QHT-lərdən gözlədiyimiz layihə təşəbbüsləri
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası aprelin 11-də 2017-ci ildə 2-ci qrant müsabiqəsinin mövzu, qayda və şərtlərini elan edib.
Şura hər zaman QHT-lərin cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən, ictimai aktuallıq dərəcəsi yüksək olan alternativ ideyalarına, innovativ təşəbbüslərinə söykənən layihələrini maliyyələşdirməyə üstünlük verib. Bu dəfəki müsabiqə də yuxarıda qeyd olunan meyarlardan nəinki istisna deyil, əksinə xüsusi ilə spesfik səciyyə daşıyır. Şuranın budəfəki müsabiqəsi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq 14 mövzunu əhatə edir. 2017-ci ildə 2-ci qrant müsabiqəsi analoji müsabiqələrdən mövzuların hədəfə istiqamətlənməsi baxımından daha da konkretliyi ilə seçilir.
Müsabiqə mövzularının Şuranın elektron resurslarında yerləşdirilməsinə və sosial şəbəkələrdə xeyli paylaşılmasına baxmayaraq onların hər biri haqqında ayrılıqda ətraflı izahat verilməsinin faydalı olduğunu düşünürük. İlk olaraq bunu qeyd edim ki, Şura mövzuya daha innovativ yanaşan, ölçüləbilən nəticənin əldə olunmasına indekslənən QHT layihələrinə üstünlük verəcək.
Müsabiqənin ilk mövzusu “Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, qanunsuz iqtisadi fəaliyyət, tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” adlanır.
Məlum olduğu kimi, Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollar işğal altındakı ərazilərdə məskunlaşdırmanı qadağan edir. Ancaq təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk dövrlərdən bədnam qonşumuz zəbt etdiyi torpaqlarımızda qanunsuz olaraq məskunlaşdırma siyasəti həyata keçirir. İşğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma faktları ilə bağlı indiyədək müxtəlif beynəlxalq təşkilatların və media qurumlarının hesabatları mövcuddur. BBC-nin əməkdaşı Reda El Mavinin 2015-ci ildə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən hazırladığı reportajda Suriyadakı vətəndaş müharibədən qaçaraq Ermənistana gələn 15 mindən artıq erməninin Ermənistanın şəhərlərində, habelə işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirildiyi bildirilir. Digər bir məlumatda görə isə Ermənistanın cinayətkar rəhbərliyi Suriyadan qaçqın düşən 2700 nəfərdən çox şəxsi işğal altında saxladığı Qarabağ ərazilərində məskunlaşdırıb. QHT-lər tərəfindən araşdırmalar aparılaraq bu tipli faktların daha çox və əsaslı şəkildə aşkara çıxarılması, hesabatların hazırlanması, media vasitəsi ilə və toplantılar keçirərək beynəlxalq aləmdə yaymaqla Ermənistanın ifşa olunması üçün istifadə olunması lazımdır.
Bu mövzu üzrə digər mühüm istiqamət isə hələ Sovet hakimiyyəti illərindən Ermənistanın ərazisindəki türk mənşəli toponimikanın erməni adları ilə əvəzlənməsi üçün həyata keçirdiyi fəaliyyətlə bağlıdır. Ermənistanda daşnakların hakimiyyəti dövründən 1935-ci ilədək 195 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib. 1935-ci ildən 1988-ci ilədək isə Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məntəqəsinin adı dəyişdirilib. Təkcə 1935-1988-ci illərdə 2500-dən çox tarixi yer adı Ermənistan tərəfindən dəyişikliyə məruz qalmışdır. Məlumata görə Ermənistan türk mənşəli adlar daşıyan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi prosesini 2008-ci ildə başa çatdırıb. Azərbaycan tarixinin və mədəniyyətinin vacib göstəricilərindən olan toponimlərin dəyişdirilərək saxta erməni adları ilə edilməsi faktları ilə bağlı QHT-lər araşdırmalar aparmalı və mövzunun adında da qeyd olunduğu kimi beynəlxalq ictimaiyyət problem haqqında innovativ yanaşmalarla məlumatlandırılmalıdır. Bunun üçün QHT-lər adıçəkilən mövzuyla bağlı sosial çarxların, hesabatların hazırlanması, kitab və məqalələrin nəşri kimi layihə təklifləri ilə çıxış etməlidirlər.
2-ci mövzu - Beynəlxalq informasiya resurslarında Azərbaycan haqqında məlumatların monitorinqi və aşkarlanan nöqsanların aradan qaldırılmasına dair təşəbbüslər.
Bildiyimiz kimi mütəmadi olaraq Ermənistan, erməni diasporu və bir çox antiazərbaycan dairələr tərəfindən beynəlxalq informasiya axtarış şəbəkələrində (Google, Yahoo,Google Maps, MSN Search (Bing), Yandex və s. ) və sosial şəbəkələrdə (tvitter, feysbuq, instaqram, linkedin və s.) Azərbaycanın ərazisi, tarixi, mədəniyyəti, incəsənəti, toponimikası, dövlət rəmzləri, tarixi şəxsiyyətləri, ərazi vahidləri, hərbi, iqtisadi potensialı, müasir inkişafı və s. haqqında məlumatlar saxtalaşdırılaraq yüz milyonlarla izləyiciyə təqdim olunur. QHT-lər bu mövzu ilə bağlı araşdırmaları apararaq təhrifləri müəyyən etməli, müvafiq informasiya resurslarına davamlı müraciətlər edərək ölkəmizlə bağlı obyektiv informasiyaların yayımlanmasını təmin etməyə çalışmalıdırlar. Eyni zamanda QHT-lər bloqqer qrupların yaradılmasını, onların milli hədəflərə istiqamətlənən yazırlarla çıxış etməsini təşviq etməlidirlər. Şura qeyd olunan istiqamət üzrə daxil olacaq layihələrə üstünlük verəcək.
3-cü mövzu – Əsir və itkin düşmüş, girov götürülmüş, o cümlədən müharibədən zərər çəkmiş vətəndaşların hüquqlarının beynəlxalq təşkilatlarda müdafiəsinə, onların azad olunmasına və hüquqlarının bərpasına dair təşəbbüslər.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan 3868 şəxs vətəndaşımız itkin düşüb. Ötən dövr ərzində 1437 şəxs əsir və girovluqdan azad olunub. Beynəlxalq Qızıl Xaş Komitəsinin qeydiyyatından keçən azərbaycanlı itkin şəxslərin sayı 3773 nəfərdir.
2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda doğma yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənovisə öldürülüb. İşğal altında olan Azərbaycan ərazisində - Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində “məhkəmə” tamaşası qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Bu beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.
QHT-lər beynəlxalq təşkilatların diqqətini əsasən bu iki şəxsin girov götürülməsi faktına yönəltməli və onların simasında girovların hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək xarakterli layihələrlə müraciət etməlidirlər. Məsələn QHT-lər dünyanın müxtəlif ölkələrində, xüsusi ilə Avropanın siyasi mərkəzlərində (Brüssel, Strasburq, Vyana, Cenevrə və s.) Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə aksiyaların keçirilməsini, həmçinin onların hüquqlarının kobud şəkildə pozulması ilə bağlı xarici ölkələrin media orqanlarında yazıların yayımlanmasını təşkil etməlidirlər.
4-cü mövzu - Xocalı soyqırımının 25 illiyi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması.
1992-ci ilin 26 fevralında törədilmiş Xocalı soyqırımının 25 illiyi bildiyimiz kimi dövlət səviyyəsində qeyd olunub. Ancaq QHT-lər 2017-ci ilin sonunadək bu istiqamətdə tədbirlərin təşkilini və beynəlxalq ictimaiyyətin soyqırımla bağlı məlumatlandırılmasını davam etdirməlidir.
QHT-lər Xocalı soyqırımı ilə bağlı dünyanın aparıcı xarici dillərində (ingilis, alman, rus, ispan, ərəb, fransız və s.) filmlər, sosial çarxlar hazırlamalı, müxtəlif ölkələrin nüfuzlu mətbuat orqanlarında təhlil xarakterli məqalələrlə çıxış etməli, xarici ölkələrin universitetlərində foto, kitab sərgiləri, film nümayişləri təşkil etməlidirlər.
5-ci mövzu – Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliğinə dair təşəbbüslər.
Bu mövzu istiqaməti üzrə QHT-lərdən aprel döyüşlərində şəhid olan, eləcə də döyüşlərdə iştirak edən silahlı qüvvələrimizin digər əsgər, gizir və zabitlərinin qəhrəmanlığının təbliği, həmçinin bu döyüşlərdə şəhid oan şəxslərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində layihələrin hazırlanması tövsiyə olunur. Layihələrin aprel döyüşlərində şəhid olan və qəhrəmanlıq göstərmiş digər şəxslərlə bağlı kitabların çapı, filmlərin və sosial çarxların, xatirə lövhələrinin hazırlanması, anım tədbirlərinin təşkili və s. məsələlərə həsr olunması tövsiyə olunur.
6-cı mövzu - Cəbhəyanı bölgələrdə müvafiq tədbirlərin təşkilinə dair təşəbbüslər.
QHT-lər bu mövzu istiqaməti üzrə cəbhəyanı bölgələrdə əhalinin ruh yüksəkliyinin artırılmasını, müxtəlif tədbirlərin, konsertlərin və idman yarışlarının təşkilini, kiçik sahibkarlığın stimullaşdırılmasını, təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin QHT-lərlə yaxından əməkdaşlığını özündə ehtiva edən layihələrlə çıxış etməlidirlər.
7-ci mövzu - Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinə həsr olunmuş təşəbbüslər.
Bildiyimiz kimi ötən 29 ildə ərazi bütövlüyümüzün qorunması uğrunda minlərlə vətəndaşımız qəhrəmanlıqla şəhid olub. Bu mövzu üzrə 5-ci istiqamətdə olduğu kimi şəhidlərimizin adlarının ədəbiləşdirilməsi üçün tədbirlərin təşkili nəzərdə tutulub. QHT-lərin bu istiqamət üzrə şəhidlərimizin anım günlərinin təşkili, filmlərin, sosial çarxların çəkilməsi, kitabların çap edilməsi və digər əlaqəli mövzularda innovativ layihələr təqdim etməsi tövsiyə olunur.
8-ci mövzu - Milli maraqlara, vətənpərvərliyə və ictimai həyatın aktual sahələrinə dair sosial çarxların və 3D qrafikalı animasiya filmlərinin hazırlanmasına dair təşəbbüslər.
Hazırda informasiya savaşında tətbiq olunan ən effektiv vasitələrdən biri sosial çarxlar və 3 D qrafikalı filmlərin hazırlanaraq yayımlanmasıdır. Məlum olduğu kimi, Ermənistan ölkəmizə qarşı bütün sahələrdə təxribat, böhtan və saxtakarlığa əsaslanan informasiya savaşı aparır. Azərbaycan haqqında böhtan xarakterli media kontentlər hazırlayaraq (karikaturalar, video çarxlar, qısametrajlı filmlər və s.) kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayırlar. Yalnız sosial şəbəkələrdəki kiçik qruplar deyil, həm də düşmən ölkənin tanınmış saytları ön cəbhədəki son döyüşlərin nəticəsi ilə bağlı faktları Ermənistanın xeyrinə dəyişmək məqsədi ilə digər döyüşlərdən olan video kadrları paylaşaraq Azərbaycanın hərbi uğurlarına kölgə salmağa çalışırlar. Misal üçün 2014-cü ildə Ermənistan tərəfindən hazırlanmış “sənədli” film “Фальсификация истории: Азербайджан” http://www.yerkramas.org/article/86753/%C2%ABfalsifikaciya-istorii-azerbajdzhan%C2%BB-%C2%ABThe-History-Falsifiers--Azerbaijan%C2%BB, https://www.kinopoisk.ru/film/840632/ filmində bir neçə xarici "mütəxəssis"in iştirakı ilə Azərbaycan tarixi təhrif olunaraq yalan məlumatlar kimi təqdim olunur.
Xüsusi ilə 2016-cı ilin aprel döyüşlərindən sonra bu tendensiya daha da geniş vüsət alıb. Həmçinin NewsArmenia, PanArmenian, News.am və digər saytlarda davamlı olaraq paylaşılan materiallar buna misaldır: (17 aprel 2016): http://newsarmenia.am/news/nagorno_karabakh/v-seti-poyavilos-video-unichtozheniya-karabakhskimi-pvo-noveyshego-bespilotnika-iz-zrk-osa/?sphrase_id=15052.
QHT-lərimiz bu mövzu istiqaməti üzrə Azərbaycanın milli maraqlarının müdafiəsi ilə bağlı obyektiv məlumatlara söykənən analoji video materiallar hazırlayaraq mediada, xüsusi ilə sosial mediada yaymalıdırlar.
Bununla bərabər ölkənin ictimai həyatı üçün əhəmiyyətli olan digər mövzularda da video materialların hazırlanması vacibdir. Digər ölkələrin təcrübəsindən də görə bilərik ki, düzgün təşkil olunmuş sosial reklam (PSA — public service announcement) kampaniyaları vətəndaşların maarifləndirilməsi sahəsində effektli rol oynayır. Əsasən narkotiklərlə mübarizəyə, yol hərəkəti qaydalarına, sağlam həyat tərzinin və ətraf mühitin qorunmasının təbliğinə, ailə zorakılığının aradan qaldırılmasına və QİÇS-lə mübarizəyə həsr olunmuş bu cür kampaniyaların və onların əsas komponenti olan sosial çarxların pozitiv təsiri beynəlxalq təcrübədə təsdiq olunmuş faktdır. Sadalanan istiqamətlər üzrə təklif olunan layihələrə Şura tərəfindən üstünlük veriləcək. Sosial çarxların və 3 D filmlərin televiziyalarla əməkdaşlıq çərçivəsində hazırlanması onların asan şəkildə efir həyatı qazanaraq böyük auditoriyalara çıxa bilməsi baxımından daha məqsədəuyğundur.
9-cu mövzu - Əhalinin həssas qruplarına psixoloji yardımların təşkili
Əhalinin həssas qruplarına ahıllar, işsizlər, çoxuşaqlı ailələr, qaçqınlar, həbsdən çıxmış şəxslər, əlilliyi olan şəxslər və digər bu kimi kateqoriyadan olan vətəndaşlar aiddir. Sosial-iqtisadi transformasiyalara uyğunlaşa bilməyən bu şəxslərin daimi olaraq cəmiyyətin dəstəyinə ehtiyacı olur. Onları düşünülməmiş,uyğunsuz hərəkətlərdən qoruyacaq effektiv alətlər kimi “etimad telefonunun” yaradılması, xüsusi psixoterapiya seanslarının, psixoloji məsləhət saatlarının təşkili, könüllülərin iştirakı ilə keçirilən müxtəlif növ kampaniyaları və digər tədbirləri göstərmək olar. QHT-lərə peşəkar və təcrübəli kadrların cəlb edilməsi ilə psixoloji reabilitasiya üçün paytaxtda və regionlarda kursların təşkili, bu istiqamətdə təhlillərin aparılması və sorğuların keçirilməsi, problemin həlli ilə bağlı təkliflər paketinin hazırlanması və s. kimi məsələləri özündə ehtiva edən layihələrlə çıxış etməsi tövsiyə olunur.
10-cu mövzu - Sosial şəbəkələrdə milli və ictimai maraqların müdafiəsinə dair fəaliyyətin dəstəklənməsi
Müsabiqəyə bu mövzunun salınmasında əsas məqsəd sosial şəbəkələrdən fəal şəkildə istifadə edən vətəndaşların, xüsusi ilə gənclərimizin maarifləndirilməsi istiqamətində tədbirlərin təşkilidir. QHT-lərin bu istiqamətdə həyata keçirəcəyi layihələr sosial şəbəkələrdən istifadə edən şəxsləri milli maraqlara zidd hərəkətlərdən çəkindirməyə, gənclər tərəfindən zərərli meyillərin, müxtəlif neqativ halların təbliğinin, təsdiqlənməmiş, yanlış mənbələrdən alınan məlumatların yayılmasının, sosial şəbəkələr vasitəsilə hərbi sirr hesab oluna biləcək informasiya, foto və video materialların, həmçinin saxta profillər vasitəsilə təhqir, böhtan xarakterli məlumatların paylaşılmasının qarşısının alınmasını hədəfləməlidir.
11-ci mövzu - İslam həmrəyliyinə həsr olunmuş tədbirlər
Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycanda 2017-ci il “İslam həmrəyliyi ili” elan olunub. “İslam həmrəyliyi ili” çərçivəsində dövlət qurumları və eləcə də ictimai qurumlar tərəfindən müxtəlif tədbirlər təşkil olunur. Şura dövlət siyasətinə uyğun olaraq bu mövzunu priotet istiqamət kimi müəyyən edib.QHT-lərin bu mövzu üzrə islamın terrorizmlə əlaqələndirilməsinə qarşı maarifləndirmə tədbirlərinin təşkili, ölkəmizin dünyada örnək olan modern müsəlman dövlət kimi həyata keçirdiyi sülhsevər, multikultral siyasətin təbliği, Azərbaycanda təhsil alan müsəlman ölkələrindən olan tələbələrlə əməkdaşlıq əlaqələrini genişləndirilməsi, konfransların, seminarların, dəyirmi masaların, idman və mədəniyyət tədbirlərinin keçirilməsikimi layihə təklifləri ilə çıxış etməsi tövsiyə olunur.
12-ci mövzu - İctimai nəzarət və şəffaflıq məsələlərinə dair təşəbbüslər
Müsabiqədə bu mövzunun elan olunmasının əsas məqsədi ölkəmizdə ictimai nəzarət, hesabatlılıq və şəffaflıq məsələlərində QHT təşəbbüskarlığının artırılması və bu istiqamətdə tədbirlərin təşkilinə dəstək verilməsidir. Bu mövzu istiqamətini əsas götürərək QHT-lər “İctimai iştirakçılıq” haqqında qanunun təbliği istiqamətində məlumatlandırma tədbirlərinin təşkili, vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunlarının təbliğ olunması, elektron hökumət xidmətlərinin təbliği, Açıq hökumətin təşviqi ilə bağlı tədbirlərin təşkili və s. məsələlərlə bağlı layihələrlə çıxış etməsi tövsiyə olunur.
13-cü mövzu - Yol hərəkəti iştirakçıları arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə dair təşəbbüslər
Hər il dünyada, o cümlədən də ölkəmizdə yol-nəqliyyat qəzaları nəticəsində xeyli sayda insan xəsarət alır və dünyasını dəyişir.Bu statistikalar çox qorxuncdur. 2016-cı il ərzində ölkə üzrə 2006 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 759 nəfər həlak olub, 2003 nəfər isə yaralanıb.Ötən 28 il ərzində (1988-2016-cı illər) isə ölkəmizdə 73813 yol qəza hadisəsi və bunun nəticəsində 26 min 183 nəfərin həlak olması faktı qeydə alınıb. Belə hallara qarşı mübarizə aparmaq üçün QHT-lərin maraqlı və faydalı təşəbbüslərinə ehtiyac duyulur. QHT-lər bu istiqamət üzrə Şuraya yol hərəkətinin təşkili, yol polisi-sürücü-piyada münasibətlərinin tənzimlənməsi, sosial çarxların hazırlanması, yol hərəkəti qaydalarının təbliği ilə bağlı interaktiv təlimlərin keçirilməsi, baş vermiş qəzaların səbəbləri ilə bağlı monitorinqlərin və araşdırmaların aparılması, piyada keçidlərinin monitorinqi və piyadaların maarifləndirilməsi və s. mövzularda layihələr təqdim edə bilər.
14-cü mövzu - Məcburi əməyə və insan alverinə qarşı mübarizəyə dair təşəbbüslər
Birləşmiş Millətlər Təşkilatının dünyada insan alverinin vəziyyətinə dair hesabatına görə hər il dünyada 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir. Beynəlxalq Əmək Təşkilatının rəsmi məlumatına əsasən dünyada 12 milyondan çox insan məcburi əməyə cəlb olunur. Azərbaycanda məcburi əmək və insan alverinə qarşı məqsədyönlü dövlət siyasəti aparılır. Son illərdə müvafiq dövlət qurumlarının atdığı uğurlu addımlar nəticəsində işəgötürənlərin məsuliyyəti artmış və çalışan şəxslərlə əmək müqavilələrinin bağlanması və əmək şəraitinin yaxşılaşdırılması prosesi sürətləndirilmişdir. Lakin ölkəmizdə istər paytaxtda, istərsə də regionlarda məcburi əməyə cəlb olunmaqla bağlı məlumatlar mövcuddur. Xüsusən regionlarda valideynlərin uşaqlarını orta məktəblərdən yayındıraraq qanunsuz əməyə cəlb etməsi, iş vaxtının uzadılması və onun müqabilində heç bir ödənişin edilməməsi, vətəndaşlarımızın əmək müqaviləsi olmadan işləmələri və digər bu kimi məcburi əməyə cəlb olunma hallarına rast gəlinir. QHT-lərin insan alveri ilə bağlı əhalinin məlumatsızlığının aradan qaldırılması, azyaşlı qızların məcburən ərə verilməsi, erkən nigahların yaratdığı fəsadlar, qadınların məcburi cinsi istismarına qarşı mübarizəylə bağlı sosial çarxların, televiziya verlişlərinin hazırlanması, maarifləndirmə tədbirlərinin təşkil olunması ilə bağlı layihələrlə çıxış etməsi tövsiyə olunur.
Elməddin BEHBUD
Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri