları arasında daha iki aviareysin açılması da razılaşdırıldı. Özbəkistanda tanınmış universitetlərin birində rus dili mərkəzi açıldı.
“Qazprom”-un (RF) sədri A.Miller Özbəkistana səfər etdi, prezident Ş.Mirziyayevlə görüşü özü üçün böyük şərəf adlandırdı. A.Miller 5 il müddətinə Özbəkistan qazını almaq haqda müqavilə imzaladı. Bu müqavilənin siyasi tutumu da var: Rusiya ilə Özbəkistan arasında siyasi əlaqələri möhkəmləndirmək. Ş.Mirziyayevin ölkə daxili fəaliyyəti də inqilabi təəssürat yaradır. Nəvaidə qızıl zavodu işə düşdü. Novruz bayramının publik şəkildə qeyd olunmasına icazə verildi. İ.Kərimovun dövründə Novruz təntənələri qadağan idi.
Paytaxt Daşkəndin ən uzun küçəsinə İ.Kərimovun adı verildi. Tanınmış özbək müxalifətçisi, indi ölkədən kənarda yaşayan M.Salih Ş.Mirziyayevi təbrik etdi və onu dəstəklədi. O, əvvəlcə Ş.Mirziyayevin prezidentlik postuna yiyələnməsini antikonstitusion adlandırmışdı. Özbəkistan prezidenti Ş.Mirziyayev dövlət televiziyasının əsas “Xəbərlər” proqramını (Axborot) tənqid etdi. Ura-patriotizm vaxtı keçdi. Telekanallarda tənqidi və analitik materiallar yer tapmalıdır. Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistana qayıda bilər. Hökumətin baş nazirinin müavini R.Əzimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər etdi. O, R.T.Ərdoğan başda olmaqla Türkiyə rəhbərliyi ilə görüşlər keçirib. Türkiyənin iş adamları hələ ki, Özbəkistana tələsmirlər.
1news.az