Ermənistan BMT Komitəsinin sessiyasında ifşa olundu | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan BMT Komitəsinin sessiyasında ifşa olundu

13:37 - 31 / 05 / 2017
Ermənistan BMT Komitəsinin sessiyasında ifşa olundu

24 aprel-12 may 2017-ci il tarixlərində Cenevrədə BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 92-ci sessiyası keçirilib.

1news.az-ın məlumatına görə, sessiya çərçivəsində 27 və 28 aprel tarixlərində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT Konvensiyası”nın Ermənistan tərəfindən yerinə yetirilməsinə dair bu ölkə tərəfindən Komitəyə təqdim edilmiş yeddinci-on birinci birgə dövri məruzə nəzərdən keçirilib.

27 aprel tarixində keçirilən ilkin təqdimatı zamanı Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimyan məruzənin xülasəsini təqdim edib.

Ermənistan tərəfinin məruzəsindən sonra bir sıra Komitə üzvləri tərəfindən məruzəyə münasibət bildirilib, habelə Əlcəzair nümayəndəsi Əmir Nureddin mənfi hal olaraq irqi ayrı-seçkilik zəminində qaldırılmış cinayət işlərinin sayının az olmasına diqqəti çəkib.

Ermənistan tərəfindən insan hüquqları sahəsində bir çox beynəlxalq sazişin ratifikasiya edilməməsi də daxil çoxsaylı tənqidi məqamlar səsləndirilib, eyni zamanda   Pakistan və Mavriki nümayəndələri Ermənistan ərazisində hal-hazırda hansı sayda azərbaycanlının yaşadığını sorğu ediblər.

Pakistan nümayəndəsi keçmiş səfir Ənvər Kamal ötən əsr ərzində Ermənistan ərazisində sayları yüz minlərlə olan azərbaycanlıların Ermənistanda 2011-ci ildə keçirilən əhalinin siyahıya alınmasının rəsmi nəticələrinə əsasən “0” (sıfır) olaraq qeyd edilməsinin səbəbləri ilə maraqlanıb.

Bundan əlavə, Pakistan nümayəndəsi Ermənistan əhalisinin sürətlə azalmasının və ölkədə müsəlman mənşəli milli azlıqların mövcud olmasına baxmayaraq, rəsmi statistikaya əsasən ölkədə cəmi 812 müsəlman mənşəli əhalinin olmasının səbəblərini sorğu edib. Çıxışın sonunda isə pakistanlı Komitə üzvü Ermənistana qonşu ölkələrlə xoş münasibətlər qurmağı arzulayıb və Ermənistan əhalisinin gələcək rifahının da məhz bu münasibətlərin xarakterindən asılı olduğunu vurğulayıb.

Mavriki nümayəndəsi isə çıxışında azərbaycanlılarla yanaşı Afrika mənşəli Ermənistan vətəndaşlarının da rəsmi statistikada mövcud olmamasını irqi ayrı-seçkilik nəticəsində baş verə biləcəyi ehtimalını qeyd edib və əhalisinin 98.3%-ni ermənilərin təşkil etdiyi Ermənistan cəmiyyətinin kifayət qədər homogen bir cəmiyyət olduğunu bildirib. Bundan əlavə o, sığınacaq və qaçqın statusu verilən şəxslər barədə qərar verilərkən müsəlman və Afrika mənşəli şəxslərə münasibətdə mövcud olan ayrı-seçkilik halları ilə bağlı QHT-lər tərəfindən səsləndirilən iddialara Ermənistan tərəfinin münasibət bildirməsini tələb edib.

Digər Komitə üzvləri daha çox erməni apostol kilsəsi ilə bağlı fənnin hansı səbəblərdən milli azlıqlara da məcburi qaydada tədris edildiyini sual ediblər.

Müzakirələrin ilk günü qaldırılan məsələlərə növbəti gün reaksiya bildirən Ermənistan nümayəndə heyətinin rəhbəri Ermənistanda bir nəfər belə azərbaycanlının yaşamamasının səbəbləri ilə bağlı suala cavabında əhalinin siyahıya alınması zamanı sorğuda iştirak edən şəxslər tərəfindən etnik mənsubiyyətləri ilə bağlı hansı məlumat təqdim edilərsə onun əsas götürüldüyünü qeyd edib.

Bununla o, guya Ermənistan ərazisində azərbaycanlıların yaşadığının istisna edilmədiyini nəzərdə tutmaq istədiyini nümayiş etdirib. Təəssüf ki, nazir müavini bu məqamda insanların hansı səbəbə, nədən çəkinərək öz milli kimliklərini gizlətdiklərinə aydınlıq gətirməyib.

Ermənistanda 812 müsəlmanın olması ilə bağlı statistik məlumatın bəlkə də düzgün olmadığını, ən azından kürdlərin əksəriyyətinin müsəlman olduğunu qeyd edən Ermənistan xarici işlər nazirinin müavini, bununla belə, hər halda həmin kürdlərin də siyahıyaalma zamanı özlərini müsəlman olaraq təqdim etmədiklərini diqqətə çatdırıb.

Qaçqınlar və siyasi sığınacaq alanların statistik tərkibi ilə bağlı suala cavabında Ermənistan nümayəndəsi Afrika mənşəli cəmi 3 vətəndaşa bu statusların verildiyini bildirib.

Erməni apostol kilsəsi ilə bağlı fənnin məcburi tədrisinə münasibət bildirərkən isə Ermənistan nümayəndə heyəti kilsənin hələ dövlətin mövcud olmadığı vaxtlarda ermənilərin həyatında oynadığı vacib rolu nəzərə alaraq həmin fənnin din yox, tarix fənni olaraq tədris edildiyini vurğulayıb.

Aşot Hovakimyan Suriyadan məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüş Suriya erməniləri ilə bağlı faktlara, Ermənistan hökumətinin bu siyasətinin beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud pozuntusu olması ilə yanaşı, bütün insan hüquqları prinsiplərinə də zidd olduğuna münasibət bildirməyib. Aydındır ki, qaynar münaqişə ocağından daha təhlükəsiz həyat yaşamaq üçün qaçan şəxslərin başqa bir qaynar münaqişə ərazisində yerləşdirilməsinin Ermənistanın öz siyasi ambisiyaları üçün insanların həyatını heçə saymasını sübut edir.

Ermənistanın məruzəsi ilə əlaqədar tərtib olunan yekun tövsiyələrə nəzər saldıqda kifayət qədər çox sayda tənqidi məqamların əks olunduğu nəzərə çarpır.

Belə ki, tövsiyələrin “Narahatlıqlar və tövsiyələr” adlı hissəsində 10 narahatlıq və 19 tövsiyə əksini tapıb ki, bunlar həm qanunvericilik sahəsində boşluqları, həm də praktiki sahədə mövcud problemləri əhatə edir.

Sənədin 17-ci bəndində Suriyadan gələn qaçqınlara müvafiq status verilməsində tətbiq olunan irqi, dini və etnik ayrı-seçkilik hallarından (yalnız erməni mənşəli suriyalıların qəbul edilməsi) narahatlıq ifadə olunur.

Yekun tövsiyələrdə diqqət çəkən digər məqam isə Afrika mənşəli şəxslərə münasibətdə müşahidə olunan irqi ayrı-seçkilik halları ilə bağlı narahatlıqdan qaynaqlanan 27-ci tövsiyədir ki, orada da BMT Baş Assambleyasının 68/237 saylı və 69/16 saylı qətnamələrinə istinadən 2015-2024-cü illər arası dövrün BMT tərəfindən “Afrika mənşəli insanların beynəlxalq onilliyi” elan edildiyi və bu çərçivədə Ermənistan tərəfindən görülən işlərə dair məlumatın növbəti milli hesabata daxil edilməsinin tələb olunduğu qeyd edilir. Həm bir sıra ölkələrin, o cümlədən Ermənistanın vətəndaş cəmiyyəti təşkilatları, həm də komitə üzvləri Ermənistanda Afrika mənşəli insanlara qarşı kifayət qədər ayrı-seçkilik olduğu qənaətindədirlər.

Göründüyü kimi hər dəfə Ermənistanla bağlı tövsiyələrin mətni tənqidi ruhda formalaşdırılsa da, bu ölkə öz işğalçı və ayrı-seçkilik siyasətindən əl çəkmir. Beynəlxalq birlik də bu “cığal” körpənin nazı ilə oynamaqda davam edir.

1news.az

Paylaş:
477

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər