“Bakı K-pop Festivalı” keçiriləcək
Koreyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi çərçivəsində aprelin 29-da Bakı Dövlət Universitetində “Bakı K-pop festivalı” təşkil edəcək.
1news.az-a Koreyanın Bakıdakı səfirliyindən verilən məlumata görə, tədbir çərçivəsində K-pop müsabiqəsilə yanaşı azərbaycanlı müğənninin ifası, biletlər əsasında lotereya və Koreyaya dair fotosərgisinin keçirilməsi də planlaşdırılır.
Bu il dördüncü dəfə təşkil ediləcək müsabiqədə keçən il 21 komanda tərkibində 37 nəfər uğurla iştirak edib. Bakı K-pop Festivalı Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Bakı Dövlət Universiteti və Azərbaycandakı Koreyasevərlər Assosiasiyasının (HANSAMO Azerbaijan) dəstəyi ilə həyata keçirilir. Nuray Kərimovanın sədri olduğu HANSAMO Assosiasiyası onlayn facebook səhifəsi vasitəsilə 2000-ə yaxın Koreyasevəri və K-pop sevəri öz ətrafında cəmləyir.
Bakı K-pop Festivalında ifa etmək istəyən şəxslər Koreya səfirliyinə elektron ünvan vasitəlisə müraciət edə bilərlər. Müraciət edən şəxslərin ilkin dəyərləndirilməsindən sonra 10 komanda seçilərək 29 aprel tarixində öz ifaları ilə müsabiqəyə qoşulmaq hüququ qazanacaqlar.
İştirakçılara və qaliblərə mükafatlar və diplomların verilməsi nəzərdə tutulur. Həmçinin, qalib komandanın Koreyada keçiriləcək 2017-ci il Dünya K-pop Festivalında da iştirak üçün namizədliyi irəli sürüləcək. Əlavə olaraq, birinci yer tutan komandaya 1000 manat, ikinci və üçüncü yerləri tutan komandalara isə 500 manat mükafat təqdim ediləcək, digər iştirakçılara isə hədiyyələr təqdim ediləcək.
Müsabiqədə K-pop-a maraq göstərən istənilən Azərbaycan vətəndaşı iştirak edə bilər. İştirak etmək istəyən şəxslərin 10 aprel 2017-ci il tarixindən 23 aprel 2017-ci il tarixinə qədər doldurulmuş qeydiyyat forma və ifa edəcəkləri rəqs yaxud mahnının video çarxını [email protected] elektron ünvan vasitəsilə (mövzu hissəsinə “K-pop Festivalı” yazaraq) göndərilməsi yaxud birbaşa səfirliyə gələrək təqdim edilməsi xahiş olunur.
2017-ci il Bakı K-pop Festivalının lotereya oynanacaq biletlərini 17 aprel 2017-ci il tarixindən etibarən Koreya səfirliyi, yaxud Azərbaycandakı Koreyasevərlər Assosiasiyası vasitəsi ilə əldə etmək mümkündür.
Pərvanə Sultanova