Rumıniyanın xəbər agentliyi: 99 il əvvəl Azərbaycan İslam dünyasının ilk demokratik dövləti oldu
Rumıniyanın “Agerpres” milli xəbər agentliyində “99 il əvvəl Azərbaycan İslam dünyasının ilk demokratik dövləti oldu” sərlövhəli məqalə yer alıb.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, məqalə 28 May – Respublika Günü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən təqdim olunub.
Yazıda Azərbaycanın müstəqilliyini əldə etmək üçün keçdiyi çətin tarixi yoldan bəhs olunur. Bildirilir ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlamentli respublika elan olunub. Azərbaycanın ilk Parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib.
Məqalədə 1920-ci ilin aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğalı və 71 ildən sonra müstəqilliyini yenidən bərpa etdiyi qeyd olunub.
S.Xankişiyeva