İlham Əliyev “Statoil” şirkətinin icraçı vitse-prezidentini qəbul edib
Prezident İlham Əliyev mayın 30-da “Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın uzun illərdir Statoil şirkəti ilə uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı şirkətin baş icraçı direktoru Eldar Saetre ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Bakıda keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev Statoil şirkətinin ənənəvi olaraq bu sərgidə iştirak etdiyini vurğuladı.
“Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Respublika Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin önəmini qeyd edən Lars Kristian Baxer şirkətin nümayəndə heyətinin bu tədbiri səbirsizliklə gözlədiyini dedi.
“Statoil” şirkətinin SOCAR ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayan Lars Kristian Baxer şirkətin “Azəri-Çıraq-Günəşli” layihəsində iştirakından böyük məmnunluq hissi keçirdiklərini vurğuladı.
Görüşdə Azərbaycan ilə “Statoil” şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Babək Cahandarov