6 yaşlı uşağın qeyri-adi istedadı - VİDEO
Qəbələnin balaca pəhləvanı" adlandırılan Fateh Bağırovun bədənini şüşə kəsmir. O, sındırılmış şüşələrin üstündə ayaqyalın gəzir, başı ilə şüşələri əzir, sonra şüşələrin üstünə üzanaraq qarnının üzərinə başqa bir uşağı çıxarır.
1news.az xəbər verir ki, APA TV bu kadrları “Qəbələ” İdman Klubunun məşq zalında çəkib. Balaca pəhləvan öz məharətini nümayiş etdirir.
6 yaşlı uşağın bu qeyri-adi və təhlükəli hərəkətləri görənləri çox təəcübləndirir. Bu yaşda uşaqlar adətən sınmış şüşənin onlara xəsarət yetirəcəyindən qorxaraq onlara əl vurmağa belə ehtiyat edirlər. Lakin, balaca Fateh qorxmaz və dözümlü olduğu üçün bu işlərin öhdəsindən gələ bilir. Sınmış şüşələrin Fatehin bədəninə heç bir ziyan vurmaması hamının marağına səbəb olur.
Qəbələ şəhərində yaşayan 6 yaşlı pəhləvan Fateh Bağırov bir ildir ki, idmanın cüdo növü ilə məşğul olur.
Bu yaxınlarda Gəncədə keçirilən zona yarışında ikinci yeri tutaraq gümüş medal qazanan Fatehin ən böyük arzusu tanınmış pəhləvan və cüdo üzrə məşqçi müəllim olmaqdır:
“Mən şüşədən, saxsıdan, daşdan qorxmuram. Mən cüdo ilə məşğul oluram, yarışda ikinci yerə çıxmışam, şüşənin üstündə gəzirəm, atam qarnımda daş sındırır, uşaqlar qarnımın üstünə çıxır. Başqa uşaqlar bu hərəkətləri etməyə qorxur, amma mən qorxmuram. Məni rayonda hamı “balaca pəhləvan” kimi tanıyır. Şuşə məni kəsmir. Mən tanınmış cüdoçu olmaq istəyirəm. Çoxlu medallar qazanmaq istəyirəm”.
“Qəbələ” İdman Klubunun baş məşqçisi, idman ustası, Fatehin məşqçisi Rail İsmayılov APA TV-yə müsahibəsində deyib ki, bu uşaqda kiçik yaşlarından cüdoya böyük maraq olub.
Məşqçinin sözlərinə görə, Fateh həmyaşıdlarından fərqli olaraq çox cəld və bacarıqlıdır, o hər şeyi tez öyrənir. Bu uşağın qorxu bilməməsi həm də onun digər bir istedadını - pəhləvanlıq bacarığını üzə çıxarıb.
“Qəbələ” İdman Klubunda 100-dən çox idmançı cüdo ilə məşğul olur. Fateh bir ildir cüdo ilə məşğul olmasına baxmayaraq artıq yarışlarda fərqlənir. O, cüdoya olan həvəsi, həm də fərqli düşüncəsi və ağılı ilə seçilir. Eyni zamanda Fateh bizim bacarıqlı pəhləvanımızdır. Bu gün öz məharətini göstərdi. Fatehin fiziki göstəriciləri yaxşı olduğu üçün onun cüdoda yaxşı nəticə əldə edəcəyinə ümid edirəm. O həmyaşıdlarından fərqlidir. Həm pəhləvanlığına görə seçilir, həm də yarışlarda seçilir. Pəhləvanlıq bizim milli idman növümüzdür. Bu yaşda uşağın pəhləvanlıq eləməsi, daş və şüşə ilə bu cür təhlükəli davranması möcüzədir”.
Deyirlər ot kökü üstə bitər. Balaca Fatehin atası və əmisi də idmançıdır. Onun pəhləvan kimi yetişməsində isə atasının böyük rolu var. Ümid edirik ki, müntəzəm məşqlər edən Fateh tezliklə daha böyük məkanlarda pəhləvan kimi öz məharətini göstərə biləcək.
1news.az