Kolumbiyada mədəndə partlayış: 9 işçi həlak oldu
Kolumbiyanın Cundinamarca bölgəsində yerləşən kömür mədənində baş verən güclü partlayış nəticəsində 9 mədənçi həyatını itirib, 6 işçi isə yaralanıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə “Carbonera Los Pinos” şirkətinin istismar etdiyi La Kiskuda mədənində gecə saatlarında qeydə alınıb. Səlahiyyətli şəxslər bildirib ki, partlayışdan sonra başladılan axtarış-xilasetmə işləri nəticəsində 9 işçinin cansız bədəni tapılıb.
Kolumbiya Milli Mədən Agentliyinin (ANM) açıqlamasına görə, ilkin ehtimallara əsasən faciəyə metan qazının yığılması səbəb olub. Agentlik qeyd edib ki, aprelin 9-da həmin mədəndə yoxlama aparılıb və metan qazı daxil olmaqla təhlükəli qazların yığılması aşkar edilib. Bu səbəbdən şirkətə təhlükəsizlik tədbirlərini təcili gücləndirmək tapşırılıb.
ANM həmçinin bildirib ki, sözügedən müəssisə bir neçə həftə əvvəl də təhlükəsizlik riskləri ilə bağlı xəbərdar edilib.
“Carbonera Los Pinos” şirkəti isə baş vermiş hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.












