“Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransı keçirilib
Azərbaycanın Vyetnamdakı səfirliyi və Azərbaycan Tarixi və Mədəniyytinin Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Hanoy şəhərində 3-cü “Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransı keçirilib.
1news.az-a səfirlikdən verilən məlumata görə, konfransda Vyetnam Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, Hanoyda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Vyetnamın ali təhsil ocaqlarının nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları, KİV nümayəndələri iştirak edib.
Tədbiri açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov konfransın Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf etdiyini və bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Səfir, Azərbaycanla-Vyetnam arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulmasına baxmayaraq, xalqlarımız arasında dostluq münasibətlərinin daha öncə yarandığını bildirib.
O, 1959-cu ildə Azərbaycana səfər etmiş Vyetnamın keçmiş prezidenti Ho Chi Minhin və 1983-cü ildə Vyetnama səfər etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqlarımız arasındakı dostluq münasibətlərinin banisi olduğunu vurğulayıb.
A. İmanov xalqlar arasında dostluq münasibətlərinin ortaq dəyərlər, mədəni oxşarlıqlar, qarşılıqlı anlayış, hörmət və etimad əsasında qurulduğunu qeyd edərək, bu xüsusda Azərbaycan və Vyetnam xalaqları arasında sıx bağların mövcud olduğunu deyib.
Səfir Vyetnamda uzunmüddətli müharibə zamanı və yenidənqurma dövründə Azərbaycanın xalqının dost Vyetnam xalqına daim dəstək olduğunu, azərbaycanlı mütəxəssislərin bu ölkənin inkişafına töhfə verdiklərini qeyd edib.
Vyetnam xalqının bu yaxşılıqları heç zaman unutmadığını vurğulayıb. Səfir konfrans iştirakçıları arasında Azərbaycanda təhsil almış vyetnamlıların xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasına əyani şahidlik etdiklərini qeyd edib və onların ölkəmizə hər zaman bağlı olmasını yüksək qiymətləndirib.
Hazırda Azərbaycan və Vyetnamın yerləşdikləri regionlarda aparıcı dövlətlərdən birinə çevrildiyini deyib.
A.İmanov, mədəniyyətimizin dünyada təbliği istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKON-un xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Səfir, ölkəmizdə humanitar və mədəniyyət sahəsində yüksək səviyyəli beynəlxalq tədbirlərin – Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə sülhə, sabitliyə, mədəni inkişafa, xalqlar arasında dialoqa, multikultural dəyərlərə böyük əhəmiyyət verməsinin göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin Direktoru Dao Xuan Tien çıxışında ənənəvi olaraq hər il keçirilən Azərbaycan-Vyetnam Mədəniyyətlərinin Paralelləri” konfransının xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan mədəniyyəti haqqında vyetnam rəsmilərinin eləcə də ictimaiyyət nümayəndələrinin daha ətraflı məlumat alması baxımından böyük önəm kəsb etdiyini vurğulayıb.
O, iki ölkənin mədəniyyəti arasında bir çox oxşarlıqların mövcud olduğunu qeyd edərək, hər iki xalqın ailə dəyərlərinə, milli adət-ənənələrə hörmətindən, onları qoruyub saxlamasından bəhs edib.
Beynəlxalq Frankapon İnstitunun Direktoru Ngo Tu Lap Azərbaycan və Vyetnamın müstəqillik, milli dövlətçilik naminə tarixən xarici işğalçılara qarşı mübarizə apardığını, bu amilin xalqlarımızın mədəniyyətinin formalaşmasına birbaşa təsir etdiyini, vətənpərvərlik və mübarizliyin Azərbaycan və Vyetnam xalqlarının xarakterik xüsusiyyəti olduğunu vurğulayıb.
Konfrans Vyetnam Milli Musiqi Akademiyasının instrumental ansamblının ifasında Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı ilə davam edib.
Pərvanə Sultanova