Elçin Quliyev Türkiyənin ordu generalı ilə görüşüb
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Türkiyənin Jandarma Baş Komandanı ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin inkişafı xüsusilə vurğulanıb, Azərbaycanın Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Jandarma Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən dövlət sərhədlərinin bir hissəsinin Ermənistanın işğalı altında qalması və bu ərazilərdən qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsi qeyd olunub.
Bununla yanaşı, qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.
Babək Cahandarov