Azərbaycanın BƏƏ-dəki səfirliyi təltif olunub
Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərhum qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, öz nəcib əməlləri ilə “Millətin Anası” kimi yüksək ada layiq görülmüş Əla Həzrət Şeyxə Fatimə bint Mübarəkin, həmçinin rəhbərlik etdiyi BƏƏ Baş Qadın Federasiyasının təşəbbüsü ilə cari ilin 15-25 mart tarixlərində “Xeyirxah Ananın Xeyirxahlığı” adlı festival keçirilib.
1news.az-a ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, festival çərçivəsində təşkil edilmiş mədəniyyət gecəsində Azərbaycan səfirliyi və Azərbaycan icmasının üzvləri fəal iştirak ediblər.
Bu möhtəşəm gecədə ölkəmizin milli rəqsləri, o cümlədən “Yallı”, “Sarı gəlin”, “Ay qaşı gözü qara qız” kimi milli mədəni və musiqi xəzinəmizin nümunələri tamaşaçıların zövqünə oxşayıb.
Festivalın ardınca səfir Daşqın Şikarovun həyat yoldaşı Ülviyyə Şikarova və digər ölkələrin səfirlərinin xanımları Əla Həzrət Şeyxə Fatimə bint Mübarək tərəfindən qəbul ediliblər. Görüşdə Şeyxə Fatimə bu cür festivalda Azərbaycanın ilk dəfə olaraq təmsil olunduğunu yüksək qiymətləndirərək, belə fəallığın ardının kəsilməyəcəyinə ümidvar olduğunu Ü.Şikarovanın nəzərinə çatdırıb.
O, eyni zamanda Azərbaycan mədəniyyətinin və musiqisinin zənginliyinə bələd olduğunu qeyd edərək, mədəniyyət gecəsində təqdim edilmiş milli rəqslərimizin həm onu, həm də bütün auditoriyanı heyran etdiyini etiraf edib, Azərbaycanın uğurlarının davamlı olmasını arzu edib.
Öz növbəsində, Ü.Şikarova məhz geniş yerli auditoriyanı zəngin Azərbaycan mədəniyyəti və musiqisi ilə tanış etmək şansı yaratdığı üçün şəxsən Əla Həzrət Şeyxə Fatiməyə səfirliyin kollektivi və Azərbaycan icmasının üzvləri adından dərin təşəkkürünü ifadə edib və bu cür mənalı tədbirlərdə Azərbaycanın bundan sonra da fəal iştirak edəcəyini vurğulayıb.
Şeyx Fatimənin ölkəsi və ərəb-İslam dünyası üçün gördüyü mühüm işlərə toxunub.
Sonra səfir xanımı, ələlxüsus da müstəqillik illərində dünyanı valeh edən Azərbaycan mədəniyyəti və musiqisi barəsində ətraflı bəhs edərkən xalqımızın bu iki zəngin irsinin təbliğ edilməsi işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəyərli fəaliyyətinə müfəssəl nəzər salıb. Həmçinin, bildirib ki, Fondun xətti ilə dünyanın aparıcı paytaxtlarında Azərbaycan mədəniyyəti gecələri keçirilir. Xaricdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə qurulan Azərbaycan pavilyonlarında milli musiqi və rəqslərimiz canlı ifa olunur.
Əla Həzrət Şeyxə Fatimə bint Mübarəkin, həmçinin rəhbərlik etdiyi BƏƏ Baş Qadın Federasiyasının təşəbbüsü ilə cari ilin 15-25 mart tarixlərində “Xeyirxah Ananın Xeyirxahlığı” adlı festivalda Azərbaycan səfirliyi xüsusi fərqləndiyi üçün Əla Həzrət Şeyxə Fatimə bint Mübarək tərəfindən 24 aprel tarixində fəxri diplom və mükafat ilə təltif olunub.
Pərvanə Sultanova