“YAY Qalereyası”nın “1001 gecə” sərgisi açılacaq
“1001 gecə” sərgisi müasir incəsənət sahəsində çalışan görkəmli Azərbaycan rəssamlarının rəngkarlıq, heykəltəraşlıq və instalyasiya nümunələrini özündə birləşdirir.
1news.az xəbər verir ki, sərginin ideyası İslam mədəniyyəti ənənələrindən, dəyərlərindən və onların müasir dövrə necə uyğunlaşmasından və hansı transformasiyalara uğramasından bəhs edir.
Rəssam Orxan Hüseynovun kosmonavtlar və ərəb yazıları əks olunan “Müsəlman kosmonavtları” adlı silsiləsi tarixi tədqiqatlar əsasında yaradılıb. Rəssam əsərlərdə müsəlman kosmonavtlarının mövcudluğunu vurğulayaraq, kosmonavtların yalnız Qərb ölkələrindən olması məfhumu puç edir. Silsilə insani ənənələrin yenidən qiymətləndirilməsi zamanı yaranan mürəkkəb motivlər və unikal kombinasiyalara diqqət yetirməyə həvəsləndirir.
Faiq Əhməd “Adsız” əsərində ənənəvi xalçanın bir hissəsinin strukturunu pozaraq, klassik elementlərin bir qismini qabardır. Bununla belə rəssam adi ikiölçülü xalçanı dəyişərək, üçölçülü və həcmli şəkildə təqdim edir. Bu rəssamın xalçalarla etdiyi konseptual transformasiya və qaydadan kənara çıxmaq ideyasının davamıdır.
Rəşad Ələkbərovun “Şəbəkə” və “Və O dedi...” adlı kölgə instalyasiyaları rəssamın ənənəvi elementlərin fərqli formada göstərmək ideyasına əsaslanır. Rəssam şəbəkə sənətini özünəməxsus üsulda davam etdirərək, işıq və kölgə vasitəsilə onun yeni nümunəsini yaradıb. “Və O dedi...” instalyasiyasında isə İslam dünyasının ən uca dəyərlərindən olan Qurandan götürülmüş kəlamdan istifadə olunur.
Fərid Rəsulovun “Şəbəkə” instalyasiyası Qərb ekvivalenti - vitraj sənətinin Şərq nümunəsi olmaqla yanaşı, Azərbaycan memarlığının incilərindən sayılır. Rəssam, ənənəvi olaraq kiçik ölçülü şəbəkəni, yeni interpretasiyada hissəcikləri qabardaraq, daha həcmli şəkildə təqdim edir.
Hüseyn Haqverdinin “Qırılma” silsiləsindən olan heykəl və tabloları rəssamın incəsənətin fərqli növlərinə eyni üsulla yanaşmasını nümayiş etdirir. Digər əsərlərində olduğu kimi bu silsilədə də materialın fakturası, görünüşü ilə dialoqa girir, cizgiləri və rəng laylarının uyuşmasını danışdırır.
Reza Hazarenin “Nasazlıq bağçası” silsiləsindən olan qrafik əsərlərində rəssam qəhrəmanlarının arxa fonunu boş saxlayaraq, insandan başqa hər şeyin boş və mənasız olması ideyasını diqqətə çatdırmaq istəyir. Eyni adlı silsiləyə daxil olan kiçik ölçülü yağlı boya ilə yaradılan tablolarının personajları hər zaman tənhalıqdan uzaq qaçmaq arzusundadırlar.
Sərginin kuratoru Ələkbərli Fərəh
Sərginin müddəti: 27 aprel – 11 iyun, 2017
İş rejimi: Çərşənbə axşamı – Bazar, saat 12.00-18.00
Məkan: YAY Qalereyası, İçərişəhər, Kiçik Qala küçəsi, 5
Giriş sərbəstdir.
1news.az