Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, yağış və dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 31-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 24-29, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-19, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 31-də Abşeron yarımadasında komfort temperatur rejiminə yaxın hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, iyunun 1-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlıq yarada bilər.
Meteoroloqların xəbərdarlığına görə, mayın 31-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 3-ü axşamadək davam edəcək.
Babək Cahandarov