Meksika səfiri Şəkiyə səfər edib
Aprelin 20-də Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini ölkənin müxtəlif regionları ilə əlaqələri tanımaq və inkişaf etdirmək məqsədilə Şəki şəhərinə səfər edib.
1news.az-ın məlumatına görə, səfir səfər çərçivəsində Şəki şəhəri İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. İcra başçısı şəhər və onun tarixin müxtəlif dövrlərində əhəmiyyətindən danışın, Şəkinin Azərbaycanın ən vacib turizm mərkəzlərindən biri olduğunu söyləyib.
Səfir Labardini səfirliyin fəaliyyəti və müxtəlif sahələrdə keçirilmiş tədbirlər barədə məlumat verib.
Görüş zamanı bu il 25 illiyini qeyd edən ikitərəfli diplomatik əlaqələrə də toxunulub. Diplomat Meksika iqtisadiyyatının əsas istiqamətləri və milli mədəniyyətindən danışıb.
Tərəflər bu ilk ikitərəfli görüşün keçirilməsindən qarşılıqlı razılıq və münasibətlərin davamlı inkişafına dair arzularını ifadə ediblər.
Sonra, Meksika səfiri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına gedib. Burada teatrın binası, proqramı və fəaliyyəti ilə tanış olan diplomat hər iki ölkə arasında münasibətlərin gücləndirilməsində mədəni əlaqələrin vacib rolunu vurğulayıb.
Səfər əsnasında səfir Labardini şəhərin görməli yerləri ilə tanış olub.
Babək Cahandarov