Azərbaycanda mənzillərdə otel və hostel açma proseduru asanlaşdırılacaq
Milli Məclisin bugünkü plenar iclasında Mənzil Məcəlləsinə dəyişikliklər edilib.
1news.az-ın verdiyi xəbərə görə, dəyişikliyə əsasən müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş otel, otel tipli obyektlər “yerləşdirmə vasitələri” hesab ediləcək.
Dəyikliyə əsasən, gələcəkdə şəxsi mənzillərin fonduna aid olan çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin sahibkar tərəfindən istifadəsi üçün heç bir prosedur (yaşayış yerlərinin qeyri-yaşayış yerlərinə köçürülməsi) lazım olmayacaq.
İclas zamanı deputat Asim Mollazadə qanunlayihəsinin əleyhinə çıxış etdi.
Onun sözlərinə görə, yaşayış yerlərinin mehmanxana və hostellərə köçürülməsi düzgün deyil:
“Bu cür qanunlayihəsinin qəbul edilməsi beynəlxalq təcrübəyə ziddir. Yaşayış evlərində otel və hostellərin yerləşdirilməsi vətəndaşların hüquqlarını pozur. Vətəndaşların öz evlərində sakit yaşamaq hüququ var. Bu qanunlayihəsini qəbul etməklə bu hüququ pozuruq. Buna görə də bu qanunlayihəsinin əleyhinəyəm”.
Millli Məcslisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz çıxışında bildirib ki, bu qanunlayihəsi digər ölkələrin təcrübəsini nəzərə almaqla tərtib edilib:
“Təəssüf edirəm ki, Asim Mollazadə bu mövqedən çıxış edir. Avropa ölkələrinin mənzillərdən turistik obyekt kimi istifadə olunası ilə bağlı nümunələr var. Bu qanunlayihəsini qəbul edilməsi turizmin inkişafına xidmət edəcək”.
Dəyişikliklər səsvermə yolu ilə qəbul edilib.
S.Xankişiyeva