WUF13 zamanı bölgələrdən gələn nəqliyyat vasitələrinə məhdudiyyət olacaq? - NİİM rəisindən açıqlama
“COP29 tədbirindən fərqli olaraq postların qurulması, rayonlardan-bölgələrdən paytaxta daxil olmaq istəyən sürücülərin buraxılmaması kimi hallar nəzərdə tutulmur.”
1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib.
O bildirib ki, yalnız 18 may tarixində — açılış günü, yəni tədbirin rəsmi açılış günü qısa müddətlik tənzimləmə tətbiq oluna bilər:
“Çox qısa müddətdə paytaxtın cənub hissəsindən, yəni Lökbatan istiqamətindən şəhərə daxil olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilə və kənar dairəvi yola yönləndirilə bilər. Digər istiqamətlərdən gələn nəqliyyat vasitələri üçün isə hər hansı məhdudiyyət nəzərdə tutulmur.
Bu, ümumilikdə məhdudiyyət kimi qiymətləndirilməməlidir. Postların qurulması və ya nəqliyyat vasitələrinin buraxılmaması kimi hallar yoxdur. Sadəcə həmin gün müəyyən istiqamətdən gələn axının alternativ marşrutlara yönləndirilməsi mümkündür.
Tədbir günü sıxlıq yaranarsa, yalnız operativ tənzimləmə tədbirləri çərçivəsində bu istiqamətdə yönləndirmə həyata keçirilə bilər”.












