Əbülfəs Qarayev 1news.az-a Azərbaycanda turizmin inkişafı ilə bağlı həyata keçiriləcək möhtəşəm planlardan danışıb
1news.az-ın Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə eksklüziv müsahibəsi.
- Son illər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi əcnəbi turistlərin ölkəmizə axınını artırmaq üçün bir sıra tədbirlər görür. İri beynəlxalq sərgi və digər tədbirlərdən əlavə, nazirlik xarici ölkələrdə (Rusiya) nümayəndəliyini də açıb. Yaxın gələcəkdə bu cür qurumların digər ölkələrdə açılışı planlaşdırılırmı? Nümunə üçün, Fars körfəzi dövlətlərindən birində?
- Azərbaycanın turizm təmsilçiliyi məhz ilk olaraq Körfəz ölkələrində fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayından başlayaraq Dubayda Körfəz ölkələri üzrə “Atlantis Holidays” şirkəti turizm təmsilçiliyi funksiyalarını həyata keçirir. Körfəz ölkələrindən turist səfərlərinin artırılması üçün o regionun respublikalarında təbliğat işlərinə xüsusi önəm verilir. Azərbaycanın turizm potensialının, mədəniyyət və incəsənətinin təbliği məqsədilə müxtəlif turizm sərgilərində, tədbirlərdə iştirak edirik, habelə bu region ölkələrindən olan turizm agentlikləri və media nümayəndələri üçün infoturlar təşkil olunur.
Bu günə kimi Azərbaycanın təbliği məqsədilə nümayəndəlik tərəfindən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti, Dubay Bələdiyyəsi, Dubay Gömrüyü, Səhiyyə Təşkilatı və Media Təşkilatının dəstəyi ilə davamlı olaraq silsilə tədbirlər təşkil edilib. Azərbaycan BƏƏ-də keçirilən “The Arabian Travel Market” və “ITB Abu Dhabi”, Küveyt Dövlətində “Travel Luxury Show” və Səudiyyə Ərəbistanı Krallığında “Trade Fairs Riyadh” kimi sərgilərdə təmsil olunub. Turizm təmsilçimizin aktiv fəaliyyəti sayəsində “Al Bayan”, “Al Khaleej”, “Khaleej Times”, “Gulf News”, “Gulf Today” qəzetlərində, “Al Jazeera”, “BBC”, “Rotana”, “Fatafeat”, “Al Arabia” telekanallarında davamlı olaraq ölkəmizin təbliğatı aparılır.
Həyata keçirilən tədbirlərin, o cümlədən Körfəz ölkələri üçün sadələşdirilmiş viza sisteminin tətbiqi nəticəsində əvvəlki illərə nisbətən 2016-cı ildə bu regionun ölkələrindən Azərbaycana gələn turistlərinin sayında kəskin artım baş verdi.
Bununla yanaşı, ölkəmizə gəlmə turizmi baxımından əsas hədəf ölkələrdə turizm potensialının daha dolğun və planlaşdırılmış şəkildə təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin bir sıra xarici ölkələrdə turizm nümayəndəlikləri fəaliyyət göstərir. Belə ki, 2014-cü ildən Avropa üzrə Almaniyada, 2016-cı ilin fevral ayından isə Türkiyə və Rusiyada Azərbaycanın turizm nümayəndəliyi yaradılıb. Turizm nümayəndəlikləri Azərbaycanın turizm potensialının təbliği üçün geniş fəaliyyət göstərirlər. Mütəmadi olaraq Bakı və ölkəmizin regionlarının tanıdılması üçün press-turlar təşkil olunur, həmin ölkələrdə elektron və çap media şəbəkəsində ölkəmizə dair materiallar yerləşdirilir, turizm şirkətlərinin işgüzar görüşləri keçirilir.
Görülən işlərin nəticəsi olaraq həm Körfəz ölkələri, həm də Türkiyə, Almaniya və Rusiya bazarlarında Azərbaycanın turizm məkanı kimi tanıdılması məqsədilə turizm operatorlarının sayı da artmaqdadır.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı dövlət başçısı qeyd edib ki, 2016-cı il turizm sənayesinin inkişafında dönüş nöqtəsi oldu. Ölkə başçısının sözlərinə görə, “ASAN Viza” və digər xidmətlərin hesabına Azərbaycana turistlər maneəsiz gələ biləcək. Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin gözləntiləri nədir? Dəqiq hesablamalar varmı? Cari ildə ölkəyə turist axını necə olacaq?
- 2015-ci ildə elektron turist vizasının verilməsi, eləcə də növbəti mərhələdə vizanın verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə “ASAN Viza” sisteminin tətbiqinə başlandıqdan sonra nazirliyin təşkilatçılığı ilə keçirilən turizm sərgisində, beynəlxalq festival və konfranslarda, xarici televiziya kanallarında bu barədə geniş təbliğat işləri görülür.
Həmçinin, turizm sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin Azərbaycana səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların alınması üçün sistemdən istifadə etmək imkanları haqqında aidiyyəti üzrə turizm şirkətlərinə müvafiq məlumatlar verilib. Nazirliyin rəsmi internet səhifəsində və digər təbliğat vasitələrində də “ASAN Viza” sisteminin təbliği həyata keçirilir. Bu sistemin tətbiqi ilə ölkəmizə gələn turistlərin sayında daha çox artımın yaradacağı gözlənilir.
Qeyd edək ki, “ASAN Viza” sistemi tətbiq olunandan bəri artıq 40 min 736 müraciət daxil olub və 40 min 63 nəfərə viza verilib. Müraciətlər daha çox İran, Almaniya, Böyük Britaniya, ABŞ, Hindistan və Pakistandan daxil olub.
- Nazirlər Kabinetinin iclası zamanı cənab Prezident onu da qeyd edib ki, 2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Bu il həm Bakıda, həm bölgələrdə böyük canlanma olacaq və turizm infrastrukturumuz da buna hazır olmalıdır. Xüsusən də sahibkarlar bu amili nəzərə alaraq iki ulduzlu, üç ulduzlu otellərin tikintisinə daha çox fikir verilməlidir. Mədəniyyət və Turizm Nazirliyi büdcə tipli otel və mehmanxanalar şəbəkəsinin genişləndirilməsi ilə bağlı hansı tədbirləri həyata keçirir? Nazirlik tərəfindən sahibkarlara stimul vermək üçün təşəbbüslər irəli sürülürmü? Turizm sahəsində iş qurmaq istəyən sahibkarlara kömək göstərilirmi? Eləcə də İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) kredit üçün müraciət edən sahibkara yardım göstərilirmi?
- Cənab Prezidentin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, ölkəmizin turizm sektorunun inkişafını təmin etmək məqsədilə bir sıra mühüm işlər görülür.
Sərəncama əsasən turizm sahəsinin inkişafına dair yerli sahibkarlar tərəfindən təqdim olunan investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi üçün İqtisadiyyat və Mədəniyyət və Turizm nazirlikləri birgə fəaliyyət planı hazırlayıblar. Son illər dövlət tərəfindən özəl sektora güzəştli şərtlərlə kreditlər verilir. Turizm sənayesi ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri kimi milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutur. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” bu sahədə dönüş yaradacaq və ölkəmizdə turizmin inkişafı üçün yeni bir mərhələ olacaq.
Strateji Yol Xəritəsi çərçivəsində 2017-2020-ci illər üçün turizmin inkişafına dair Tədbirlər Planı təsdiq edilib. Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğının davamı olaraq Azərbaycan Respublikasının Prezidenti 31 yanvar 2017-ci il tarixində “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzaladı. Fərmana əsasən investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm sahəsi əlavə edilmişdir. Həmçinin ölkəmizdə 2 və 3 ulduzlu hotellərin, eləcə də hostellərin sayını artırmaq üçün sahibkarlara güzəştlər tətbiq olunur. Bu güzəştlər regionlarda müasir standartlara cavab verən 2-3 ulduzlu mehmanxanaların yaradılması imkanlarını artacaq.
Bununla yanaşı, investisiya təşviqi sənədinin alınmasına sahibkarların cəlb edilməsi məqsədilə yarımçıq tikilmiş və tikilməkdə olan mehmanxana və ona bərabər tutulan yerləşdirmə vasitələri, iaşə və əyləncə xidmətləri obyektləri barəsində regional mədəniyyət və turizm idarələri vasitəsilə məlumatlar toplanılır.
- Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?
- Strateji Yol Xəritəsinin icrası ilə bağlı mədəniyyət və turizm nazirliyi tərəfindən tədbirlər planı hazırlanmış və bütün işlər bu plana uyğun olaraq digər dövlət qurumları ilə birgə həyata keçirilir. Strateji Yol Xəritəsinə əsasən nazirliyin nəzdində Milli Turizm Təbliğat Bürosu yaradılıb.
Bu il aprelin 10-dan mayın 10-dək ölkəmizdə ilk dəfə olaraq Ticarət festivalı (shopping festival) keçiriləcək. Ticarət festivalı ilə bağlı bütün işlər Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. Festival zamanı 100 AZN-dən artıq alış-veriş edən ölkə vətəndaşlarına və xarici turistlərə alınan malların ƏDV-si qaytarılacaq.
- Bu il fevralın 21-də Prezident İlham Əliyev ölkəmizə turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam çərçivəsində bəzi öhdəliklər Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşür. Sərəncamın icrası ilə bağlı işlərə başlanılıbmı?
- Bu sərəncam ölkəmizə turistlərin axının sürətləndirilməsi, sərhədkeçmə prosesi zamanı yaranan vaxt itkisinin aradan qaldırılması, həmçinin yarana biləcək sıxlığın qarşısının alınması məqsədini daşıyır. Sərəncamın 6-cı bəndinin tələbinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sənayesi subyektləri məlumatlandırılıb, bu barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsində (http://mct.gov.az/tourism-info) yerləşdirilib, gömrük və miqrasiya qanunvericiliyi ilə tanış olmaları tövsiyə edilib.
Bununla yanaşı, Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”yə uyğun olaraq Azərbaycan Respublikası Turizm Şurası artıq fəaliyyətə başlayıb. Turizm Şurası turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə dövlət qurumları arasında ilkin olaraq çimərlik turizminin təşviqi, turizm statistikasının təkmilləşdirilməsi, sərhədkeçmə qaydalarının sadələşdirilməsi, turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması, turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi, liberal hava nəqliyyatı üzrə razılaşmaların əldə edilməsi istiqamətində işçi qruplarının yaradılmasını həyata keçirəcək.
- Azərbaycanda Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının yaradılması ilə bağlı qərar qəbul edilib. Bu istiqamətdə hansı işlər aparılır?
- “Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq olunub. Həmin qərara əsasən Xızı rayonunun 7969,22 hektar, Siyəzən rayonunun 14365,44 hektar, Şabran rayonunun 25833,78 hektar, Xaçmaz rayonunun 33832,40 hektar inzibati ərazilərində Xızı-Xaçmaz turizm və rekreasiya zonası, Quba rayonunun 3729,43 hektar inzibati ərazisində Quba turizm və rekreasiya zonası, Qusar rayonunun 14546,55 hektar inzibati ərazisində isə Qusar turizm və rekreasiya zonası elan olunub. Zonalar üzrə inventarlaşmanın aparılması məqsədilə aidiyyəti qurumların (ekologiya, əmlak məsələləri, yerli icra hakimiyyəti və bələdiyyə) nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Zonaların yaradılması məqsədilə “Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2016-2017-ci illər üzrə Fəaliyyət Planı” hazırlanıb, təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim edilib.
Turizm və rekreasiya zonalarının Baş inkişaf planlarının hazırlanması istiqamətində də işlər aparılır. Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının baş inkişaf planlarının hazırlanması məqsədilə xarici ekspertlərin cəlb olunması istiqamətində işlər həyata keçirilir. Belə ki, ilkin olaraq zonaya daxil olan ərazilərin 1:25000 miqyasında baş inkişaf planlarının hazırlanması ilə bağlı xarici ekspertlərin cəlb olunması üçün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də bu sahədə ixtisaslaşmış yerli və beynəlxalq şirkətlərlə danışıqlar aparılıb və onların aidiyyəti sahədə təcrübəsi ətraflı təhlil edilib.
- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra turizm marşrutları işlənib hazırlanıb. Bunlardan biri də “Bakı-Dağlıq Qarabağ” marşrutudur ki, hazırda bu, obyektiv səbəblər üzündən turistlərə təqdim edilmir. Bununla yanaşı, Azərbaycanın işğal olunmuş əraziləri turizm sənayesinin inkişafı üçün böyük potensiala malikdir. Dağlıq Qarabağın işğal altında olması səbəbindən Azərbaycanın itirdiyi vəsaitlə bağlı hesablamalarınız varmı?
- Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin turizm potensialına dəyən zərər çarpayıların sayına və mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirlərinə əsasən tərəfimizdən təqribi olaraq hesablanıb. İşğal altında olan rayonların turizmdən gələn gəlirlərinin real olaraq müəyyənləşdirilməsi mümkün olmadığı üçün artım tempi uyğun rayon, şəhərlə müqayisə əsasında müəyyən edilib.
Bununla bağlı 1991-ci ildən 2014-cü ilə qədər Ağdam, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Şuşa rayonlarının turizm sektoruna dəyən ziyan hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu”na göndərilib.
- Azərbaycanın işğal olunmuş əraziləri qaytarılarsa, Dağlıq Qarabağda turizm infrastrukturunun yaradılması məsələsi hansı müddətə həll oluna bilər?
- Torpaqlarımız qaytarıldıqdan sonra bölgəyə dəyən zərər öyrəniləcək, təkliflərin nəticəsinə uyğun olaraq ərazilərin strateji inkişaf planları hazırlanacaq, bundan sonra mütəxəssislər tərəfindən ərazilərin Baş inkişaf planı hazırlanacaq.
- Məlumdur ki, “Şahdağ” Turizm Mərkəzinin tikintisi dörd mərhələdə həyata keçirilir. Hazırda iki mərhələ tamamlanıb, digər mərhələlər isə yerli sahibkarların cəlb olunması ilə həyata keçməlidir. Sahibkarlarla hər hansı bir razılaşma əldə edilibmi? Layihə tam şəkildə nə zaman başa çatacaq?
- Hazırda hər hansı investorla razılaşma əldə edilməsə də, bu istiqamətdə işlər aparılır. Mərkəzin əsas layihəsində nəzərdə tutulan işlərin başa çatdırılması üçün özəl sərmayəçilərin araşdırılması, onlarla razılaşmanın əldə edilməsi əsas prioritetlərdəndir. Layihənin digər iki mərhələsinin təhvil verilməsi də məhz qeyd olunan amildən birbaşa asılıdır.
Əvvəldə qeyd edildiyi kimi, Strateji Yol Xəritəsinə uyğun olaraq investisiyalar üçün daha əlverişli mühitin yaradılması istiqamətində işlər gedir. İnanırıq ki, belə tədbirlər “Şahdağ” Turizm Mərkəzi kimi böyük layihələrin icrasına, turizm-rekreasiya zonalarının inkişafına özəl sərmayənin cəlb edilməsini daha da asanlaşdıracaq.
- Ümumilikdə, ölkədə turizm sahəsinin inkişafı üçün sərmayələrin cəlb edilməsi ilə bağlı hansı tədbirlər həyata keçirilir?
- Qeyd etdiyim kimi, dövlət başçısının “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərmanına əsasən investorun təşviqi sənədini almış sahibkarlıq subyekti turizm sahəsinə sərmayə qoyacağı halda ona təşviq sənədində müəyyən edilmiş güzəştlər tətbiq olunacaq. Bu da öz növbəsində turizm sahəsində biznes mühitinin stimullaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu fərmanın icrası turizm və rekreasiya zonalarında, regionlarda, müxtəlif kateqoriyalı yerləşdirmə vasitələrinin, xüsusilə 2-3 ulduzlu mehmanxanaların və hostellərin, eləcə də əyləncə xidmətlərinin yaradılmasına və turizm xidməti sahələrinin diversifikasiyasına əlverişli şərait yaradacaq.
Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmə dair bir neçə mövcud investisiya layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) təqdim olunub. Bu məqsədlə nazirlik tərəfindən həmin layihələrin təşviq olunması istiqamətində müvafiq işlər aparılır.
Turizm və rekreasiya zonalarının baş planları təsdiq edildikdən sonra turizm üzrə investorların cəlb edilməsi işi AZPROMO ilə birlikdə davam etdiriləcək.
- Azərbaycanda turizmin daha hansı növlərinin inkişafı planlaşdırılır?
- “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən yerli və regional turistlər üçün sağlamlıq turizmi üzrə tələbatın yenidən formalaşdırılması, qış turizminin inkişafının dəstəklənməsi, mədəni turizm marşrutlarının yaradılması və davamlı turizm potensialının gücləndirilməsi (kənd turizmi, ekoturizm və s.), habelə işgüzar turizmin (MİCE) inkişafı istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.
Məsələn, Naftalan Rusiya, Qazaxıstan və digər MDB ölkələrindən olan turistlər üçün unikal sağlamlıq turizmi məkanıdır. Son illərdə sağlamlıq turizmi məkanlarının, o cümlədən təbii üsulla müalicə sanatoriyalarının yenilənməsi istiqamətində bir sıra tədbirlər görülüb. 2010-cu ildə Naftalan şəhərindəki və 2013-cü ildə Şabran rayonundakı bir neçə sanatoriyanın spa və sağlamlıq mərkəzi kimi yenidən bərpası buna misal ola bilər.
Bununla yanaşı, sağlamlıq turizmini inkişaf etdirmək məqsədilə nazirliyin dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə dəstək İctimai Birliyi (AHTTSA) yaradılıb. Digər prioritet turizm növü hesab olunan qış turizminin inkişafı istiqamətində də işlər davam etdirilməkdədir. Əsas qış turizm məkanlarından olan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi (Qəbələ) və nazirliyin tabeliyində “Şahdağ” Turizm Mərkəzi (Qusar) yerli və xarici turistlər üçün xizəkçilik də daxil olmaqla, bir çox açıq hava idman növlərini təklif edir.
Bundan başqa, keçmişdə Qafqaz regionundan keçərək Avropa ilə Asiyanı birləşdirən qədim ticarət marşrutu şəbəkəsi olan “Böyük İpək Yolu” mədəni turizm marşrutu turistlər üçün cəlbedici olan əsas turizm məhsullarından biridir. Eləcə də müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri”, “Azərbaycanda polyak izləri”, “Babaların tarixi zəfər və şəhadət yolu” kimi mədəni turizm marşrutları yaradılmış, bir çox marşrutlar pasportlaşdırılmışdır. Strateji Yol Xəritəsi çərçivəsində qeyd olunan beynəlxalq mədəni turizm marşrutlarının müasir tələblərə uyğun olaraq yenidən tədqiq edilməsi və müvafiq infrastrukturun yaxşılaşdırılması planlaşdırılır.
Hazırda dünya turizm sənayesində kənd turizmi (yaşıl turizm) də müxtəlif turizm növləri arasında mühüm yer tutur. Ölkəmizdə kənd turizminin inkişafını təmin etmək üçün “Kənd yaşıl turizminin inkişafına dəstək” İctimai Birliyinin yaradılması nazirlik tərəfindən dəstəklənib.
Ümumiyyətlə, ölkəmizin turizm sahəsinin davamlı inkişafını təmin etmək məqsədilə digər turizm növləri üzrə də işlər sistemli şəkildə həyata keçirilir.
1news.az