ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? – ANALİZ | 1news.az | Xəbərlər
Siyasət

ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? – ANALİZ

17:30 - 16 / 05 / 2017
ÜAK-ın ləğvi Azərbaycan-Rusiya münasibətlərinə necə təsir göstərəcək? – ANALİZ

Azərbaycanla Rusiya arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib.

1news.az-ın məlumatına görə, Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıblar və bu siyasət hazırda da davam etdirilir.

Bununla yanaşı, Rusiyanın bəzi anti-Azərbaycan dairələri, dövlət orqanlarındakı ermənipərəst şəxslər, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemində yerləşmiş ermənipərəst şəxslərin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.

Mayın 15-də Rusiya Nazirliyinin iddiasına əsasən heç bir ciddi səbəb göstərilmədən bu ölkənin Ali Məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv etməsi isə bütün Azərbaycan ictimaiyyəti, Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən dərin təəssüf hissi və ciddi narahatlıqla qaşılanıb.

Ölkəmizin rəsmi qurumlarından tutmuş, ən sadə vətəndaşına qədər hər kəs bu qərara öz etirazını bildirməkdədir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsinin ciddi təəssüf və təəccüb doğurduğunu deyib.

XİN rəsmisinin sözlərinə görə, bu təşkilat Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynayıb. Konqresin nümayəndələri dəfələrlə Rusiyanın ali rəhbərliyi tərəfindən təltif edilib.

Siyasi müstəvidə milli azlıqların qeyri-hökumət təşkilatlarına münasibətdə, Konqresə qarşı bu cür ayrı-seçkilik münasibətinin göstərilməsini qeyri-dost addım kimi qiymətləndirən H.Hacıyev hesab edir ki, bu cür yanaşma Rusiyada millətlərarası münasibətlərin tarazlığına, ölkədə aparılan islahatların konsepsiyasına, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə xidmət etməməklə bərabər, Azərbaycan-Rusiya münasibətlərində müsbət əks-səda doğurmayacaq.

“Biz bu addımda Rusiya Federasiyasının vətəndaşları olan insanlara qarşı onların etnik mənsubiyyətinə görə ayrı-seçkilik və qərəzli münasibətlərin təzahürlərini görürük.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir sülh yolu ilə nizamlanmasına yönəlmiş danışıqlar prosesində əsas vasitəçilərindən biri kimi Rusiya Federasiyası öz üzərinə mühüm öhdəliklər götürüb. Bu öhdəliklərin vicdanla yerinə yetirilməsi, eyni zamanda, tələb edir ki, millətlərarası münasibətlərin tənzimlənməsi məsələsində balans qorunub saxlanılsın və ədalət prinsipi pozulmasın.

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi və Rusiya erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və Azərbaycan millətindən olan vətəndaşlarına qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər ki, bu da Rusiya Federasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik roluna mənfi təsir göstərə bilər”- deyə, H.Hacıyev qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsi də sözügedən məsələ ilə bağlı yaydığı bəyanatda çıxarılan qərarın iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin mahiyyətinə tamamilə zidd olduğu bildirilir.

“Azərbaycan və Rusiya arasında faydalı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi, xalqlarımızın və dövlətlərimizin qarşılıqlı dəstəyə daha çox ehtiyacı olduğu bir dövrdə qəbul olunmuş bu qərar ölkələrimiz arasında uzun illər ərzində formalaşmış etimada kölgə sala bilər.

Məhkəmənin qərarına hörmətlə yanaşmağın zəruriliyini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi Rusiya qanunvericiliyinə uyğun qaydada müvafiq məhkəmə instansiyalarına müraciət edəcək və ədalətin bərpa olunmasına çalışacaqdır. ÜAK-ın ləğvi ilə bağlı məhkəmə qərarına qanunvericiliyə uyğun şəkildə yenidən baxılması, tam obyektiv, ədalətli, ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edən hüquqi nəticənin əldə olunması istiqamətində bütün zəruri addımlar atılacaq”- deyə, bəyanatda vurğulanıb.

ÜAK-ın qeydiyyatının ləğv edilməsi Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı da geniş müzakirə olunub. Məsələdən narahatlıqlarını ifadə edən millət vəkilləri sözügedən qərarın ədalətsiz olduğunu bildirməklə yanaşı, onun Azərbaycanla Rusiya arasında münasibətlərə kölgə salacağını da xüsusi qeyd ediblər.

Millət vəkili, politoloq Rasim Musabəyov məsələ ilə bağlı 1news.az-a açıqlamasında bildirib ki, ÜAK-ın qeydiyyatının  ləğvi barədə qərar müəyyən mənada anti-Azərbaycan qüvvələr tərəfindən Azərbaycana qarşı təzyiq mexanizmidir.

 “Həmin qüvvələr ÜAK-dan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etmək istəyirdilər. Buna nail  olmadıqda isə çıxış yolu kimi qeydiyyatını ləğv etdilər. Lakin hələlik hiss olunur ki, bu, bir təzyiq  mexanizmidir.

 Hər bir halda qarşı tərəfə bu məsələ ilə bağlı mövqe çatdırılıb. İstənilən halda ÜAK-ın ləğvi  xoşagəlməyən bir addımdır və cavabsız qalmayacaq”- deyə, R.Musabəyov qeyd edib.

 Göründüyü kimi, ÜAK-ın qeydiyyatının ləğv olunması ilə bağlı qərar ədalətsiz olmaqla yanaşı, iki ölkə  arasında münasibətlərə də mənfi təsir göstərə bilər. Belə olan halda Rusiyanın dövlət maraqlarına  cavab verməyən belə bir qərarın hansı məqsədlə qəbul olunması sual doğurmaya bilməz.

 Görünür Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında  münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar.

 Məlum olduğu kimi, Rusiyada çoxmilyonlu azərbaycanlı icması yaşayır, onlar Rusiyanın ictimai-  siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir.

Bundan başqa Rusiyanın azərbaycanlı icması iki ölkə arasında siyasi, iqtisadi, mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının rəhnidir. Bu baxımdan sözügedən qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addım kimi də qiymətləndirilə bilər.

Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə də zidd olmaqla yanaşı, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır.

Xatırladaq ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılmış təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir. 

Heç şübhəsiz məhkəmənin ÜAK-la bağlı ədalətsiz qərar qəbul etməsi Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salmaqla yanaşı, Rusiyanın regiondakı fəaliyyətinə problem yaradacaq və onun bitərəf mövqeyinə kölgə salacaq.

Sual oluna bilər ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir?  Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi?

Bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası, o cümlədən  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov iştirak edib, həmçinin Prezident V.Putin ona təbrik məktubu göndərib. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv etdirir. Bu birtərəfli və əsassız yanaşmanın səbəbi nədir?  

Belə bir addım həm Rusiyadakı erməni lobbisinə diqqətin gücləndirilməsi, həm də  Ermənistana hərbi yardımın artırılması fonunda baş verirsə, demək Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk qrupunun həmsədri mandatına da kölgə düşür.

Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırırlar.

P.Sultanova, B.Cahandarov

Paylaş:
976

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər