Elmar Məmmədyarov Kolumbiya prezidenti ilə görüşüb – FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, ilk olaraq, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Kolumbiya Respublikasının Prezidenti cənab Xuan Manuel Santosa çatdırdı. Xuan Manuel Santos onun salamları və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi.
Kolumbiya prezidenti Xuan Manuel Santos Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu qeyd etdi və ölkəmizdə son illərdə əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirdi. Həmçinin, o ilk fürsətdə məmnuniyyətlə Azərbaycan Respublikasına səfər edəcəyini qeyd etdi.
Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edildi və sözügedən əlaqələrin daha da inkiaşf etdirilməsi üçün böyük potensialın olduğu vurğulandı. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı və bu xüsusda ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulandı.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
S.Xankişiyeva