Qeyri-sabit status-kvo: Avropadan anti-Avropaya dönüş - Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Qeyri-sabit status-kvo: Avropadan anti-Avropaya dönüş - Newtimes.az

20:28 - 07 / 04 / 2017
Qeyri-sabit status-kvo: Avropadan anti-Avropaya dönüş - Newtimes.az

Son dövrlərdə mütəxəssislər dünyanın böyük güc mərkəzlərindən olan Avropa İttifaqının indiki durumu və gələcəyi ilə bağlı analizlərini və proqnozlarını artırıblar. Hiss olunur ki, bütövlükdə bu təşkilatın taleyindən narahatlıq vardır.

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Maykl Spens həmin kontekstdə maraqlı analiz apardığı yazı dərc edib. Məqalədə Aİ-də mövcud durum, onun səbəbləri və mümkün nəticələri təhlil edilib. Amerikalı alim kifayət qədər əsaslı və maraqlı arqumentlərdən çıxış edir. Onun Aİ-nin gələcəyi ilə bağlı gəldiyi qənaətlər aktual göründüyündən, onlar üzərində geniş dayanmağa ciddi ehtiyac duyulur.

Aİ-də "gizli iqtisadi risklər": tendensiya güclənir

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Nyu-York Biznes Universitetinin professoru, Honkonqdakı Asiya Qlobal İnstitutunun sədri Maykl Spens Avropa İttifaqının (Aİ) taleyi ilə bağlı maraqlı məqalə dərc edib (bax: Michael Spence. Europe or Anti-Europe? / "Project Syndicate", 28 fevral 2017).

Mütəxəssis, əslində, bəlli məsələdən yazır. Ancaq iqtisadçı kimi təşkilatın qarşılaşdığı problemləri maraqlı təhlil edir. Gəldiyi qənaətlər də diqqəti çəkir. M.Spens irəli sürdüyü proqnozlarında obyektiv olmağa çalışır. Onun ilk qənaətinə görə, Aİ ölkələrinə sərmayə qoymaqda "gizli risklər" meydana gəlib (bax: əvvəlki mənbəyə). Zahirən Avropa dövlətlərinin iqtisadiyyatına investisiya yatırmaq cəlbedici və perspektivli görünür, lakin dərin iqtisadi analiz bir sıra sahələrdə açıq görünməyən risklərin mövcudluğunu üzə çıxarır. Bu səbəbdən iqtisadçı Aİ ölkələrinə sərmayə qoyarkən, yerli şəraiti bilən və gözlənilməz riskləri hesaba alan yerli iş adamları ilə ünsiyyət qurmağı məsləhət görür.

Özlüyündə maraqlı faktordur. Çünki beynəlxalq reytinq təşkilatlarında Avropa adətən yüksək etibarlı məkan kimi təqdim edilir. Əslində, reallıqda da bu, belədir. Buna baxmayaraq, M.Spens olduqca vacib bir tendensiyaya işarə edir. O, müqayisə üçün deyir ki, Çin, Hindistan və Braziliyada da eyni risklərə rast gəlmək olur. Ancaq avrozona getdikcə "iki fərqli sürətlə hərəkət edən... ölkələrin iqtisadi blokuna çevrilməkdədir" (bax: əvvəlki mənbəyə). Sərmayəçiləri həm də bu tendensiyanın mümkün siyasi fəsadları narahat edir!

Etiraf edək ki, bu, artıq ciddi diqqətə alınmalı arqumentdir. Konkret deyilsə, M.Spens Aİ-də qeyri-sağlam iqtisadi mühitin rüşeymlərinin yarandığını və bunun siyasi dairələrə də təsir edəcəyindən danışır. Həmin proses meydana gizli risklər çıxarmaqdadır ki, bu da zaman-zaman Aİ-nin iqtisadi-sosial və siyasi mühitini silkələyə bilər.

Mütəxəssis konkret faktlarla fikrini sübut edir. İtaliyanın real ÜDM-i indi 2001-ci il səviyyəsindədir. İspaniyada işlər daha yaxşıdır. Ancaq onun da real ÜDM-i 2008-ci il səviyyəsindədir. Fransa və Avropanın cənub ölkələrində bərpa prosesinin tempi çox zəif, işsizlik isə yüksəkdir və orta hesabla 10% təşkil edir. Ancaq yaşı 30-dan aşağı olan gənclər sırasında işsizlik daha yüksək rəqəmlə ifadə olunur (bax: əvvəlki mənbəyə).

Sonra. Dövlət borcunun səviyyəsi Aİ ölkələrində ortalama ÜDM-in 100%-ni təşkil edir. İtaliyada isə 135%-ə çatıb. Bu zaman inflyasiya və real artım tempi aşağı olaraq qalır ki, bu da "süründürməçi borc pərdəsi" (M.Spens) yaradır.

Nobel mükafatı laureatı avrozona ölkələrinin rəqabət qabiliyyətinin divergensiya nəticəsində güclü variasiya etdiyini ayrıca vurğulayır. Bunun təkanverici faktoru Aİ-nin vahid valyuta sisteminə keçməsi olub. Bir az sadə dildə deyilsə, vahid valyutası olan Aİ-nin üzv dövlətlərinin iqtisadi potensialı və inkişaf dinamikası arasındakı fərqlər getdikcə özünün neqativ təsirini göstərib. Meydana sosial-iqtisadi təkamüldə divergensiya (şaxələnmə) çıxıb. Bu proses son illər ziddiyyətli xarakter alıb. Aİ öz-özündən ziddiyyət yaradan iqtisadi sistemə çevrilir.

Bu tendensiyanı avronun zəifləməsi bir qədər yumşaldıb. Lakin, M.Spens qeyd edir ki, proses tamamilə aradan qaldıra bilmir. Deyək ki, Almaniyada yüksək səmərəlilik qalacaq, ancaq təşkilatın digər ölkələrində xarici ticarət iqtisadiyyatda artım tempinin qeyri-qənaətbəxş səviyyədə qalmasına imkan yaradacaq (bax: əvvəlki mənbəyə). Bu vəziyyət, ümumiyyətlə, avrozonanın taleyini sual altına alır.

İki ssenari: qeyri-sabitlikdən "siyasi qısaqapanma"ya doğru

Bunlardan belə qənaət əldə etmək olar ki, Avropa maliyyə böhranından sonra tədrici bərpa mərhələsinə keçməyib, "aşağı tempdə artımın yalançı-sabit tarazlıq tələsi"nə düşüb (bax: əvvəlki mənbəyə). Kifayət qədər əhəmiyyətli nəticədir. Geniş aspektdə baxdıqda, bütövlükdə Aİ-nin bir sosial-iqtisadı sistem olaraq yeni inkişaf səviyyəsinə deyil, aldadıcı tarazlıq görüntüsü verən qeyri-müəyyən bir vəziyyətə transformasiya olunduğunu etiraf etmək lazım gəlir. Kvazi-sabit tarazlıq strateji kontekstdə təhlükəli bir haldır. Bu o deməkdir ki, təşkilat, ümumiyyətlə, təkamül istiqamətini itirə, o cümlədən inteqrasiya xəttindən yayına bilər.

Həmin sırada mütəxəssis iş yerləri və gəlirlərin qütbləşməsinin cəmiyyətdə gəlir bölgüsünə təsirini kütləşdirməsini ayrıca vurğulayır. Bu prosesə konkret olaraq, qloballaşma, avtomatlaşdırma, rəqəmsal texnologiyalar ciddi təsir göstərir (bax: əvvəlki mənbəyə).

Bütün bunlar dünya iqtisadiyyatında 2000-ci ildən müşahidə edilən dəyişikliklər çərçivəsində çox əhəmiyyətli görünür. Birincisi, avro büdcə siyasəti və tənzimləmə sahələrində eyni zamanda çeşidləmə aparılmadan daxil edildi. İkincisi, Çin Ümumdünya Ticarət Təşkilatına üzv oldu və dünya iqtisadiyyatına daha sıx inteqrasiyaya başladı. Üçüncüsü, rəqəmsal texnologiyalar iqtisadi strukturlara, iş yerlərinə və qlobal çatdırılma zəncirinə getdikcə daha çox təsir göstərməyə başladı. Nəticədə, qlobal məşğulluq modeli dəyişdi və rutin işlərlə bağlı olan iş yerlərinin yox olması sürətləndi (bax: əvvəlki mənbəyə).

Bu proseslərin çoxsaylı nəticələrindən ikisini qeyd etmək kifayətdir. Almaniya 2003-2006-cı illərdə rəqabətə davamlılıq və struktur sahələrində ciddi islahatlar həyata keçirərək, yeni situasiyaya adaptasiya potensialını yüksəltdi. 2005-ci ilə tekstil ticarəti ilə bağlı qoyulan məhdudiyyətləri əks etdirən beynəlxalq sazişin müddəti bitdiyindən, Çin və Banqladeş həmin istiqamətdə fəaliyyətlərini genişləndirdilər. Nəticədə, yalnız 2005-ci ildə Qərb ölkələrinə tekstil malları və geyim əşyalarının ixracı 2 dəfə artdı. Bu dəyişiklik Avropanın zəif inkişaf etmiş ölkələri və bütün dünyanın inkişaf etməkdə olan az rəqabətqabiliyyətli ölkələri üçün ağır fəsadlara səbəb oldu (bax: əvvəlki mənbəyə).

Yuxarıda vurğulanan neqativ məqamların yekun təsiri isə bir sıra ölkələrdə iqtisadiyyatın inkişaf modellərində disbalansa gətirib çıxardı. Bəzilərində dövlət borcu artdı, əmlak bazarında borc köpüyü yarandı. M.Spens bunların ümumi fəsadını belə xarakterizə edir: "Həmin inkişaf modelləri dayanıqsız idilər və nəhayət ki, çökdülər, iqtisadiyyatın baza struktur zəiflikləri kəskin şəkildə üzə çıxdı" (bax: əvvəlki mənbəyə).

Məhz bu məqamdan sonra Avropada özünü göstərən yeni siyasi tendensiya ciddi təhlükəyə çevrilməyə başladı. Onun adını "sağ populizm" qoysalar da, Avropa iqtisadi reallığının birbaşa siyasi ifadəsidir. Həmin hadisənin əsas məzmunu anti-Avropa siyasəti aparmaqdan ibarətdir. Yəni iqtisadi problemlər əsas olaraq Aİ-nin bir struktur olaraq perspektivli olub-olmaması məsələsini aktuallaşdırdı.

Populizm yaxın illərdə səngiməyəcək. Mövcud iqtisadi problemlər buna imkan verməz. Aİ faktiki olaraq iki ssenaridən birini seçməlidir. Onlardan birincisi hazırkı sistemin məhdudlaşdırıcı parametrlərə daha çox üstünlük verməsi ilə əlaqəlidir. Aİ təşkilat olaraq üzvlərin üzərinə çoxlu məhdudiyyət qoyur. Məsələn, üzv dövlətlərin düşdüyü çətinliklərdən özlərinin çıxmasını tələb edir. Bu iki məqam bir-birinə uyğun deyil.

İkinci ssenari ondan ibarətdir ki, Aİ indiki ziddiyyətlərin real həllinə çalışar. Bu, Avropada inteqrasiyanı gücləndirər və iqtisadi inkişafı stimullaşdırar. Ancaq M.Spens hələ heç bir ssenariyə üstünlük verə bilmədiyini yazır. O, bütövlükdə "status-kvo qeyri-sabitdir və uzun müddət qala bilməz" nəticəsini çıxarır. Yəni Aİ hələ "qaranlıq dəhlizdən" xilas ola bilməyib. Bu proses ABŞ və Böyük Britaniyada olduğu kimi, "siyasi qısaqapanma" yarada bilər ki, bu da təşkilatın növbəti siyasi böhran müstəvisinə transformasiya ola biləcəyi ehtimalının qalması deməkdir.

Newtimes.az

Paylaş:
595

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər