Azərbaycan və Fələstinin XİN rəhbərləri arasında təbrik məktubu mübadiləsi olub
Azərbaycanla Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
1news.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 il ərzində ikitərəfli və beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində hökumətlərimiz tərəfindən həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini vurğulayıb.
Nazir İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Fələstinin Azərbaycanın mövqeyini dəstəkləməsini minnətdarlıq hissi ilə qeyd edib və bu dəstəyin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki Elmar Məmmədyarova ünvanladığı məktubunda ötən 25 ildə Azərbaycan və Fələstinin qarşılıqlı hörmət və dəstəyə əsaslanan dərin dostluq əlaqələri qurduğunu qeyd edib.
Nazir Riyad Əl-Maliki iki ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Pərvanə Sultanova