Hikmət Hacıyev: Atəşkəs sülh deyil və ola da bilməz
4-5 may 1994-cü il tarixli Bişkek protokolunun imzalanmasından və ümumiyyətlə atəşkəs rejimi haqqında anlaşmadan artıq 24 il keçir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi müsahibədə bildirilir:
“Ermənistan təbliğatı atəşkəs rejiminin mahiyyətini təhrif etmək, sənədləri konteksdən çıxararaq yalnız öz maraqlarına uyğun olaraq təqdim etməkdə davam edir. İnstitusional yaddaş pozuntusundan əziyyət çəkən Ermənistan Xarici İşlər Nazirliyi bu mövzuda cavab verməkdə əziyyət çəkən zaman özünün təbliğat aləti olan keçmiş vasitəçi Vladimir Kazimirovun xidmətlərinə də müraciət edir.
Ümumiyyətlə, atəşkəs haqqında sənədlər siyasi vakuum şəraitində meydana gəlməyib və ondan əvvəl və sonra münaqişə ilə əlaqədar bir sıra sənədlər, o cümlədən BMT TŞ-nın məlum qətnamələri, ATƏT-in Budapeşt sənədi qəbul olunub.
874 (1993) saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan “TŞ-nın 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur. BMT TŞ-nın 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.
4-5 may 1994-cü il tarixli Bişkek protokolunda deyilir: ən intensiv şəkildə hərbi əməliyyatların başlamamasını, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını və qaçqınların geri qayıtmasını təmin edən hüquqi sənədin hazırlanması üçün iş başlanılsın və danışıqlar prosesi davam etdirilsin.
1994-cü il Budapeşt Sammitində üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT üzv ölkələrinin dövlət və hökumət başçıları) BMT TŞ-nın müvafiq qətnamələrinə öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara;....silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar ”
Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan 5 noyabr 1995-ci il tarixli “Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək istərdim. Bu sənəddə konkret olaraq müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər vardır.
Ermənistan bu sənədləri inkar etməyə və yalnız atəşkəs rejiminin bəzi epizodlarını gündəmə gətirməyə çalışır.
Hikmət Hacıyevin bildiridiyinə görə, atəşkəs sülh deyil və ola da bilməz:
“Atəşkəs davamlı sülhə nail olmaq üçün bir imkandır. Sənədlərdən göründüyü kimi atəşkəs rejimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə müşayiət olunan siyasi həll prosesinə başlamaq üçün zəmin yaratmalı idi. Ermənistanın yürütdüyü siyasətin və Minsk Qrupunun həmsədrlərinin qətiyyətsizliyinin nəticəsidir ki, atəşkəs 20 ildən artıq bir dövr ərzində münaqişənin siyasi həlli, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğal faktının aradan qaldırılması ilə regionda davamlı sülhün təmin olunması ilə nəticələnmədi. Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək və ilhaq etmək məqsədilə atəşkəs rejimindən sui-istifadə etməkdə davam edir.
Ermənistanın təxribatı ilə başlayan aprel döyüşləri vəziyyətin gərginliyini və kövrəkliyini hamıya bir daha göstərdi. Kövrək atəşkəs rejiminin davamlı sülhə çevrilməsini təmin etmək üçün BMT TŞ-nın qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə müşayiət olunan intensiv və substantiv danışıqlar aparılmalıdır”.
S.Xankişiyeva