Mübariz Əhmədoğlu: “ÜAK-ın ləğvinin gündəmə gəlməsi ermənilərin təxribatıdır”
“Ümumrusiya Azərbaycanlıları Konqresinin(ÜAK) ləğvi məsələsinin gündəmə gəlməsi Rusiyada yaşayan ermənilərin iki ölkənin münasibətlərinə qarşı təxribatıdır”.
Bunu 1news.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, son illərdə Rusiya Azərbaycan münasibətləri artan dinamik inkişafda olub və Ermənistan rəhbərliyi, ictimai siyasi mühiti, dünyadakı ermənilər, o cümlədən Rusiya erməniləri daimi olaraq bundan narazılıqlarını bildiriblər:
“Azərbaycana silah satmasına, ölkəmizlə bu qədər üstün münasibətdə olmasına görə Rusiyanın ünvanına çox tənqidlər səsləndirirlər. Yəni ermənilər Rusiya -Azərbaycan münasibətlərinin yaxşılaşmasını, istiləşməsini özləri üçün ciddi təhlükə kimi qəbul edirdilər. İndi son dövrlər baş verənlər göstərir ki, ordakı ermənilər belə demək mümkünsə, gücləniblər, çalışırlar ki, əllərində yaranmış imkanın hesabına Rusiyanın hakim elitasında müəyyən bir qrupu ələ alıb, onların vasitəsilə Rusiya- Azərbaycan münasibətlərinə zərbə vursunlar.
Rusiya hökumətinin daxili prosedur qaydasına görə, Ədliyyə Nazirliyi əgər hər hansı bir ölkənin diaspor qurumu ilə bağlı qərar qəbul edirsə, hökmən Rusiya Xarici İşlər Nazirliyi ilə məsləhətləşməlidir. Yəni ÜAK- la bağlı Ədliyyə Nazirliyinin qəbul etdiyi qərar mütləq Rusiya XİN-lə məsləhətləşdirilmiş qərardır.
Hətta deyərdim ki, Rusiya XİN-in ortaya atdığı bir ideyadır ki, bunu da Ədliyyə Nazirliyi vasitəsilə reallaşdırır. Özünüz də görürsünüz ki, Rusiya XİN-ın rəsmi nümayəndəsi Mariya Zaxarova son vaxtlar Azərbaycan mətbuatının ünvanına nələr demədi.
Yaxud mayın 9-da hərbi qələbə paradında Dağlıq Qarabağdakı separatçıların bayrağını qaldırdılar. Rusiya rəsmilərinin hərəkətləri hədsiz dərədəcə anlaşılmaz hərəkətlərdir. İkinci Dünya müharibəsində Dağlıq Qarabağdan müharibəyə gedənlər Azərbaycan SSRİ-nin vətəndaşları kimi gediblər. Rusiya rəsmiləri bunu belə dərk etmək istəmirlər. Ən vacibi budur ki, Rusiya rəsmiləri anlamalıdırlar ki, MDB-də Azərbaycan yeganə dövlətlədir ki, başqa bir MDB dövləti onun düşmənidir. Daimi olaraq Ermənistan bütün variantlardan istifadə edir ki, Rusiya Azərbaycan münasibətlərini korlasın, ümumiyyətlə Azərbaycana zərbə vursun.
Onların nəzərində Azərbaycana ən böyük zərbə məhz bu münasibətləri pisləşdirməkdir. Bu istiqamətdə fəaliyyət göstərirlər. İndi Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi başa düşməldiir ki, münaqişənin yubanması Moskvanın özünün ziyanınadır.
Rusiya həm təkbaşına, həm Minsk qrupunun həmsədri kimi çalışmalıdır ki, münaqişə həll olunsun. Münaqişənin həlli Mehri dəmiryolunun açılması deməkdir. Bu yolun açılması isə Rusiyanın həm Azərbaycanla, həm də Ermənistanla kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi deməkdir. E rmənilər Qarabağ münaqişəsinin tənzimlənməsini yubatmaqla Rusiyanın Cənubi Qafqaza artan marağının qarşısın alır.
Hesab edirəm ki, Rusiya rəsmilərinin emənilərin bu təxribatına uyması uzun çəkməyəcək. Çünki ÜAK-ın təməlini qoyanlar ümummilli lider Heydər Əliyev və hazırkı prezident Vladimir Putin olub. Düşünürəm ki, iki ölkə prezidentlərinin növbəti görüşündə bu məsələ yenidən gündəmə gələcək. Putin baş verənlər barədə ətraflı məlumat aldıqdan sonra ermənilərin təxribatına uyan Rusiya rəsmilərini cəzalandıracaq”.
Qeyd edək ki, mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın qeydiyyatının ləğvinə dair iddiasına da üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
Pərvanə Sultanova