XİN Azərbaycan mediasını təhqir edən Zaxarovaya cavab verdi
“Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır".
1news.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rusiyalı həmkarı Mariya Zaxarovanın erməni girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyi ilə bağlı APA-nın Moskva müxbirinin sualına aqressiv reaksiya verərək, Azərbaycan jurnalistlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibət bildirərkən deyib:
“Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür”, - deyə H. Hacıyev vurğulayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib.
APA-nın Rusiya nümayəndəliyinin rəhbəri Fərid Əkbərovun ermənilər tərəfindən girov götürülən, sonra isə qondarma “DQR” məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyan “diplomat” qadın suala tam qulaq asmadan, Azərbaycan mediasında gedən yazılar barədə təhqiredici ifadələr işlədib:
“Azərbaycan mətbuatında bu barədə yazılan məqalələr sadəcə, xamlıqdır. Bu məqalələr təhlil deyil. Konstruktiv və ya qeyri-konstruktiv, fərq etməz, amma bu, xamlıqdır. Bundan sonra bizdən əlavə məlumat istəyirsiniz? Düzünü deyim ki, bu cür məqalələrdən sonra sizinlə ünsiyyət qurmaq istəmirik. KİV-lər üçün açıq qurum olsaq da, xamlıq etməyə heç kəs icazə verməyib. Odur ki, müəyyən xəbərlərlə bağlı bizə daxil olan müraciətləri biz alqışlayırıq. Sizdən xahiş edirəm bu halı azərbaycanlı həmkarlarınıza çatdırasınız”.
Fərid Ədalət