AŞPA sədrinə etimad məsələsi qaldırılıb
Avropa Şurası Parlament Assambleyasının bu gün Strasburqda öz işinə başlayan yaz sessiyasında qurumun sədri Pedro Aqramunta etimad məsələsi qaldırılıb.
1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb AŞPA sədrinin Suriyaya səfəri edib, prezident Bəşər Əsədlə görüşməsi olub.
Aqramunt bu səfərin yanlış olduğunu deyib, üzr istəsə də, deputatlar sakitləşməyib, ona etimad məsələsi ilə bağlı dinləmələrin aparılıb, səsvermənin keçirilməsini tələb ediblər.
AŞPA sədri isə deyib ki, dinləmələr keçiriləcək və burada heç bir problem yoxdur.
Daha sonra fasilə elan edilib.
İclas AŞPA-nın vitse-prezidenti, Avropa Mühafizəkarlar qrupunun sədri Gale Rogerin sədrliyi ilə davam edir.
AŞPA-nın tarixində ilk dəfədir ki, sədrə etimad məsələsi gündəmə gətirilir.
Pərvanə Sultanova