Bakıda gecə klubunda kütləvi dava: “Mafia” oyunu zamanı ara qarışdı - FOTO - VİDEO
Bakıda gecə klubunda baş vermiş kütləvi dava zamanı 6 nəfər xəsarət alıb.
1news.az “Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Azadlıq prospektində yerləşən "Elita" klubunda stolüstü "Mafia" oyunu keçirilib. Bu zaman şəxsiyyətləri hələlik məlum olmayan 10 nəfər içəri daxil olaraq oyun iştirakçıları ilə mübahisə edib. Mübahisə zamanı yaranmış əlbəyaxa dava nəticəsində klubun xidmətçisi, şəxsi heyəti ilə yanaşı, bir neçə müştəri də xəsarət alıb.
Xəsarət alanlar 1957-ci il təvəllüdlü Məmmədov Rasim Gülbala oğlu, 1972-ci il təvəllüdlü Həsənov Akif Rafiq oğlu, 1995-ci il təvəllüdlü Əhmədova Lona Qulam qızı, 1985-ci il təvəllüdlü Ağaməmmədov İlqar Ələkbər oğlu, 1989-cu il təvəllüdlü Məmmədov Orxan Cəlal oğlu və 1989-cu il təvəllüdlü Qəribəli Vəli Zeynulla oğludur. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. "Elita" klubu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Qeyd edək ki, sözügedən klubda bir neçə il bundan öncə də silahlı insident qeydə alınıb.
Hadisənin təfərrüatları araşdırılır.
1news.az