Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-120, Kiçik Qafqazın çaylarında 60-130, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, aprelin 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 366 m3/s olmaqla ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 367 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla, ongünlük normanın 74 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 16, Salyanda 21, Bankədə 18, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2016-cı il aprelin 24-də 416 sm), Şirvanda 267 sm (2016-cı il aprelin 24-də 293 sm), Salyanda 190 sm (2016-cı il aprelin 24-də 227 sm), Bankədə 174 sm (2016-cı il aprelin 24-də 191 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2016-cı il aprelin 24-də 115 sm) təşkil edir.
1news.az