“Azərbaycan–İtaliya iqtisadi və enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur” - ŞƏRH
“Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq son illərdə daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur”.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, Corcia Meloninin Azərbaycana gəlməsi iqtisadi əlaqələrimizin daha da genişlənəcəyindən xəbər verir.
“Xüsusilə enerji, investisiya və sənaye sahələrində genişlənən əlaqələr iki ölkə arasında qarşılıqlı maraqların artdığını göstərir. İtaliya Azərbaycanın ən böyük ticarət partnyorudur və bu ölkə ilə əməkdaşlığımız ildən-ilə artır. Hazırda Azərbaycan İtaliyada yeni investisiya layihələrini müzakirə edir. Bu isə iqtisadi əlaqələrimizin daha da genişlənəcəyindən xəbər verir.
Təbii ki, İtaliyanın Baş naziri Corcia Meloninin regiona səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun Yerevanda olduğunu və Bakının coğrafi baxımdan yaxın məsafədə yerləşdiyini nəzərə alaraq Azərbaycana səfər etməsi ikitərəfli münasibətlərin inkişafına xidmət edir. Bu cür səfərlər yeni layihələrin müzakirəsi və konkret addımların atılması üçün mühüm platformadır”.

Deputat həmçinin qeyd edib ki, neft sektorunda da İtaliya ilə əməkdaşlığımız genişlənir:
“Bu gün İtaliya ilə Azərbaycan arasında çox güclü və strateji əməkdaşlıq mövcuddur. Ənənəvi olaraq qaz ixracı sahəsində əməkdaşlıq aparılırdı, lakin son dövrlərdə bu münasibətlər yeni istiqamətlər üzrə də inkişaf edir. Xüsusilə neft sektorunda əməkdaşlıq genişlənir.
SOCAR artıq İtaliyada böyük bir neft şirkətini alıb. Bu, yalnız bir investisiya deyil, eyni zamanda Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin güclənməsi deməkdir. Burada həm petrol stansiyalarından, həm də emal zavodlarından söhbət gedir. Bu isə Azərbaycan şirkətlərinin beynəlxalq bazarda fəaliyyətinin genişləndiyini göstərir.
Ümumilikdə isə əsas məsələ investisiyaların və ticarət əlaqələrinin artırılmasıdır. Bu istiqamətdə atılan addımlar gələcəkdə daha böyük iqtisadi nəticələr verəcək və iki ölkə arasında əməkdaşlıq daha da möhkəmlənəcək”.
Deputat sonra qeyd edib ki, qarşıdakı dövrdə yeni investisiya layihələri və birgə təşəbbüslər bu əlaqələri daha da gücləndirəcək.












