Daxili turizmlə bağlı maraqlı statistika
Azərbaycanda daxili turizmə tələbat artıb.
1news.az xəbər verir ki, ekspress.az-ın yazdığına görə, daxili turizmə dair statistik məlumatların əldə edilməsi məqsədilə Dövlət Statistika Komitəsi mütəmadi müayinə aparır.
Sonuncu müayinə 2016-cı ilə aiddir və 20258 ev təsərrüfatında iki mərhələdə - iyul və noyabr aylarında aparılıb. Bu müayinə zamanı 2016-cı ildə ölkə daxilində turizm məqsədilə səfər edənlərin və səfərlərin sayı, səfərlərin məqsədlər üzrə bölgüsü, səfər dövründə istifadə edilən yerləşmə vasitələri, turizm xərclərinin strukturu (nəqliyyat, yerləşmə, qidalanma, mədəniyyət, idman və əyləncə, digər xərclər), səfər müddətində keçirilən gecələmələrin sayı və s. haqqında məlumatlar əldə edilib.
Müayinənin nəticələrinə əsasən 2016-cı il ərzində ölkə əhalisinin 36,5 faizi (3,505 milyon nəfər) daxili turizm səfərləri olub. Ümumilikdə 19,482 milyon turizm məqsədli səfər edilib ki, bunların 72,5 faizi şəhər əhalisi, 27,5 faizi kənd əhalisi tərəfindən həyata keçirilib.
Daxili turlar zamanı əhali 2,582 milyard manatdan artıq vəsait xərcləyib. Xərclərin 616,27 milyon manatı nəqliyyat, 551,66 milyon manatı qidalanma, 352 milyon manatı yerləşmə, 247,8 milyon manatı idman və əyləncə məqsədilə sərf edilib.
Daxili turizm məqsədilə xərclərin yarıdan çoxu (1,3 milyard manat) Bakıda xərclənib. Sumqayıtda 108 milyon manat, Şəkidə 72 milyon manatı, Gəncədə 60,5 milyon manat, Lənkəranda 55 milyon manat xərclənib.
Turlar daha çox Bakı sakinləri tərəfindən həyata keçirilib. Paytaxt sakinlərinin səfərlərinin sayı 7,183 milyon olub və cəmi səfərlərin 36,8 faizini təşkil edib. Gəncə (817 min), Sumqayıt (772 min) şəhərlərinin sakinləri sonrakı yerləri tutur.
Səfərlərin 9,1411 milyonu (46,9 faiz) kənd yerlərinə, 10,341 milyonu (53,1 faiz) şəhər yerlərinə olunub. Şəhər yerlərinə edilən səfərlər arasında ölkə paytaxtına səfərlər daha çoxdur (22,5 faiz).
Bir səfər müddətində turizm məqsədilə çəkilən xərc orta hesabla 132,6 manat, bir sutka ərzindəki xərc isə 25,9 manat olub.
Müşahidənin nəticələrinə əsasən turistlər tərəfindən 99,9 milyon gecələmə keçirilib. Gecələmələrin sayı istirahət və əyləncə məqsədilə edilən səfərlər üzrə daha çox - 42,6 milyon adam-gecə (42,6 faiz) olub.
1news.az