Mübariz Əhmədoğlu: Həmsədrlər Sərkisyanın işğalçılığı möhkəmləndirmək kursunu dayandırmalıdır
2018-ci il aprelin 9-da S.Sərkisyan prezident vəzifəsini tərk etməlidir. Hakimiyyətdə qaldığı bu 10 ay ərzində S.Sərkisyan adını erməni tarixinə Qarabağ məsələsində kompromisə getməyən şəxs kimi salmaq istəyir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, son dovrlərdə fəaliyyətində bəzi istiqamətlər daha qabarıq görünür:
I. S.Sərkisyan Raket və artilleriya qoşunlarının rəisini dəyişdi. Ermənilərin hərbi mövzulu bəyanatlarının təhlilindən Ermənistan ordusunda ən çox uğur qazanan sahə raket qoşunlarının olması başa düşülürdü. “İskəndər”, “Smerç”, OSA” və s. Raket və artilleriya qoşunlarının rəisinin dəyişdirilməsinin səbəbi “OSA” ZRK-nın Azərbaycanın işğal olunmuş ərazilərində quraşdıra bilməməsidir. Azərbaycan ordusu raket zərbəsi ilə Ermənistanın “OSA” ZRK-nı dağıtdı. S.Sərkisyan bunun günahını raket qoşunlarının komandirində gördü.
II. Xocalı aeroportundan Şuşaya aviauçuşların təşkil olunması heç bir turistik və ya humanitar mahiyyət kəsb etmir. S.Sərkisyan öz hikkəsini yeridir. Pilotlar bu təyyarələri 600 metr hündürlükdən aşağıda, təmas xəttindən 15 km uzaqlıqda idarə edirlər. Bu aviauçuşlar hərbi təxribat yaradan faktordur. Bu faktoru neytrallaşdırmaq üçün Azərbaycanın əlində bir neçə imkan var; Pilotsuz uçuş aparatları Dağlıq Qarabağ səmasında uçan həmin təyyarələri “müşayət” etməklə çox ciddi effekt yarada bilərlər. Ermənistan HHM öz təyyarələrinin yanında Azərbaycanın pilotsuz uçuş aparatını vura bilməyəcək. Belə pilotsuz aparatlarının da manevr imkanları genişdir.
III. “Azərbaycanın alma ordusu” Ermənistanın daxilinə zəfər yürüşü edərək “S.Sərkisyanın Qarabağ məsələsində kompromissiz şəxs” imicinə qarşı mübarizə aparır. S.Sərkisyan yüksək çinli sərhəd-gömrük rəhbər işçilərini azad edir. Böyük bir qrup həbsdədir, həbslər davam edəcək.
IV. S.Sərkisyan Rusiyada ələ aldığı bəzi şəxslərlə Dağlıq Qarabağ danışıqlarınin indiki mərhələsi barədə çaşdırıcı rəy yaratmaqla məşğuldur. Yenilənmiş Madrid Prinsiplərində birinci maddə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasıdır. S.Sərkisyan isə statusun müəyyən olunmasını arzulayır. Vəziyyəti belə aslı vəziyyətdə saxlamaqla o prezidentlik dövrünü başa vura bilər. ATƏT MQ həmsədrləri Dağlıq Qarabağın statusunun müəyyənləşməsi mexanizminin reallaşmasından başlayan yol xəritəsinin hazırlanmasına nail olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində statusun müəyyən olunması mexanizmindən başlamaqda S.Sərkisyan maraqlıdırsa, o zaman Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri arasında dialoq platformasının yaradılmasına təcili başlamalıdır. Buna cəmi bir neçə gün vaxt lazımdır.
Həmsədrlər analitik təhlillərə möhtacdırlar. Azərbaycan ictimai-siyasi mühitində Dağlıq Qarabağ tənzimlənməsinə dair analitik materialların sayı çoxdur və bundan sonrada bu iş davam etdiriləcəkdir. Həmsədrlərin təkcə S.Sərkisyanın davranışına obyektiv analitik kimi yanaşsalar, onlara hər şey aydın olacaq.
Babək Cahandarov