Sevinc Fətəliyeva: Cəbhə bölgəsində azərbaycanlı uşaqlar erməni snayperlərin hədəfi olurlar
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə sərbəst müzakirələr keçirilib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, bu qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyeva müzakirələrdə fəal iştirak edib.
S.Fətəliyeva bildirib ki, son vaxtlaradək “müharibə” sözü millətindən və dinindən asılı olmayaraq, dünyada hamını qorxudan və dəhşətə gətirən söz idi. Təəssüf ki, bu, artıq tez-tez işlənən məfhumlardan birinə çevrilib. Biz dözümsüzlük, qəddarlıq, düşmənçilik və nifrət kimi anlayışlara tədricən alışmışıq. Suriya, Ukrayna, Dağlıq Qarabağ və bir çox başqa yerlərdə minlərlə uşaq hücumlara məruz qalır, onların həyatları alt-üst olur. Azərbaycanda cəbhə bölgəsində yaşayan uşaqlar erməni snayperlərin hədəfi, partlayıcı cihazların qurbanı olur, yaxınlarını itirirlər.
Qeyd olunub ki, uşaqların üzləşdikləri bütün bu mənfi hallar psixoloji təsirsiz ötüşmür. Hər dəfə münaqişə zonalarından dəhşətli xəbər eşitməyə artıq alışmışıq. Lakin Suriyada - İdlibdə bu yaxınlarda baş verən faciə hamımızı sarsıtdı. Biz kimyəvi hücum nəticəsində şəhid olan uşaqların və körpələrin fotoşəkillərini gördük. Suriyada altı il davam edən müharibə, Dağlıq Qarabağ, Ukrayna kimi münaqişələr uşaqlar üçün qorxulu yuxuya çevrilib. Bu vəziyyətin nə qədər gərgin olduğunu və uşaqların yardıma ehtiyacını göstərir.
Artıq sözdən hərəkətə keçməyin vaxtı çatdığını diqqətə çatdıran S.Fətəliyeva münaqişələrin uşaqlara vurduğu zərbə və yaraların izsiz ötüşmədiyini vurğulayaraq deyib: “Hər bir uşağın təhlükəsiz gələcəyi təmin olunmalıdır. Etiraf etməliyik ki, AŞPA olaraq, biz həmin münaqişələrin sülh yollu ilə həllinə təzyiq göstərə bilmirik. Biz uşaqları müdafiə etmək üçün kifayət qədər çalışırıqmı? Bəlkə bəyanat verməyi və yalnız müzakirə etməyi dayandıraq? Bəyanatlardan real addımlara keçməyin tam vaxtı deyilmi? Münaqişələrdə uşaqların təhlükəsizliyini təmin etmək, qorumaq üçün artıq müəyyən siyasi qərar qəbul etməliyik”.
1news.az