Vətəni varlığınla qoru, Azərbaycan əsgəri!
2017-ci ilin mart ayı...
Elə bir ərəfədə əsgərlərimizlə görüşə gəlmişik ki, Qarabağın füsunkar təbiətini, gözəlliyini görmək xoşbəxtliyini də yaşayırıq. İndi dağlar ağ saçlarını yolub, sinəsinə yaşıl xalı sərməyə başlayıb. Elə bil addım atıb bizə yaxınlaşır, olduğundan daha əzəmətli və daha zəhmli görünür dağlar. Ancaq bununla yanaşı bizlərə könül xoşluğu ilə hərarət bəxş edir. Hiss olunur ki, təbiət bizim düşündüyümüzdən daha canlı, daha hərəkətlidir.
Təbiətin əksinə olaraq insan xarakteri çox zaman qapalı və dərkediməz olur. İlk baxışda özünü büruzə vermir. Yalnız ekstremal vəziyyətlərdə bütün çılpaqlığı ilə üzə çıxır, kimin nəyə qadir olduğu aydınlaşır. Bəzən bir fədakarlığına görə kimsə hamıya tanınır. Adı dillər əzbəri olur.
Fevralın əvvəllərində müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılan, şəxsi heyət arasında adını nümunəvilər sırasına yazdıran Elməddin Qurbanov kimi. Füzuli rayonunun Şıxlı kəndindən olan əsgərimiz müdafiə naziri ilə görüşünün xoş anlarını çözələyir, dilə gətirir:
"Həyatımda ən xoşbəxt an müdafiə naziri ilə görüşməyim və ondan qiymətli hədiyyə almağım oldu. Həmin gün çox həyəcanlı idim. Ancaq cənab nazir mənimlə söhbət etdikdən sonra həyəcanım bir az azaldı. Həmin anı mən sözlə deyə bilmərəm. Çox xoşbəxt idim".
Söhbət zamanı əsgər Qurbanov ordu rəhbəri tərəfindən bir neçə silahdaşına qiymətli hədiyyənin verilməsini hərbçilərimizə ən yüksək diqqətin bariz nümunəsi hesab etdi:
"O, əsgərlərlə çox səmimi bir söhbət apardı. Aldığım mükafatla bağlı isə deyə bilərəm ki, bu, nazirin əsgərlərə böyük etimadının göstəricisidir. Biz əsgərlər də bu etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çalışacağıq ki, komandirlərimizin dəstəyi və diqqəti sayəsində inamla irəliləyək. Torpaqlarımızı düşmən tapdağından azad edək".
“Bir daha əmin oldum ki, tapşırıqların dəqiq və qüsursuz yerinə yetirilməsi, hərbi texnikaların dərindən mənimsənilməsi, hərb işinin mükəmməl öyrənilməsi insanı uğurdan-uğura aparır. Bu hədiyyə məni zirvələr fəth etməyə ruhlandırır. Bu amil mənim üçün əhəmiyyətli olduğu qədər qürurvericidir” - deyə əsgər Elməddin Qurbanov sözünə davam etdi.
Söhbətimiz bir qənaətə gəlməyə imkan verdi ki, əsgər Elməddin Qurbanovun simasında Azərbaycan əsgəri vətənsevər, cəsarətli və qətiyyətlidir. Bəli, yüksək döyüş və mənəvi hazırlığa malik əsgər Vətənin gücü deməkdir.
Bu gün Azərbaycan Ordusunun qüdrəti deməyə əsas verir ki, əsgərlərimiz torpaqlarımızı işğaldan azad edəcəklər. O torpaqlara bir daha yad izlər dəyməyəcək. Ona görə bu Vətəni ürəyinlə, varlığınla qoru, Azərbaycan əsgəri!
Məhəmməd Əliyev